“Qlobal Bakı Forumu dayanıqlı və universal müzakirə platformasıdır” - DEPUTAT AÇIQLADI
"Bakı yenidən beyin mərkəzlərinin, qlobal problemlərin müzakirə olunduğu, həll yollarının axtarıldığı məkana çevrilir. 9-cu Qlobal Bakı forumunda da bundan əvvəlki forumlarda olduğu kimi bəşəriyyəti narahat edən məsələlər müzakirə olunur. Qlobal dünya nizamına təhdidlər mövzusunda təşkil olunan forum artıq universal platformaya çevrilib. Bu dəfə siyasi, iqtisadi, humanitar və digər məsələlər dünyanın nüfuzlu diplomatları, iqtisadçıları və digər sahələrin mütəxəssisləri ilə birgə nəzərdən keçirilir. Gələcəyə doğru addımlar müzakirə olunur". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, müxtəlif tərəflərin fikirlərini toplamaqla yanaşı hər bir müzakirə təfəkkürlərdə dəyişiklik yaradır və gələcəkdə ciddi qərarların qəbul olunmasında həlledici rol oynayır: "Belə ki, forumda iştirak edən nüfuzlu diplomatlar və siyasətçilər beynəlxalq arenada ən vacib məsələlərlə bağlı çox açıq və səmimi müzakirəyə töhfə vermək imkanına malikdirlər.
Məlumdur ki, 2020-ci ilə qədər Azərbaycan bu platformadan həm də Ermənsitanın təcavüz faktı barədə beynəlxalq ictimaiyyəti məlumatlandırırdı. Münaqişənin başa çatmasından sonra isə əsas diqqət sülhün möhkəmlənməsinə yönəlib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Təbii ki, uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Amma bununla belə, Azərbaycan sülhü seçir. Çünki dövlət başçımızın da qeyd etdiyi kimi, biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.
Bakı Qlobal Forumunda verilən ən vacib mesaj bundan ibarətdir ki, Azərbaycanın Qafqazla bağlı baxışı inteqrasiya və əməkdaşlıqdan ibarətdir. Bu yanaşma bütün universl dəyərlər və beynəlxalq prinsiplərlə də üst-üstə düşür".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB