Qlobal taxıl böhranından QURTULUŞ GÖZLƏNİLİRMİ? – TƏHLİL

Qlobal taxıl böhranından QURTULUŞ GÖZLƏNİLİRMİ? – TƏHLİL

Taxıl dolu Ukrayna gəmiləri dünya bazarlarını təmin etmək üçün yola düşür və bu da Türkiyənin təşəbbüsü ilə, eləcə də BMT-nin vasitəçiliyi ilə reallaşır. Qardaş ölkənin təşəbbüsü ilə Rusiya və Ukrayna arasında aparılan danışıqların nəticəsi olaraq, bu, qlobal təhlükədən, taxıl böhranından qurtuluş hesab edilir. Bununla yanaşı, aclıq təhlükəsinin hələ də ortada olduğu qənaətində olanlar da var, çünki real nəticədən danışmaq hələ tezdir və bu baxımdan da narahatlıq hələ də müşahidə olunur.

Məlumdur ki, Rusiya da, Ukrayna da dünyada ən əsas taxıl ixracatçısı kimi tanınır. Bu iki ölkə dünyanın taxıl tədarükündə xüsusi çəkiyə malikdir. Belə olan halda hər iki ölkə arasında davam edən müharibənin taxıl tədarükü baxımından nə demək olduğunu təsəvvür etmək çətin deyil. Beləki, hələ müharibə başlamamışdan öncə belə bu qarşıdurmanın ərzaq, ələlxüsus taxıl böhranı ilə nəticələnəcəyi əvvəlcəvən də proqnozlaşdırılırdı. Eyni zamanda tətbiq edilən sanksiyalar, bir sözlə ortaya çıxan maneələr taxıl tədarükünü bir qədər də çətinləşdirdi, çünki bu sanksiyalar loqistika ilə bağlı çətinliklər də yaratmış oldu.

Əlbəttə ki, Türkiyənin təşəbbüsü və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında aparılan danışıqlar müsbət nəticələrlə yadda qaldı. Ən vacib məqam ondan ibarətdir ki, danışıqların ardınca artıq Ukrayna gəmiləri taxılı dünya bazarlarına daşıyırlar. Məhz taxıl dolu Ukrayna gəmiləri artıq Türkiyəyə, oradan da dünya bazarlarına istiqamət götürüb. Sözsüz ki, bu məsələdə Türkiyənin rolu danılmazdır və bəziləri hesab edir ki, dünya artıq taxıl böhranından xilas olub.

Əgər taxıl dolu Ukrayna gəmiləri Türkiyənin təşəbbüsü ilə dünya bazarlarına yön alıbsa, deməli, bu məsələdə qardaş ölkənin rolunu danmaq olmaz. Bunu bütün dünya ictimaiyyəti çox yaxşı başa düşür. Başa düşür ki, Türkiyə bütün dünyaya, dünya bazarlarına taxılın daşınması üçün çalışdı və buna nail oldi. Bu fakt həm də bütün dünyada Türkiyənin nüfuzunun artması deməkdir, çünki taxıl böhranından dünyanı hansı ölkənin xilas etdiyini hər kəs başa düşür. Görəsən, bütün dünya taxıl böhranından xilas oldumu, sualı indi hər kəsi düşündürən bir sualdır.

Heç şübhəsiz ki, taxıl böhranına səbəb olan təkcə Rusiya ilə Ukrayna arasındakı müharibə deyil. Təkcə müharibəyə görə, taxılın dünya bazarlarına daşınmasında yaranan problemlərə görə yox, digər məsələlərə görə də taxıl təminatında əngəllər ortaya çıxa bilər və indi onlar insan cəmiyyətini durmadan düşündürür və həlli yolları arasdırılır.

Hazırda dünyanın ərzaq, ələlxüsus taxıl tədarükü ilə bağlı təhlükəsi eyni zamandan iqlimin dəyişməsi ilə əlaqədardır. Sözsüz ki, təhlükənin əsas və köklü səbəbləri iqlim şəraitinin pisləşməsidir. Daha dəqiq desək, quraqlıq, qlobal istiləşmə, təbii fəlakətlər məhsuldarlıq və taxıl tədarükü üçün arzuolunan deyil. Belə bir qlobal problem əlbəttə ki, məsələnin daha ciddi olduğundan xəbər verir. Bütün dünya bu məsələdə sözsüz ki, daha məsuliyyətli olmalıdır və problemin qlobal olması bunu, bu məsuliyyəti tələb edir.

Sözsüz ki, COVİD-19 pandemiyasının da təsirləri danılmazdır. Məhsul istehsalında, tədarükündə yaranan problemlər, eyni zamanda, pandemiya səbəbindən də meydana gəlib. Pandemiya başladığı zamandan etibarən məhsul istehsalı, ələlxüsus taxıl tədarükündə də, taxılın daşınmasında da, dünya bazarlarının taxılla təminatında da problemlər yaratdı. Koronavirus bəlası ortaya çıxdığı zaman tətbiq olunan qapanlamaların təsiri hələ də özünü göstərir. Eləcə də pandemiyaya görə sərhədlərin bağlanması, əlaqələrin məhdudlaşdırılması təsirsiz ötüşə bilməzdi və elə də olduğunu hər birimiz müşahidə etmiş olduq.

Məsələ burasındadır ki, təbii şərait, iqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq, eləcə də pandemiya kimi arzuolunmaz hallar insan cəmiyyətindən bilavasitə asılı olmayan hallardır. Yəni insan cəmiyyəti istəsə də, istəməsə də bu halların qarşısını ala bilmir. Nə qlobal istiləşmənin, nə quraqlığın, nə də koronavirus kimi xəstəliyin, bəlanın qarşının öncədən alınması, yaxud proqnozlaşdırılması mümkünsüz görünür. Amma bununla yanaşı, bəzi məsələlər, ələlxüsus müharibələr, tətbiq olunan sansiyalar, loqistiqanın sıradan çıxması bilavasitə insan cəmiyyətinin təsiri ilə ortaya çıxır. Hazırda Rusiya ilə Ukrayna arasında davam edən müharibənin fonunda məhz tədarük, təchizat məsələləri ilə bağlı, eləcə də loqistik məsələlərlə bağlı problemlər süni şəkildə peyda olub. Bunun da qarşısının alınması məhz insan cəmiyyətinin, beynəlxalq təşkilatların, aparıcı dövlətlərin məsuliyyətidir.

Qeyd etdiyimiz kimi, Rusiya və Ukrayna taxıl istehsalı və ixracatında dünyada ilk onluqda olan dövlətlərdəndir. Hazırda davam edən müharibə fonunda, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, Ukraynanın kənd təsərrüfatı infrastrukturunun zəifləməsi, dünya əhalisinin ərzaq məhsulları içərisində əsas yer tutan taxıl məhsulları ilə təminatında ciddi problemlərin qalacağı anlamına gəlir. Elə bu səbəbdən də taxıl və digər zəruri ərzaq məhsulları idxalının ən aktual və həyati məsələ olduğu ortaya çıxır. Azərbaycanda da taxılla bağlı problemin olmaması üçün tədbirlər görülməlidir və bu məsələnin köklü şəkildə həlli məhz idxalından asılılığının aradan qaldırılması hesab olunur. Amma hələ də bütün dünya taxıl tədarükü ilə bağlı çətin durumda olduğunu qəbul edir və bunun qarşısının alınması ən vacib hesab olunur.

Ən vacib məsələlərdə biri də taxılın bahalaşması sayılır ki, bu məqamda Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanan sazişlə Ukrayna taxılınin münaqişə zonasından çıxarılmağa başlaması həm də buğdanın dünya bazarındakı qiymətlərinin kəskin bahalaşmasının qarşısının alınması deməkdir. Təbii ki, Türkiyə tərəfindən atılan addım bu istiqamətdə yaranmış gərginliyi xeyli yumşaltmağa gətirib çıxarıb. Qardaş ölkənin təşəbbüsü qiymətlərdə də özünü göstərir. Artıq buğdanın qiymətində əhəmiyyətli enmələr qeydə alınıb. Deməli, Türkiyə artıq dünya ərzaq böhranı, eləcə də taxıl tədarükü, qiymətlərin bahalaşmasının qarşısının alınmasında öz töhfəsini vermiş olub. Ona görə ki, Ukrayna taxılının dünya bazarlarına çıxışı ilə bağlı əldə olunan razılılıq heç də kiçik bir iş deyil və kifayət qədər, xüsusilə bu gün üçün hədsiz dərəcədə əhəmiyyətlidir. Bir sözlə, Türkiyənin vasitəçiliyi ilə əldə olunan bu razılaşmanın dünya bazarlarında yaranmış taxıl qıtlığının aradan qaldırılması baxımından əhəmiyyəti danılmazdır.

Qeyd olunduğu kimi, dünyada əsas taxıl ixracatçısı olan iki ölkə arasında danışıqlar Türkiyənin təşəbbüsü, həmçinin BMT-nin vasitəçiliyi ilə baş tuta bilirsə, bəs niyə ATƏT və onun timsalında digər beynəlxalq təşkilatlar belə vasitəçilik etmirlər. Heç yada da düşmür. Dünyanın müxtəlif ölkələrində, ələlxüsus Cənubi Qafqazda hər hadisəyə, hər xırda məqama cəld reaksiya verən, ermənilərin yalançı qıy-qışqırığına dərhal rəy bildirən, guya həmin hadisələrə görə narahat olan bu beynəlxalq təşkilatların bütün dünyanın taleyinə ilk baxışdan belə biganə münasibət sərgilədiyini düşünmək belə qəbuledilməzdir. Sözsüz ki, əgər həmin təşkilatlfar bir xalqın, daha doğrusu kiçik bir toplumun qondarma sıxıntısına münasibət bildirilirsə, deməli bütün dünyada baş verən proseslərə, bütün dünyanın, dünya ictimaiyyətinin qarşısında duran problemə görə dərhal hərəkətə keçmir?

Təsəvvür edək ki, bütün dünya aclıq, taxıl qıtlığı ilə üz-üzədir, hansı ki, dünya əhalisinin böyük əksəriyyəti daha çox taxıldan istifadə edir və belə bir məqamda bütün insan cəmiyyətinin qarşılaşdığı problemin fonunda bəzi beynəlxalq təşkilatlar, eləcə də dünyanın fövqəl dövlətləri hansısa layihə ilə çıxış etmirlər. Fransa kimi bir Avropa ölkəsi dünyada taxıl böhranı deyil, ermənilərin olmayan hüquqları barədə danışmağa daha çox yer ayırırsa, dünya ölkələri müharibələrin fonunda öz hegemonluğu üçün daha çox səy göstərir, bunun üçün daha çox kapital ayırırlarsa, hətta bəzi ölkələrin öz ambisiyaları fonunda, onsuz da təbii şərait, quraqlı, qlobal istiləşmə və digər məsələlərlə bağlı taxıl böhranını tədarükü çətinləşdirməklə, bir qədər də dərinləşdirirsə, bu, artıq həyəcan təbilinin vaxtı olduğunu bildirir.

Doğrudur, hansısa dövlətin suverenliyi, demokratikliyi və digər ali dəyərləri üçün çalışmaq, buna yardımlar etmək yaxşıdır, əgər başqa niyyətlər yoxdursa. Təbii ki, ABŞ kimi bir ölkə, guya dünyada demokratiya carçısı, ali dəyərlərin mühafizəçisi kimi tanıdılan bir ölkə Rusiyanı sıradan çıxarmaq üçün Ukraynaya yardım edirsə, ruslara qarşı sanksiyalar tətbiq edirsə, bu sanksiyaları daha da artırmaq niyyətindədirsə və həmin tədbirlərin təsiri olaraq taxıl böhranının dərinləşməsini hesaba da almırsa, burada ali dəyərlərdən, humanizmdən dəm vurmaq yersizdir. Bir ölkənin vətəndaşlarının hüquqlarının müdafiəsi bütün dünya əhalisinin aclıq təhlükəsi ilə müqaisəyə gələ bilərmi? Əlbəttə ki, gələm bilməz. Elə isə görülən işlərin mahiyyəti nədir? Niyə fövqəl dövlətlər öz ambisiyalarından əl çəkib bəşəriyyəti gözləyən aclıq, taxıl böhranı təhlükəsinin qarşısının alınması üçün çalışmırlar? Niyə hər biri Türkiyənin timsalında öz töhfəsini vermir? Niyə heç olmasa hansısa təşəbbüslə çıxış etmirlər?

Göründüyü kimi, Türkiyə həqiqətən də dünyəvi dövlət olduğunu, humanist olduğunu, ədalətli olduğunu bu dəfə də sübut etdi və bəşəriyyət üçün addım atdığı da heç kim üçün sirr deyil. Əgər taxıl dolu gəmilər dünya bazarlarına yön alırsa, deməli, Türkiyənin artıq humanist siyasəti öz nəticəsini təkrarən göstərir. Hətta Türkiyənin iki taxıl tədarükçüsü olan ölkə ilə danışıqlar aparmaq təşəbbüsü, taxılın dünya bazarına çıxarılması istiqamətində nailiyyətləri sıradan bir hadisə deyil. Gələcəkdə bu barədə daha dolğun, daha dərin açıqlamaların, şərhlərin olacağı zərrə qədər şübhə doğurmur. Çünki bu dəfə də heç bir fövqəl dövlətin görmədiyi işi Türkiyə bütün bəşəriyyət üçün gördü.

Maraqlıdır, dünya ölkələri, ələlxüsus ABŞ, Rusiya, Fransa və başqa dövlətlər taxıl böhranı ilə bağlı hansısa tədbirlər gaqda düşünürlərmi? Bəlkə bu ölkələrin də hansısa təklifi, hansısa təşəbbüsü olacaq? Bəlkə öz ambisiyalarından əl çəkib qlobal böhranla, taxıl böhranı ilə məşğul olacaqlar? Əgər belə olacaqsa, artıq Türkiyənin təşəbbüsü ilə danışıqların aparılması, taxılın dünya bazarlarına daşınması və bu istiqamətdə görülən işlər, atılan addımlar davamlı olacaq. Bu isə o deməkdir ki, taxıl böhranının aradan qaldırılmasına, yaxud birgə səylər sayəsində bu böhranı dəf etməyə nail olunacaq. Bir sözlə, qlobal taxıl böhranından qurtuluş gözlənilirmi, deyə düşündükdə dərhal anlaşılır ki, bu böhrandan qurtuluş ancaq dünya dövlətlərindən asılıdır və hər bir dövlət öz töhfəsini verdiyi təqdirdə, ən azından sözügedən böhranın aradan qaldırılması istiqamətində görülən işlərə əngəl olmadığı təqdirdə mümkündür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə