"Avropa ölkələri enerji təchizatı baxımından ciddi şəkildə Rusiyadan asılıdır" - İQTİSADÇI ŞƏRH ETDİ

"Avropa ölkələri enerji təchizatı baxımından ciddi şəkildə Rusiyadan asılıdır" - İQTİSADÇI ŞƏRH ETDİ

“Bu gün Avropa ölkələri enerji təchizatı baxımından ciddi şəkildə Rusiyadan asılıdır və Rusiya qazından tamamilə imtina edilməsi Avropada ciddi qaz qiymətlərinin artımı ilə nəticələnəcək”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Aslan Əzimzadə bildirib.

Onun sözlərinə görə, biz bunu önümüzdəki qış mövsümündə kəskin şəkildə müşahidə edə bilərik: “Biz bilirik ki, bu gün ərzaq istehsalının önəmli bir hissəsi gübrə istehsalı ilə bağlıdır və qeyd etmək lazımdır ki, gübrə istehsalının önəmli komponenti də məhz enerji daşıyıcıları, o cümlədən qazdır. Avropa isə həm gübrəni, həm də qazı böyük həcmlə Rusiyadan idxal edir. Belə olduğu halda təbii ki, həm ərzaq, həm də enerji təhlükəsizliyi çərçivəsində Avropada ciddi problemlərin olduğunu görə bilərik. Digər bir istiqamət də Avropanın Rusiya qazından imtina etməklə özünü təmin etməsi məsələsidir. Bəs bu hansı halda baş verə bilər? Beləki Avropa iqtisadiyyatında ciddi bir struktur böhran görünməkdədir və struktur böhran, ilk növbədə, biznes və sahibkarlıq subyektlərinə təsir edir. Gələcəkdə bir çox biznes və sahibkarlıq subyektlərinin bağlanmasının şahidi ola bilərik. Nəzərə alsaq ki, qaz istehlakının əsas faizini Avropada biznes və sahibkarlıq subyektləri təşkil edir. Belə olan halda əgər bu subyektlər bağlanarsa artıq qaza olan tələb azalacaq və Rusiya qazından istifadə etmədən də Avropa özünü qazla təmin edə biləcək. Çünki bu halda təminat yanlız əhalinin istehlakı ilə nəticələnəcəkdir. Nəticə etibarilə biz burada əhalinin həyat səviyyəsinin aşağı düşməsi ehtimalını görə bilərik. Rusiyanın perspektivlərindən baxsaq deyə bilərik ki, Rusiya üçün alternativ bazarlar mövcuddur. Bu cənub-şərqi Asiyanın premium bazarları, Çin bazarı və Hindistan bazarıdır. Bu səbəbdən Rusiyanın öz qazını ixrac etməsi ilə bağlı hər hansı bir problemin olacağını düşünmürəm”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə