Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 35,5 milyard dollar olub

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 35,5 milyard dollar olub

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ildə xarici ticarət dövriyyəsi 35 milyard 556,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 23 milyard 850,6 milyon dollar, idxalın dəyəri 11 milyard 705,8 milyon dollar təşkil edib, nəticədə 12 milyard 144,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

SİA xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz, real ifadədə 5 faiz artıb. İxracın real artımı 17 faiz olub, idxal isə 10 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 88,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, İsrail, Ukrayna, Gürcüstan, Xorvatiya, Hindistan, Birləşmiş Krallıq, İspaniya, Portuqaliya, Tunis, ABŞ, İsveçrə, İran, Yunanıstan, Belarus, Çexiya, Yaponiya və Braziliya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiyanın, 15,8 faizi Türkiyənin, 14 faizi Çinin, 5,4 faizi Almaniyanın, 4 faizi Ukraynanın, 3,8 faizi ABŞ-ın, 3,6 faizi İtaliyanın, 3,4 faizi İranın, 2,3 faizi Birləşmiş Krallığın, 2,2 faizi Yaponiyanın, 1,9 faizi Koreyanın, 1,7 faizi Braziliyanın, 1,6 faizi İsveçrənin, 1,5 faizi Fransanın, 1,2 faizi Hindistanın, 1,1 faizi Belarusun, 1 faizi Vyetnamın, hər biri 0,9 faiz olmaqla Polşa və Gürcüstanın, hər biri 0,8 faiz olmaqla Qazaxıstan, Rumıniya və Norveçin, 13,6 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

İxracın 41,6 faizini İtaliyaya, 12,7 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 4 faizini İsrailə, 3,4 faizini Xorvatiyaya, 3 faizini Gürcüstana, 2,9 faizini Almaniyaya, 2,7 faizini Hindistana, hər biri 2,6 faiz olmaqla Portuqaliya və Tunisə, 2,5 faizini İspaniyaya, 2 faizini Ukraynaya, 1,9 faizini Yunanıstana, 1,8 faizini Birləşmiş Krallığa, 1,3 faizini Belarusa, hər biri 1,2 faiz olmaqla İsveçrə və Çexiyaya, 1 faizini Kanadaya, hər biri 0,6 faiz olmaqla Çin, Avstriya və Tailanda, 5,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, bitki yağları, şəkər, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə