Artan qaz qiymətləri arxasınca neftin qiymətini də aparır - İQTİSADÇI ŞƏRH ETDİ

Artan qaz qiymətləri arxasınca neftin qiymətini də aparır - İQTİSADÇI ŞƏRH ETDİ

“Dünya bazarında neft də, qaz da artıq bahalaşıb. Faktiki olaraq təqribən 7 aydır ki, bahalaşma yüksək qiymətlər dövrünü yaşayır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban bildirib.

Onun sözlərinə görə, bahalaşmanın bir neçə səbəbləri var: “Birinci səbəb qazla bağlıdır. Qazın qiymətləri artıq 2021-ci il oktyabr ayında rekordlar vurmuşdu, oktyabrın 6-da isə 2000 dollara çatmışdı. Bu da ondan qaynaqlanırdı ki, qarşıdan qış gəlirdi, yeraltı qaz anbarlarında Avropanın yetərincə qazı yox idi və bazarda da bir qorxu yaranmışdı. İkinci bir tərəfdən də Avropa ilə Rusiya arasında gərginlik yaşanırdı. Bunun nəticəsində qazın qiyməti bu qədər qalxmışdı. Artan qaz qiymətləri arxasınca neftin qiymətini də get-gedə artırırdı. Çünki bəzi ölkələr, şirkətlər, qurumlar artıq qazı neft məhsulları, yəni mazutla əvəz edirdilər. Nəticə etibarilə neftə tələbat artırdı. Sonda isə o həddə gəlib çatdı ki, Rusiya ilə Ukrayna arasında müharibə baş verdi. Bu isə qiymətləri tamamilə yeni bir fazaya keçirtdi. Artıq müharibə başlamamış belə yəni fevralın 24-dən bir neçə gün əvvəl brend markalı neft 100 dollar həddini keçdi. Yəni belə bir qiymət sonuncu dəfə 4 sentyabr 2014-cü il tarixində qeydə alınmışdı. Ondan sonrakı dövrdə ilk dəfə idi ki, 100 dollardan yuxarı həddə çatdı. İki gün öncə isə neft qiymətləri 100 dollardan aşağı həddə ticarət edilməyə başladı. Hazırda neft qiymətləri 100 dollardan yuxarı deyil, aşağı ticarət edilir.

Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, neft qiymətləri 50 faiz artım nümayiş etdirib. Təbii ki, buna rəvac verən əsas səbəb Qərblə Şərq arasında deyil. Qərb Rusiyanın enerjidən siyasi məqsədlərlə istifadə etmək marağından uzaqlaşmaq üçün get-gedə onun enerjisindən imtina edir. Buna görə də yaxın bir neçə il ərzində hesab edirəm ki, neftin də, qazın da qiyməti baha olaraq qalacaq. O baxımdan ki, Avropa özü üçün enerji daşıyıcılarının yeni logistikasını müəyyənləşdirəcək və onu nizama salana qədər qiymətlər baha olaraq qalacaq.

Dünyada enerjinin paylanmasının yeni bir düzəni yaranacaq. Bu baxımdan, Azərbaycan üçün əlverişli şəraitdir. Biz nefti, qazı baha satmaq imkanı əldə edirik. Əlavə qazanc həm ölkənin valyuta ehtiyatlarını artırır, həm də ölkə daxilində imkan verir ki, qarşısında duran vəzifələri böyük manevr imkanları hesabına həyata keçirsin”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə