Ərzaq təhlükəsizliyi üçün hansı addımlar atılmalıdır? - İQTİSADÇI AÇIQLADI

"Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə təkcə bu gün deyil, artıq 2021-ci ilin oktaybr ayından başlayaraq müxtəlif addımlar atılmağa başlanıldı. Bu, həm ölkə başçısının müxtəlif fərmanları ilə, həm Nazirlər Kabinetinin qərarları və müəyyən güzəştlərlə təsvir olundu. Eyni zamanda da ixracın tənzimlənməsi məqsədilə 28 adla müxtəlif ərzaq məhsullarının ixracı ilə bağlı aidiyyatı qurumlar təyin olundu. Həmçinin müxtəlif ırzaq məhsullarının idxalı və ehtiyat hissələrinin yaranması ilə bağlı müxtəlif addımlar atıldı". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, ət və ət məhsullatının qiymətinin və əlçatanlığının təmin olunması üçün rüsumlar ləğv olundu: "Düşünürəm ki, ərzaq təhlükəsizliyi məsələsi hər zaman diqqətdə saxlanılmalı və idxalın stimullaşdırılması üçün müxtəlif tədbirlər görülməlidir. Yerli sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə müəyyən dəstək mexanizmlərindən istifadə olunmasına ehtiyac var. Hazırda ölkəmizdə müəyyən qurumlar bilavasitə olaraq sahibkarların dəstəklənməsi istiqamətində müəyyən işlər görür. Hazırda idxalın və yerli istehsalın stimullaşdırılması, ərzaq təhlükəsizliyinin dəstəklənməsi üçün mütləq şəkildə iki istiqamət var: İdxalın stimullaşdırılması və yerli istehsalın stimullaşdırılması. İdxalın stimullaşdırılması üçün təbii olaraq müəyyən dövr ərzində müəyyən vergi və gömrük güzəştləri tətbiq edilə bilər. Eyni zamanda yerli sahibkarlara müəyyən maliyyə dəstəyin, güzəştli kreditlərin verilməsi hesabına bunu edə bilərik".

Eldəniz Əmirov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, hazırda emal sənayesinin inkişaf etdirilməsində çox böyük ehtiyac var: "Çünki emal sənayesi xammal potensialı baxımından Azərbaycanda geniş potensiala malikdir. Sadəcə olaraq emal sənayesinin inkişaf etdirilməsi üçün bu sahədə əlavə güzəştlərin tətbiqinə ehtiyac var. Çünki kifayət qədər kənd təsərrüfatl məhsullarımız xammal şəklində xaricə ixrac olunur. Azərbaycanda istər kənd təsərrüfatı məhsulları, istər digər sahələrin məhsulları xammal şəklində xaricə ixrac edirik. Bu istiqamətdə daha çox önəmli olan məsələ məhz ərzaq təhlükəsizliyinin təmin olunması üçün yerli kənd təsərrüfatı məhsullarının xammal olaraq aqrar sənayr kompleksinin inkişafına yönəltmək olar".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə