Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda BMT-nin rəsmi dillərinin özünəməxsusluğu və zənginliyinə diqqət cəlb etmək məqsədilə, eləcə də BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilmiş “Çin dili günü”nə həsr olunmuş bayram tədbiri keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, universitetdən bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışaraq, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb.
Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafından, Azərbaycan və Çin dillərinin, mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı Konfutsi İnstitutunun proqramlarının həyata keçirilməsindən söz açıb.
O, ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın fəal iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib. R.Abbasov Azərbaycanda Çin dilin öyrənilməsi üçün nəşr olunan metodik vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyinin əhəmiyyətini də diqqətə çatdırıb. O, Konfutsi İnstitutu Çin dilinin tədrisi üçün mühüm platformaya çevriləcəyinə və ənənəvi Çin-Azərbaycan dostluğunun möhkəmlənməsinə, iki ölkə arasında təhsil və humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanda peşəkar çinşünaslıq təhsilinin inkişafına töhfə verəcəyinə əmin olduğunu ifadə edib.
Azərbaycanlı gənclərin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən Rafiq Abbasov rəsmi Çin dili test mərkəzinin işi barədə danışaraq, Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanlarının keçirildiyini bildirib. O, vurğulayıb ki, HSK, HSKK beynəlxalq sertifikatların alınması tələbələr üçün Çin Xalq Respublikasında təqaüdlə təhsil almağa, eləcə də bu ölkənin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır. ADU-nun Konfutsi İnstitutunun bazasında Çin dilinin tədrisinin genişləndirilməsinə yeni təkan verən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul edilib. Bu sənəddə dil mübadiləsi sahəsində əməkdaşlığın inkişafı ilə yanaşı, iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisi təşviq edilir, Konfutsi institutlarının inkişafına dəstək verilməsinə böyük əhəmiyyət verilir.
R.Abbasov Çin dili tarixi haqqında məlumat verərək, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələrdən də danışıb.
Tədbirin sonunda ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələri rəngarəng konsert proqramı ilə çıxış edib, proqramda ənənəvi Çin musiqi alətlərində milli Çin mahnı və melodiyaları səsləndiriblər.
Sonra Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı, kağız kəsimi, Çin şahmatı, düyün vurulması sənəti mövzularında ustad dərsləri keçiblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunmuş Çin dilində kitabların sərgisi da təşkil olunub.
Sonda qonaqlar məşhur Çin çayının dəmlənməsi mərasimində iştirak edib, dünyada məşhur olan yaşıl çayın ətrindən və dadından zövq alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə