Turizm immunitetli bir sahədir. Ətrafda baş verənlər bu sahəyə tez bir zamanda təsir etdiyi kimi, fəsadların aradan qaldırılması ilə onun bərpası da qısa müddətdə reallaşır. Bunun əsas səbəbi turizmin birbaşa insan faktoru ilə bağlılığıdır. İnsan övladı səyahət etməyi, gəzməyi, yeni-yeni turizm destinasiyaları, müxtəlif ölkələrin tarixi, mədəniyyəti ilə tanış olmağı hər zaman arzulayır və qarşılaşdığı çətinliklərə, maneələrə rəğmən, bunu həyata keçirir.
Dünya Turizm Təşkilatının statistikasına əsasən, hər il səyahət etmək istəyənlərin təxminən 30-35 faizi istirahət mərkəzlərinə məhz qış ayında üz tuturlar. İsveçrə, Skandinaviya ölkələri, Çexiya, ABŞ, Kanada və Rusiya qış turizminin inkişaf etdiyi ölkələr sırasındadır.

Payız tətilinə gəlincə, bu mövsümdə səyahətlər çox vaxt diqqətdən kənarda qalır.
Payızda səyahət etmək üçün yer seçərkən logistika və qiymətlər böyük əhəmiyyət kəsb edir.
2022-ci ilin payızında turların qiymətləri
Müxtəlif kateqoriyalı turistlər üçün geniş çeşiddə tətil qiymətləri mövcuddur. Ekspertlər qeyd edir ki, büdcəli turlar qısa uçuşlarla seçilir. Və təyinat ölkə sərhədlərindən nə qədər uzaq olarsa, qiymət etiketi bir o qədər bahalaşır.
Turistlər aviaşirkətlərin və turoperatorların əlavə xərcləri səbəbindən 2022-ci ilin payızında bir çox turları baha qiymətinə köklənirlər. Araşdırmalara görə payız-qış dövründə qiymətlər ötən illə müqayisədə təxminən 20-30% artacaq.
Bəs ölkəmizdə payız-qış turizmlə bağlı hansı işlərlər görülür?
SİA mövzu ilə bağlı araşdırma edib.

İlin əvvəlindən etibarən aparılan marketinq və təbliğat tədbirlərinin nəticəsi olaraq yay aylarında turizm sənayesində xeyli canlanmanın şahidi olduq. Yanvar-oktyabr ayları ərzində Azərbaycana 1 milyon 323 mindən çox xarici ziyarətçi gəlib ki, bu rəqəmin 2019-cu ilin rəqəmləri ilə müqayisəsi turizmin təxminən 50 faiz bərpa olunduğunu deməyə əsas verir.
Bütün dünyada turizm üçün daha passiv olan dövr hesab edilən payız aylarını nəzərə alaraq ilin sonunadək xarici ziyarətçilərin sayının 1 milyon 400 minə çatacağını proqnozlaşdırmaq olar. Bununla belə turizmin tam bərpası bir sıra çox vacib amillərin mövcudluğundan asılıdır. Hər zaman qeyd etdiyimiz kimi, birbaşa hava uçuşlarının olması, xüsusilə Asiya bazarı üçün əlçatanlıq baxımından önəmli faktordur.
Yaxın Şərq və Körfəz ölkələri, həmçinin Pakistan və Hindistan bazarı üzrə aparılan təbliğat və marketinq işləri nəticəsində yay mövsümü ərzində biz statistikada bu ölkələrdən gəlmə sayında artımı müşahidə etdik. Bu bazarların seçilməsi təsadüfi deyildi. Belə ki, pandemiyadan sonra daha sürətli bərpa üçün məhz Azərbaycanın turizm destinasiyası kimi tanındığı və ölkəmizə marağın daha çox olduğu bazarlar üzrə təbliğat işi gücləndirildi. Əlbəttə, burada, xüsusilə Yaxın Şərq ölkələri ilə birbaşa uçuşların olması öz müsbət təsirini göstərdi.

Bununla belə qeyd olunmalıdır ki, hədəf bazarların xüsusiyyətləri nəzərə alınaraq müvafiq marketinq fəaliyyətləri həyata keçirilir. Məsələn, payız mövsümündə həyata keçiriləcək marketinq və təbliğat tədbirlərinin bir hissəsi məhz qış mövsümü üçün müvafiq bazarlardan turistlərin cəlb edilməsinə hesablanırsa, bəziləri, xüsusilə səyahətləri bir neçə ay qabaqcadan planlaşdıran Avropa turistləri üçün növbəti ilin yaz-yay ayları üçün nəzərdə tutulur.
Payız mövsümündə Avropa bazarları üçün marketinq və təbliğat işini intensivləşdirmək istiqamətində fəaliyyət gücləndirilib. Şahdağ, Tufandağ və Ağbulaq kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır.
Sentyabr ayında Azərbaycanın turizm imkanlarının Avropada tanıdılması məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən Polşa və Çexiyada təqdimatlar keçirilib. Varşava, Krakov və Praqada tərəfdaşlarla əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə keçirilən tədbirlərdə Azərbaycandan turizm sənayesini təmsil edən 15-dək turizm şirkəti iştirak edib və yerli sənayə nümayəndələri ilə Polşa və Çexiyanı təmsil edən turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.
Qeyd etmək lazımdır ki, polşalı turistlər hazırda Avropanın qış idman bazarının əsas iştirakçılarıdır və onların ölkəmizdəki qış idman kompleksləri barəsində məlumatlılığının artırılması üzrə marketinq işləri genişləndiriləcək.
Həmçinin Avropa ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması və əməkdaşlıq imkanlarının artırılması məqsədilə 10-13 oktyabrda İsveçrənin Sürix, Avstriyanın Vyana, həmçinin Almaniyanın Münhen və Frankfurt şəhərlərində təqdimatlar təşkil edilib.
Azərbaycan Turizm Agentliyindən verilən məlumata görə 22-26 sentyabr tarixlərində Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları İtaliyanın Turin şəhərində keçirilən “Terra Madre Salone del Gusto” qida festivalında tanıdılıb.
"Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələrinin iştirakı ilə milli stenddə Böyük Qafqaz Dağları üzrə “Slou Fud” səyahət turizm marşrutu, qastronomik turizmdə “Slou Fud” turizm modelinin tətbiqi, yerli biomüxtəlifliyin qorunması üçün atılan addımlar haqqında məlumat verilib. Həmçinin festivalda Ata-baba fındığı, Qafqaz camışı, Qafqaz dağ balı, Mədrəsə üzümü, Yabanı Qafqaz itburnusu, həmçinin Azərbaycandan yox olmaq təhlükəsilə üzləşən 30-dan çox məhsulun salındığı “Dad Gəmisi” kataloqu əsasında hazırlanan menyu təqdim edilib.
Bundan əlavə, İsraildə Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış, 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Azərbaycanın da 2019-cu ildən üzv olduğu “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutu üzrə Azərbaycanın şərabçılıq turizminin təqdimatı həyata keçirilib. Bütövlükdə, ölkələrimiz və xalqlarımız arasındakı dost münasibətləri, Azərbaycanda geniş yəhudi icması və zəngin yəhudi irsinin mövcudluğu, eləcə də birbaşa uçuşların olması israilli turistləri ölkəmizə cəlb etmək üçün önəmli məqamlardandır.
Təsadüfi deyildir ki, oktyabrın 19-da Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun mükafatlandırma mərasimində Azərbaycanın şərab marşrutu “İnkişaf etməkdə olan ən yaxşı şərab turizmi məhsulu” nominasiyasında qalib olub.
Hər il İtaliyanın Sambuka-di-Siciliya əyalətində baş tutan mükafatlandırma mərasimində müxtəlif kateqoriyalar üzrə verilən mükafatlar “İter Vitis” beynəlxalq şəbəkəsinin üzv ölkələrində şərab irsini və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini daşıyır.
Həmçinin 7-9 noyabrda Azərbaycan nümayəndə heyəti ənənəvi olaraq dünya turizm sənayesini bir araya toplayan Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisində (“World Tourism Market”) iştirak edib.
Avropa bazarlarında işgüzar turizm imkanlarının təbliğatı da davam etməkdədir. Azərbaycanın işgüzar turizm destinasiyası kimi tanıdılması məqsədilə noyabr ayında Barselonada keçiriləcək “İBTM” sərgisində iştirak planlaşdırılır.
Növbəti bir neçə ay ərzində Yaxın Şərq üzrə genişmiqyaslı təbliğat işləri davam etdiriləcək. Dubay, Əbu-dabi və Ər-Riyadda keçiriləcək beynəlxalq sərgi və tədbirlərdə iştirak planlaşdırılır.
Qış mövsümündə də Yaxın Şərqdən turist axınının təmin edilməsi üçün müvafiq danışıqlar aparılır, birgə tədbirlər davam etdirilir. Məsələn, ilk dəfə olaraq bu il “Flynas” hava yolu şirkəti həftədə 3 dəfə olmaqla Səudiyyə Ərəbistandan – Ər-riyad şəhərindən qış mövsümündə ölkəmizə uçuşlar həyata keçirəcək. Əlbəttə, tələbə əsasən digər hava yollarının da cəlb edilməsi planlaşdırıla bilər.
Bundan əlavə, Qətərdə keçiriləcək Dünya Futbol Çempionatı ərəfəsində və dövründə çempionatda iştirak edəcək turistlərin ölkəmizə cəlb edilməsi üzrə müvafiq təbliğat işləri aparılır.
Cənub-şərqi Asiya regionu hədəf bazarlar arasında vacib və potensiallı istiqamətə çevrilməkdədir. Xüsusilə, işgüzar, korporativ, istirahət, toy turizm destinasiyası kimi ölkəmiz hindistanlı turistlərin diqqətini cəlb edir. Avqust ayından etibarən həyata keçirilən birbaşa uçuşlar səfərlərin sayının artmasına öz töhfəsini verəcək.
Pakistanın Karaçi, Lahor, İslamabad şəhərlərindən birbaşa uçuşlar davam etməkdədir. Bu amil, əlbəttə, Pakistandan gələnlərin sayına öz təsirini göstərir.
Cənub-şərqi Asiya bazarında məlumatlılığın artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu baxımdan Çin bazarında məlumatlılığın artırılması üzrə onlayn marketinq tədbirlərini qeyd edə bilərik. Yaponiya ilə müəyyən əməkdaşlıq imkanları müzakirə olunmaqdadır.
Əlbəttə, MDB ölkələri kimi ənənəvi hədəf bazarlar üzrə, xüsusilə, sağlamlıq turizm imkanlarının təbliğatı işi davam etdirilir.
Əsas məqamlardan biri də artıq pandemiyadan sonra biz ölkəmizə xarici turizm şirkətlərinin, media nümayəndələrinin tanışlıq səfərlərini bərpa etməyə başlayırıq. Beynəlxalq mediada aktiv çalışırıq, “BBC”, “CNN”, “Euronews”, dünyaca məşhur səyahət jurnalları və hədəf bazarlara uyğun olaraq xarici onlayn media ilə, eləcə də “Expedia”, “Wego”, “Almosafer”, “Dnata”, “Sletat.ru”, “Avisales”, “Skyscanner”, “ProfiTravel” kimi dünya üzrə ən tanınmış səyahət planlaşdırma platformaları ilə əməkdaşlıq edirik".
Bütövlükdə qeyd etmək lazımdır ki, 2022-ci ilin payızında həyata keçirilən marketinq tədbirlərinin əsas məqsədi 2022-nin qışı və 2023-cü ilin yazı üçün turizmdə canlılığı saxlamaq və növbəti il üçün turizmin bərpasına nail olmaqdır.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB