Azərbaycan iqtisadiyyatı son 12 ilin ən güclü başlanğıcını yaşayır

Azərbaycan iqtisadiyyatı son 12 ilin ən güclü başlanğıcını yaşayır

Bu ilin yanvar ayında Azərbaycanda real ÜDM illik ifadədə 5,8% artıb. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Azərbaycan Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, son 12 il ərzində yanvar ayında qeydə alınmış ən yüksək illik artım tempidir. Azərbaycan iqtisadiyyatı üçün bundan yaxşı ilin başlanğıcı sonuncu dəfə 2010-cu ildə olub. Həmin ilin yanvarında ÜDM-nin artım tempi 9,2 faiz təşkil etmişdi.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6% böyüyüb. Aparılan hesablamalara görə, bu, 2013-cü ildən bəri ÜDM üzrə qeydə alınan ən yüksək artım tempidir. Nəticədə, ötən il Azərbaycanda real ÜDM-nin həcmi COVID-19 pandemiyasından əvvəlki ildə (2019-cu il) qeydə alınan göstəricini 1-1,1 faiz üstələyib.

Proqnozlara gəldikdə, Azərbaycan İqtisadiyyat Nazirliyi bu il ölkədə ÜDM-nin real artımını 3,9% səviyyəsində olacağını gözləyir. Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 3,1 faiz, BMT-nin proqnozuna görə isə 4 faiz artacaq.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4,3 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə