Sanksiyalar neftin qiymətinin daha da artmasına gətirib çıxarır - İQTİSADÇI AÇIQLADI

Sanksiyalar neftin qiymətinin daha da artmasına gətirib çıxarır - İQTİSADÇI AÇIQLADI

"Cari ilin büdcəsi ötən ilin sonlarında hazırlanarkən əvvəlcə 45 dollardan, daha sonra 50 dollardan hesablanıldı. İndi isə neftin qiymətlərinin 110 dollardan 120 dollar arasında formalaşması və getdikcə də daha yuxarı qiymətlərin perspektiv olaraq gözləntilərinin olması Azərbaycan üçün əlavə valyuta gəlirlərinin ölkəyə daxil olması deməkdir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, bu birbaşa 1999-cu ildə yaradılmış Neft Fondunda cəmlənir. Neft Fondunun aktivi olaraq ölkənin valyuta ehtiyatlarının bir hissəsi olurlar: "Bu isə həm dövlət investisiya layihələrinin icrası zamanı, həm də gələcək nəsillərin zəruri tələbatlarının ödənilməsi üçün perspektivdə istifadə olunması məqsədi ilə saxlanılır. Eyni zamanda da hər ilin dövlət büdcəsinin gəlir hissəsinin formalaşması üçün Dövlət Neft Fondundan təxminən 12,7 milyard manat həcmində transfer olaraq istifadə edilir. Son bir neçə ilin göstəriciləri məhz 12 milyard manat ətrafında formalaşmışdır.

Hazırda davam edən müharibə və Rusiyaya tətbiq edilən sanksiyalar neftin qiymətinin daha da çox artmasına gətirib çıxardır. Düşünürəm ki, OPEK+ ölkələrinin növbəti toplantılarında OPEK-in qoyduğu məhdudiyyətlərin aradan qaldırılması daha da sürətləndiriləcək. Qeyd edim ki, hazırda OPEK+ ölkələrinin tətbiq etdiyi məhdudiyyətlər gündəlik neft hasilatında 5,8 milyon barel olaraq qalmaqdadır. Sadəcə hər ay 400 min barel həcmində azaldılması nəzərdə tutulur. Azərbaycanın payına gündəlik neft hasilatına qoyulmuş məhdudiyyət 700 barel azaldılacaq və hazırda Azərbaycanın bu məhdudiyyətdə payı 43 min bareldir. Məhz 43 min barel baza ili ilə müqayisədə Azərbaycan daha az neft hasil edir. Lakin sentyabra qədər bu məhdudiyyətlərin tamamilə aradan qalxacağı təqdirdə ölkədə gündəlik neft hasilatının 718 min barel həcmində formalaşacağı gözlənilir. Bu isə hazırkı neft qiymətləri ilə və büdcədə tutulmuş göstəricidən təxminən 110-120 faiz daha artıq formalaşması ölkəyə kifayət qədər əlavə valyutanın daxil olması ilə nəticələnəcəkdir. Bu da ölkənin problemlərinin həllində, eyni zamanda infliyasiyanın artdığı şəraitdə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsi üçün geniş fürsətlər yaradır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə