Şagirdlərin buraxılış imtahanlarından gileyi nə ilə bağlıdır? - EKSPERT AÇIQLADI

Buraxılış imtahanı ilə bağlı son günlərdə narazılıqlar getdikcə artıb. Şagirdlərin buraxılış imtahanlarından gileyi nə ilə bağlıdır? Çətinlik, stress, yoxsa hazırlanma səviyyəsi?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, hər il buraxılış imtahanlarından sonra həm sosial mediada, həm də mətbuatda bu məsələlər geniş müzakirə olunur və bu dəfə də istisna olmadı:

“Ümumilikdə ortaya çıxan mənzərə ondan ibarətdir ki, sualların tərtibatı ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən həm riyaziyyat, həm Azərbaycan dili, həm də xarici dillərin dinləmə tapşırıqları ilə bağlı bəzi hallar müşahidə olunub. Bu hallar kütləvi olmasa da, müəyyən narazılıqlara səbəb olub.

Buna görə də narazılıq ifadə edən valideynlər və şagirdlər bu dəfə əvvəlki illərlə müqayisədə bir qədər fərqli ittihamlar səsləndirirlər. Onların fikrincə, bəzi şagirdlər hazırlıq kurslarında və ya repetitor yanında keçirilən sınaq imtahanlarında daha yüksək nəticə göstərsələr də, Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında eyni nəticəni əldə edə bilmirlər.

Öz növbəsində repetitorlar və kurs rəhbərləri də Dövlət İmtahan Mərkəzini ittiham edirlər. Onların sözlərinə görə, açıq tipli sualların çətinlik səviyyəsi yüksək olub və daha çox məntiqə əsaslanıb. Bu isə nəticələrin ürəkaçan olmamasına səbəb olub.

Şagirdlərin oxuyub-yaza bilməməsi və buna baxmayaraq imtahana buraxılması məsələsinə gəldikdə isə bu, bir qədər fərqli mövzudur. Məlum olduğu kimi, Azərbaycan 2008-ci ildən kurikulum sisteminə keçib. Bu sistemə görə, iki alan şagird belə attestat ala bilir.

Yəni buraxılış imtahanından iki qiymət alan şəxslər üçün attestat almaqla bağlı məhdudiyyət yoxdur. Bu isə qiymətləndirmə sistemində müəyyən qüsurların olduğunu göstərir. Belə hallarda müəllim nüfuzu məsələsi də gündəmə gəlir, çünki şagird artıq müəllimin qiymətləndirməsindən çəkinmir.

Şagird yalnız o halda attestat ala bilmir ki, onun dərslərə davamiyyəti zəif olsun və ya ümumiyyətlə dərslərdə iştirak etməsin. Digər hallarda isə, iki qiymət alsa belə, attestat alacağına əmindir. Bu səbəbdən oxumayan şagirdlərə bəzən müəllimlər tərəfindən də kifayət qədər diqqət göstərilmir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə