Azərbaycanı uğurlara aparan ENERJİ DİPLOMATİYASI – TƏHLİL

Azərbaycanı uğurlara aparan ENERJİ DİPLOMATİYASI – TƏHLİL

Dünyanın diqqətini cəlb edən 48-ci Beynəlxalq Çernobbio Forumu regional və beynəlxalq təhlükəsizliklə əlaqədar mühüm məsələlərin müzakirəsi edilməsi ilə yadda qaldı. İtaliyada keçirilən bu forum Azərbaycan üçün xüsusilə önəmli oldu. Beləki, bu forimda ələlxüsus, yeni dünya nizamında Azərbaycanın yerinə və roluna nəzər yetirilməsi, Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfələrinin təhlil və təqdir olunması ölkəmiz üçün əvəzsiz hesab olunur.

Forumda ölkə rəhbərimizin çıxışı da xüsusi diqqətə layiqdir. “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edən cənab Prezident İlham Əliyev məhz ölkəmizin enerji strategiyasının mühüm məqamlarına, prioritetlərinə və nəticələrinə diqqəti cəlb etdi. Bir çox istiqamətlərdə, xüsusən də enerji təhlükəsizliyi baxımından Azərbaycanın əminliyi daha da artdı. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, enerji təhlükəsizliyi sahəsində ölkəmizin dünyada etibarlı və perspektivli tərəfdaş imicinə malik olması bu dəfə də öz təsdiqini tapdı.

Yeraltı sərvətlərdən, neft və qaz ehtiyatlarından milli məqsədlərə, həmçinin strateji maraqlara uyğun istifadə olunmamasının hansı arzuolunmaz nəticələrə gətirib çıxardığı barədə məlumatımız var. Hətta belə sərvətlərin, enerji resurslarının hansısa dövlətlər üçün acı nəticələrə səbəb olduğu, hətta bədbəxtlik gətirdiyi də sirr deyil. Avropa, Asiya, hətta Afrika coğrafiyasını əhatə edən ölkələrin timsalında iqtisadi böhran, siyasi xaos, çevriliş, inqilab və digər xoşagəlməz halların baş verdiyi də bəllidir. Amma enerji resurslarından düzgün, strateji və milli maraqlara uyğun istifadə olunması sayəsində Azərbaycanın ardıcıl olaraq uğurlara imza atdığı günümüzün reallığıdır. Bu, ölkəmizin düzgün seçilən, milli maraqların təminatına xidmət edəcək məqsədyönlü şəkildə yönləndirilən enerji diplomatiyasıdır, hansıki Azərbaycanı uğurlara aparmaqda davam edir. Təsadüfi deyil ki, bu, yəni ölkəmizin enerji diplomatiyası nümunəsi örnək olaraq qəbul edilir və bunu İtaliyada keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumu da bir daha təsdiq etdi.

Artıq Azərbaycanın nailiyyətləri, xüsusən enerji diplomatiyası sahəsində uğurları saysız-hesabsızdır. Bu uğurların, nailiyyətlərin davam edəcəyi də təkzib edilə bilməz, çünki bunların davamlı olması heç də səbəbsiz deyil. Nəzərə almaq lazımdır ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji strategiyasının uğurla icra olunması nəticəsində Azərbaycanın nailiyyətlərinin əsası qoyuldu. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra məhz dahi rəhbərin uzaqgörənliyi, müdrikliyi sayəsində sözügedən müqavilə imzalandı və sosial-iqtisadi inkişaf, yüksəliş təmin olundu. Məhz Ümummilli Liderin rəhbərliyi, eləcə də Azərbaycanın təşəbbüsü və liderliyi ilə geostrateji əhəmiyyətli layihələr reallaşdırılmağa başladı, mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradıldı ki, artıq bunun bəhrəsini görməkdəyik.

Hazırda yeni-yeni kontraktların imzalanması da təsadüfi deyil. Heç şübhəsiz ki, bu, Azərbaycanın beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi sahəsində böyük uğurlar əldə etməsi ilə bilavasitə bağlıdır. Yəni, ölkəmizin enerji diplomatiyası uğura aparan yol xəritəsidir və görünən odur ki, bütün dünyada bu qəbul olunur. O da qəbul olunur ki, Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində böyük rol oynayır. Elə əməkdaşlıqların dərinləşməsinin səbəbi də məhz bununla bağlıdır və real vəziyyət də daha nikbin proqnozlar vəd edir. Həmin nikbin proqnozlar isə Azərbaycanın enerji diplomatiyasının uğurlu, məqsədyönlü, düzgün qurulduğunun bilavasitə təsdiqidir.

Etiraf edilir ki, Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən cızır, yenidən yaradır. Bütün dünya bu reallığı qəbul edir və İtaliyada keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda müşahidə edilənlər də deyilənlərin təsdiqi üçün kifayətdir. Açıq-aşkar müşahidə edilir ki, ölkəmizin təşəbbüsləri və liderliyi ilə enerji layihələrinin reallaşdırılmasının Cənubi Qafqaz və Xəzər regionunun geosiyasi statusunu yüksəltdiyi qəbul edilir. Əksini düşünməyə zərrə qədər əsas yoxdur və bu artıq təkzib edilə bilməz.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun artdığı aydın şəkildə özünü biruzə verir. Bu, yeni reallıqlardır. Həmin reallıq, təsadüfi deyil ki, bu gün Ermənistan tərəfində bəzi qüvvələri bərk narahat edir və ölkəmizə düşmən kəsilənlər bu reallıqlara görə yuxularını qarışdırıblar. Onlar ölkəmizin uğurlarını, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun artdığını, ölkəmizin enerji diplomatiyasının qələbəsini həzm edə bilmirlər. Çünki başa düşürlər ki, bütün bunlar Azərbaycanın daha böyük sürətlə inkişaf etməsi, daha böyük qüdrətə sahib olması üçün əsaslı zəmin yaradır. Bu isə ölkəmizin təhlükəsizliyinin bundan sonra da təminatı, suverenliyinin daha da möhkəmləndirilməsi deməkdir və bu fonda kimlərinsə Azərbaycana qarşı hansısa şəkildə, hansısa formada müdaxilə etmək imkanını belə sıfıra endirir.

Dövlətimizin enerji diplomatiyası sahəsində apardığı siyasət, Azərbaycan üçün bu gün mühüm anlar yaşadır. Ölkəmizin nəinki Cənubi Qafqazda, eləcə də Avropada, hətta bütün dünyada sözü eşidilir, Azərbaycan artıq söz sahibidir. ABŞ Prezidenti Bayden bir müddət öncə dövlətimizin başçısına göndərdiyi məktubda bu gerçəkliyi “tarixin mühüm anı” kimi təsvir etməsi də təsadüfi deyil və deyilənləri həm təsdiq edir, həm də ondan xəbər verir ki, inkişaf etmiş dünya dövlətləri, dünyanın sayılıb-seçilən siyasi xadimləri də bu qənaətdədirlər.

Bilirik ki, Avropanın mövcud durumu, daha dəqiq desək, ilk növbədə bəzi ekspertlərin I Avropa müharibəsi adlandırdıqları Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən də müşahidə edilən sürətli inflyasiya artımı enerji təhlükəsizliyinin həyati-strateji əhəmiyyət daşıdığından xəbər verir. Onu da yaxşı bilirik və görürük ki, Avropada alternativ mənbələrə ehtiyac duyulur, hətta açıq şəkildə də etiraf olunur. Azərbaycan isə etibarlı tərəfdaş olaraq Avropanın diqqətindən yayına bilməzdi və ölkəmizlə əməkdaşlığın dərinləşdirilməsi bu baxımdan anlaşılan, eyni zamanda əvvəlcədən də gözlənilən idi. Yəni, ölkəmizin düzgün, düşünülmüş, uğura hesablanmış enerji diplomatiyasının bunu diktə etdiyi heç kim üçün sirr deyil. Azərbaycanın qazandığı etimad barədə də kimsədə şübhə ola bilməz. Əvvəla ona görə ki, uzun müddətdir Azərbaycan Avropa bazarında etibarlı enerji təchizatçısıdır. Digər tərəfdən də məhz təchizat prosesində hansısa fasilə belə müşahidə olunmayıb.

Sadalananlar təsdiq edir ki, ölkəmizin enerji diplomatiyası çox uğurlu şəkildə aparılır və mütəmadi olaraq yeni-yeni nailiyyətlərə də yol açır. Həmin diplomatiyanın yeni çağırışlara, yeni reallıqlara da uyğun olduğu özünü göstərməkdədir. Azərbaycanın enerji diplomatiyası iqtisadi yüksəlişin təmin olunmasına xidmət edir və bundan sonra da edəcək. Azərbaycanla əməkdaşlıq yalnız perspektivli və etibarlı tərəfdaşlıq müstəvisindədir və bütün bunlar uğurlarımızın, ölkəmizin nailiyyətlərinin, inkişafının bundan sonra da davam edəcəyindən xəbər verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə