Kollec məzunlarının işə düzəlmə problemi: SƏBƏB NƏLƏRDİR? - TƏHSİL EKSPERTİ AÇIQLADI
Kollec təhsili alan şəxslərin iş dünyasına inteqrasiyası bəzən müəyyən çətinliklərlə müşayiət olunur. Bəs, bunun əsas səbəbi nələrdir?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli bildirib ki, 2025-ci ildən etibarən Azərbaycanda kolleclərdə pedaqoji kadrların hazırlanması ilə bağlı bəzi ixtisaslar ləğv olunub və artıq bu sahələr üzrə qəbul həyata keçirilməyib.
Onun sözlərinə görə, lakin bu hal yanlış şəkildə təfsir olunmamalıdır:
“Yəni, bu qərar indiyə qədər həmin ixtisaslar üzrə təhsil almış və məzun olmuş şəxslərin əmək bazarında şanslarının azaldığı və ya iş yerlərinin olmayacağı anlamına gəlmir. Əksinə, bu şəxslər öz ixtisaslarına uyğun olaraq müxtəlif təhsil və digər sahələrdə fəaliyyət göstərə, müvafiq qaydalara əsasən işlə təmin oluna bilərlər. Burada əsas məsələ, kolleclərin hazırkı imici və cəmiyyət tərəfindən necə qəbul olunmasıdır. Təəssüf ki, son illərdə kolleclərə münasibət bir qədər mənfi yöndə formalaşıb. Əmək bazarında kollecdən məzun olan şəxslərin işə qəbul prosesi zamanı çətinliklərlə qarşılaşdıqları müşahidə olunur. İşəgötürənlər tez-tez düşünürlər ki, kollecdə verilən bilik və praktiki baza həmin şəxsin peşəkar şəkildə işə başlaması üçün yetərli deyil. Bu isə kollec məzunlarının iş tapmaq imkanlarını xeyli məhdudlaşdırır”.
Məzahir Məmmədli fikirlərinə davam edərək həmçinin qeyd edib ki, hazırda kolleclərlə bağlı bir sıra islahatlar həyata keçirilməkdədir: “Rəhbərlik dəyişiklikləri, tədris prosesinin yenilənməsi, infrastrukturun təkmilləşdirilməsi kimi addımlar atılır. Lakin bu dəyişikliklərin real və gözlə görünən nəticələri hələ ki özünü büruzə vermir. Təhsilin keyfiyyəti, məzunların hazırlıq səviyyəsi və onların əmək bazarına inteqrasiyası baxımından hələ də ciddi boşluqlar mövcuddur. Bu vəziyyətdən çıxış yolu kimi təklif edilə bilər ki, "kollec" anlayışı ləğv olunsun və bu təhsil müəssisələri universitetlərin tərkibində fəaliyyət göstərən subbakalavr pilləsi kimi yenidən qurulsun. Belə bir model, həm təhsil keyfiyyətinin yüksəldilməsinə, həm də kolleclərə olan münasibətin dəyişməsinə səbəb ola bilər. Universitetlərin nəzdində fəaliyyət göstərən subbakalavr proqramları vasitəsilə tələbələr daha güclü elmi və praktiki baza ilə təmin oluna, eyni zamanda universitet mühiti onların peşəkar inkişafına müsbət təsir göstərə bilər. Bundan əlavə, kolleclərdə təhsil alan tələbələr üçün daha geniş təcrübə imkanlarının yaradılması, işəgötürənlərlə əməkdaşlığın artırılması, və tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması vacibdir. Bu addımlar həm kolleclərin nüfuzunu artırar, həm də məzunların iş tapmaq ehtimalını yüksəldər”.
Bütün xəbərlər Facebook səhifəmizdə