Bu ay ilin son “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

2022-ci ilin son “KOB Fest” sərgi-satış yarmarkası 14-15 oktyabr tarixlərində Bakı Bulvarı ərazisində təşkil olunacaq. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Agentlik Bakıda və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərini sərgi-satış yarmarkasında iştiraka dəvət edib.

"Yarmarkada KOB subyektlərinin istehsal etdiyi qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. Festival ərzində mədəni-əyləncəli proqram təşkil ediləcək.

Bu ilin aprel ayından start götürən və ölkənin bir sıra şəhər və rayonlarında təşkil olunmuş “KOB Fest” sərgi-satış yarmarkalarının keçirilməsində məqsəd KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir", - deyə məlumatda qeyd olunub.

Sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən sahibkarlıq subyektləri 10 oktyabr saat 18:00-a qədər aşağıdakı link vasitəsilə müraciət edə bilərlər: https://bit.ly/3e900Oo

Bütün xəbərlər Facebook səhifəmizdə