Müəllim-şagird münasibəti necə olmalıdır? - EKSPERT DANIŞDI

"Müəllimlər və şagirdlər arasındakı münasibət təhsil prosesinin təməlini təşkil edir. Bu münasibət qarşılıqlı hörmət və anlayış üzərində qurulmalıdır. Lakin son illərdə şagirdlərin davranışlarında müşahidə olunan pozuntular, internet və sosial şəbəkələrin təsiri ilə daha da dərinləşib. Müəllimlik kimi müqəddəs peşə artıq daha çətin və stressli bir işə çevrilib. Müəllimlər təkcə bilik ötürən deyil, eyni zamanda sinifdə nizam-intizamı təmin etməyə çalışan insanlar rolunu oynayırlar". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, şagirdlərin davranış pozuntuları və sosial şəbəkələrin təsiri ciddi bir problemdir: "İnternet, sosial media və digər rəqəmsal platformalar şagirdlərin diqqətini yayındırmaqla yanaşı, onlarda mənfi davranışları da gücləndirir. Valideyn nəzarətinin azalması və ailə mühitində düzgün tərbiyənin olmaması şagirdlərin məktəb mühitində müəllimə və sinif yoldaşlarına qarşı hörmətsiz davranışlarını artırır. Bu, müəllimlərin sinifdə öyrənmə mühitini təmin etməsini çətinləşdirir".

Kamran Əsədov sözlərinə belə davam edib: "Müəllimləri müdafiə etmək zəruridir, çünki onlar təhsilin yükünü daşıyır və cəmiyyətin gələcəyini formalaşdıran insanlardır. Müəllimlərin üzərinə düşən yük təkcə dərs keçməklə məhdudlaşmır; onlar həm də şagirdlərin mənəvi və sosial inkişafını dəstəkləməyə çalışırlar. Amma əgər bir müəllim sinifdə hörmətsizlik və nizam-intizam pozuntusu ilə üzləşirsə, bu, onun həm psixoloji vəziyyətinə, həm də peşəkar fəaliyyətinə mənfi təsir göstərir.

Müəllim-şagird münasibətlərini bərpa etmək və gücləndirmək üçün bəzi əsas addımlar atılmalıdır:

• Valideynlər övladlarına daha çox diqqət ayırmalı, onların tərbiyəsinə məsuliyyətlə yanaşmalıdırlar. Müəllimin işi öyrətməkdir, tərbiyə vermək deyil.

• Məktəblərdə nizam-intizam qaydaları gücləndirilməli, şagirdlərin məsuliyyətsiz davranışlarına qarşı tədbirlər görülməlidir.

• İnternet və sosial şəbəkələrin təsirini azaltmaq üçün şagirdlər arasında rəqəmsal savadlılıq və düzgün istifadə vərdişləri aşılanmalıdır.

• Müəllimlərin hüquqları qorunmalı və onların iş şəraiti yaxşılaşdırılmalıdır. Müəllimlər təkcə tənqid olunmamalı, həm də dəstəklənməlidirlər.

Nəticədə, müəllimlərə cəmiyyətdə daha çox hörmət və dəstək göstərilməlidir. Əgər biz müəllimləri tək qoyub yalnız tənqid etsək, təhsilin gələcəyini təhlükəyə atmış olarıq. Müəllimlər təkcə bilik ötürən deyil, həm də dəyərlər formalaşdıran şəxslərdir. Onları qorumaq və dəstəkləmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə