Sumqayıt Kimya Sənaye Parkına 5,4 milyard manat investisiya yatırılıb

Sumqayıt Kimya Sənaye Parkına 5,4 milyard manat investisiya yatırılıb

İqtisadiyyat nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də ümumi investisiyaların həcmi 5,4 milyard manatdan artıq olan 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 17-si fəaliyyət göstərir. İndiyədək 5,1 milyard manat həcmində investisiya yatırılıb və 5700-dək insan daimi işlə təmin olunub.

SIA xəbər verir ki, bu barədə Sənaye Parkının 10 illiyi ilə bağlı yayılan məlumatda bildirilib. Qeyd olunub ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr digər yeni məhsullar istehsal edilir. Bu məhsullar ölkədə daxili tələbatın ödənilməsi ilə yanaşı, "Made in Azerbaijan” brendi altında dünyanın 30-dan çox ölkəsinə ixrac olunur.

"Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 4,4 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1,5 milyard manatlıq hissəsi - təqribən 34 faizi ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkının məhsul istehsalı və ixracında müsbət artım müşahidə edilir. Belə ki, Sənaye Parkı fəaliyyətə başlayandan 2021-ci ilədək 2,5 milyard manatlıq məhsul istehsal edilmişdisə, təkcə 2021-ci ilin 11 ayında 1,9 milyard manatlıq məhsul istehsal olunub. Həmçinin Sənaye Parkı fəaliyyətə başlayandan 2021-ci ilədək 764 milyon manatlıq məhsul ixrac edilmişdisə, 2021-ci ilin 11 ayında 764 milyon manatlıq məhsul ixrac olunub", - deyə məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə