“Avropa Mobillik Həftəsi” qeyd olunacaq

“Avropa Mobillik Həftəsi” qeyd olunacaq

16-22 sentyabr tarixlərində paytaxtımızda növbəti dəfə “Avropa Mobillik Həftəsi” qeyd olunacaq. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, "Avropa Mobillik Həftəsi" Avropa Komissiyasının "Dayanıqlı Şəhər Mobilliyi" ilə bağlı aparıcı maarifləndirmə kampaniyasıdır. Məqsədi - aktiv mobillik, ictimai nəqliyyat, təmiz və alternativ nəqliyyat vasitələrindən istifadəni təşviq etmək, yol hərəkəti iştirakçılarının davranışının dəyişməsinə nail olmaqdır.

“Sən də rahat hərəkət et!” şüarı altında keçiriləcək kampaniya çərçivəsində ictimai nəqliyyat prioritetli mühitin formalaşmasının, piyada hərəkətinin, velosiped, eləcə də digər alternativ ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqini hədəfləyən müxtəlif aksiya, seminar və fləşmoblar keçiriləcək. Həftə ərzində şəhər sakinləri arasında şəhər mobilliyi, yol hərəkətinin təhlükəsizliyi və piyada zonalarının təşkilinə dair sorğuların keçirilməsi planlaşdırılıb.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkillatçılığı ilə müxtəlif dövlət qurumlarının könüllüləri “Avropa Mobillik Həftəsi” çərçivəsində nəzərdə tutulan tədbirlərə cəlb ediləcək.

21 ildir keçirilən “Avropa Mobillik Həftəsi” kampaniyasına bu il 45 ölkədən 2337 şəhər qoşulub. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi artıq ikinci ildir ki, paytaxtımızı bu kampaniyada təmsil edir. Şəhər mobilliyi prinsipləri əsasında həyata keçirilən geniş miqyaslı fəaliyyətlə əlaqədar BNA "Avropa Mobillik Həftəsi"nin Azərbaycan üzrə koordinatoru təyin edilib. Bu isə öz növbəsində ölkə üzrə digər şəhərlərin də bu kampaniyada iştirakı üçün geniş imkanlar yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə