Azərbaycanda devalivasiya gözlənilir? - İQTİSADÇI AÇIQLADI

“Azərbaycanda devalivasiyanın olması üçün 3 istiqamət müəyyənləşir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, dollara tələbin kəskin artması, ölkədə valyuta ehtiyyatlarının aşağı düşməsi, eyni zamanda da neftin qiymətinin aşağı düşməsi devalivasiyanın olmasına səbəb ola bilər: “Bu gün görürük ki, ölkədə valyuta ehtiyyatları artmağa davam edir. 55 milyard dollara yaxın valyuta ehtiyyatı formalaşır. Ölkədə neftin qiyməti büdcədə nəzərdə tutulandan kifayət qədər baha qiymətə ixrac edilir. Digər bir istiqamət isə dollara olan tələbat məsələsidir. Dollara olan tələbatın kəskin artması manata olan təzyiqi artırar. Amma Mərkəzi Bankın hesabatlarından da görürük ki, dollara olan tələbat ölkədə azalan xətt üzrə davam edir. Hətta vətəndaşlar dollar almaq əvəzinə dollar satırlar. Bu isə o deməkdir ki, hazırda inflyasiya səbəbindən əhalinin alıcıq qabiliyyətinin aşağı düşməsi onların dollarla yığdığı "yastıqaltı" pullarını manata çevirərək tələbatlarını qarşılayırlar. Bütün bu üç faktora nəzər yetirdikdə görürük ki, devalivasiyanın olması üçün heç bir səbəb yoxdur. Azərbaycan hökumətinin devalivasiyaya getməsi üçün heç bir zərurət yoxdur.

Heç vaxt devalivasiya olmayacaq demək də düzgün deyil. Çünki müəyyən subyektiv faktorlardan dolayı da bu qərar verilə bilər. Azərbaycan hökumətinin tutduğu strateji xətt onu deməyə əsas verir ki, ilin sonuna kimi ölkədə devalivasiya olmayacaq. Düşünürəm ki, devalivasiya baş verərsə ölkədə ciddi şəkildə böyük problemlər yaradacaq. Həm istehsal prosesində, həm sahibkarların işlərində, həm də bank sektorunda ciddi problemlər yarada bilər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə