Azərbaycanda bölgələrdə müəllim və həkim çatışmazlığı problemi illərdir gündəmdə qalmaqdadır. Xüsusilə kənd və ucqar rayonlarda bu sahələr üzrə ixtisaslı kadrların azlığı həm təhsilin, həm də səhiyyənin keyfiyyətinə birbaşa təsir göstərir. Problemin həlli ilə bağlı müxtəlif təkliflər səsləndirilsə də, hələ də vahid və effektiv mexanizm formalaşmayıb. Bəs bu çatışmazlığın əsas səbəbi nədir və vəziyyətdən çıxış yolu haradadır? Mütəxəssislər niyə bölgələrə yox, paytaxta üstünlük verirlər? Təkcə maaş artımı ilə həkim və müəllimləri bölgələrdə saxlamaq mümkündürmü? Gənc mütəxəssislərə torpaq sahəsi və ya güzəştli mənzil verilməsi bu problemi həll edə bilərmi?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi SİA-ya açıqlamasında bildirib ki, bölgələrdə təkcə müəllim deyil, eyni zamanda digər sahələrdə də çatışmazlıq mövcuddur:
“Amma xüsusilə bölgələrdə müəllimlərin olması böyük əhəmiyyət kəsb edir.
Bəs müəllimlər nə üçün bölgələrdə fəaliyyət göstərməyə üstünlük vermirlər? Bunun bir çox səbəbi var. Birinci növbədə, təbii ki, onlar maddi vəziyyətə, yəni əməkhaqqı məsələsinə baxırlar. İkinci növbədə isə dərs saatları az olduğu üçün bu da əməkhaqqına təsir göstərir. Çünki onlar orada ev kirayələməli və yaşamalıdırlar.
Az əməkhaqqı ilə yaşayış şəraitini yaxşılaşdırmaq və ya uyğunlaşdırmaq mümkün olmur. Bu səbəbdən də bölgələrə meyil edən müəllimlərin sayı azdır. Əsasən, həmin bölgələrdən olan və ali təhsil alan şəxslər öz doğma rayonlarında qalmağa üstünlük verirlər, digərləri isə daha çox paytaxta üz tuturlar.
Paytaxta üstünlük vermələrinin səbəbi isə şagird sayının çox olması, məktəblərin sayının artıq olmasıdır. Eyni zamanda onlar repetitorluq fəaliyyəti ilə məşğul olmağı da düşünürlər. Bundan başqa, paytaxtda sosial mühitin və sosial aktivliyin daha geniş olması onları Bakıya yönəldir.
Biz, təbii ki, bölgələrdə mütəxəssislərin çalışması üçün müəyyən həvəsləndirici addımlar atmalıyıq. Düşünürəm ki, bölgələrdə işləyən müəllimlər üçün əlavə əməkhaqqı artımı nəzərdə tutula bilər. Hazırda müəyyən həvəsləndirici tətbiqlər var, amma bunların daha da genişləndirilməsinə ehtiyac duyulur.
Məsələn, müəllimlərin güzəştli ipoteka ilə mənzil əldə etməsi üçün daha əlverişli şərtlər yaradılması, əlavə aylıq təqaüd və ya bonusların verilməsi bölgələrə marağı artıra bilər. Belə həvəsləndirici qərarlarla bölgə məktəblərində işləmək istəyən müəllimlərin sayına təsir etmək mümkündür.
Burada təkcə əməkhaqqı məsələsi rol oynamır. Dediyim kimi, əlavə alternativ tədbirlər görülməlidir ki, müəllimlər, həkimlər və digər mütəxəssislər bölgələrdə çalışmağa maraqlı olsunlar. Əvvəllər mənzillə təminat və ya torpaq sahəsinin verilməsi kimi təşviqlər də tətbiq olunurdu. Bunlar da vacib şərtlərdir.
Qaldı ki, pensiya yaşını artırmaqla bölgələrdə kadr çatışmazlığının qarşısını almaq məsələsinə, düşünmürəm ki, bu, effektiv həll yolu olsun. Çünki bizim üçün əsas məqsəd təhsildə keyfiyyəti artırmaq və daha yüksək nəticələr əldə etməkdir. Lakin məlum olduğu kimi, pensiya yaşına çatmış bəzi müəllimlər müasir dövrün çağırışlarına tam cavab verə bilmirlər. Xüsusilə informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərinin zəif olması yeni dövrün tələblərinə uyğun nəticə verməyə mane olur.
Bu səbəbdən əsas diqqət həvəsləndirici qərarların qəbul edilməsinə və gənc müəllimlərin həmin ərazilərdə yaşayıb işləməsinin təmin olunmasına yönəlməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB