Fransanın üç nəhəng enerji təchizatçısı əhaliyə qənaət xəbərdarlığı etdi

“Engie” şirkətinin icraçı direktoru Ketrin Makqreqor, EDF-nin sədri və baş icraçı direktoru J-B.Levi və “Total Energies”nin prezidenti və baş direktoru Patrik Puyane qarşıdan gələn aylarda ölkədə mümkün enerji böhranından danışıblar

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Fransanın üç nəhəng enerji təchizatçısı – “Engie”, EDF və “TotalEnergies” əhaliyə xəbərdarlıq edərək enerjidən qənaətlə istifadə etməyə çağırıb.

Fransanın üç nəhəng enerji təchizatçısının rəhbərləri – “Engie” şirkətinin icraçı direktoru Ketrin Makqreqor, EDF-nin sədri və baş icraçı direktoru J-B.Levi və “Total Energies”nin prezidenti və baş direktoru Patrik Puyane qarşıdan gələn aylarda ölkədə mümkün enerji böhranından danışıblar. Artıq aylardır ki, Avropa enerji sisteminin böyük gərginlik altında olduğunu və Fransa enerji sisteminin bundan yayına bilməyəcəyini bildiriblər. Qeyd ediblər ki, bu gün mövcud çətinliklərdən qaynaqlanan enerji qiymətlərinin artması ölkədə sosial və siyasi birliyi təhdid edir və alıcılıq qabiliyyətinə mənfi təsir göstərir.

Fransanın ən böyük üç enerji təchizatçısı insanları məlumatlı olmağa və kollektiv və fərdi fəaliyyət göstərməyə, hər bir istehlakçı, hər bir şirkət davranışını dəyişməyə və enerji istehlakını dərhal azaltmağa çağırıblar.

Ölkənin 90 günlük strateji ehtiyatı olduğunu deyən enerji üzrə mütəxəssislər təsadüfi çatışmazlıqların mümkünlüyünü qeyd ediblər. Ancaq iqtisadçılar vəziyyətin narahatedici olduğunu deyirlər. Xüsusilə də xam neft, neft emalı sahəsində bəzi narahatedici halların mümkünlüyündən danışırlar.

Elektrik enerjisinə gəldikdə isə qeyd olunub ki, neft və kömür elektrik, eləcə də Fessenheim nüvə elektrik stansiyaları bağlanıb. Ümumiyyətlə, Fransada mövcud 56 nüvə elektrik stansiyasından 27-si bağlıdır. Bu isə elektrik istehsalının tam yarısı deməkdir. Nüvə elektrik stansiyalarının planlı dayandırılması, eləcə də gözlənilməz korroziyaya görə bağlanmalar vəziyyəti daha da çətinləşdirir. Qışda enerji qıtlığı qaçılmazdır.

Həmçinin enerji ilə bağlı mövcud vəziyyətin digər Avropa ölkələrində də olduğu qeyd edilir və bir çox ölkələrdə artıq bağlanmış kömür elektrik stansiyalarının yenidən bərpa olunacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə