İstanbulda XXV Avrasiya İqtisadi Zirvə toplantısı keçiriləcək

Avrasiya İqtisadi Zirvəsinin keçdiyi yola baxdıqda, 1998-ci ildə dövrün Türkiyə Prezidenti Süleyman Dəmirəl, Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Bolqarıstan dövlətinin ovaxtkı başçısı Jelyu Jelevin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının iştirakı ilə ilk toplantımızı keçirmişdik. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi olaraq 25 il ərzində sülhə xidmət etdik. Avropa İttifaqı daxilində yer almağımız istiqamətində bir sıra işlər gördük. “Bir kəmər, bir yol” layihəsinin sülh, rifah və sabitlik layihəsi olduğuna inandıq. COVID-19 pandemiyası dövründə bir çox sahələrlə yanaşı, sağlamlıq diplomatiyasını da ortaya qoyduq. Bu 25 ildə Naxçıvan, Bakı, Şam, Daşkənd, Belqrad, Nyu-York, Paris, Vatikan daxil olmaqla, bir çox bölgələrdə vətəndaş təşəbbüsünün vacibliyini əsas tutan layihələr həyata keçirdik. Bütün bunların ən son nümunəsi bu il keçirəcəyimiz XXV Zirvə toplantımız olacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bu il iyunun 7-9-da İstanbulda keçiriləcək XXV Avrasiya İqtisadi Zirvə toplantısının mətbuat konfransında ifadə edib.

Mətbuat konfransında Akkan Suverlə yanaşı, İstanbul Hazır Giyim və İxracatçılar Birliyinin İdarə Heyətinin üzvü Selçuk Mehmet Kaya və türkiyəli modelyer Özlem Erkan çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Bildirilib ki, hər il keçirilən Avrasiya İqtisadi Zirvə toplantısında bu günədək dünyanın 40-dan çox ölkəsindən liderlər, dövlət və elm xadimləri iştirak ediblər. Zirvə toplantısı, sadəcə, qlobal problemlərin həlli istiqamətində müzakirələrin aparıldığı platforma deyil, həm də Türkiyənin dünyada tanıdılmasına böyük töhfə verir. Bu il “Dörddəbir əsrlik fədakarlıq, xoş niyyət və qətiyyət” şüarı altında keçiriləcək Zirvə toplantısında ümumilikdə 42 ölkədən dövlət rəhbərləri, hökumət nümayəndələri, nazirlər və digər rəsmi şəxslər iştirak edəcəklər.

İqtisadi Zirvə Görüşünün təşkilati dəstək verən İHKİB haqqında danışan Selçuk Mehmet Kaya qurumun Türkiyənin hazır geyim sektorunun 70 faizini əhatə etdiyini, sektorun hədəfinin 40 milyard ABŞ dolları olduğunu deyib.

Sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə