Artımlar nikbin proqnozlar vəd edir - TƏHLİL

Artımlar nikbin proqnozlar vəd edir - TƏHLİL

Son illər ölkəmizdə əmək haqqlarının, pensiaların və digər ödənişlərin davamlı şəkildə artımını müşahidə edirik və sözsüz ki, bütün bunlar vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Əlbəttə, qeyd olunan artımlar bizə onu deməyə əsas verir ki, vətəndaş amili ölkədə ən prioritet məsələdir və bu artımların davamlı xarakter alması həm də ondan xəbər verir ki, ölkə iqtisadiyyatında dinamik inkişaf var.

Təbii ki, artımın daha da çox olmasını vətəndaşlar arzulaya bilərlər. Hətta, artım nə qədər çox olsa vətəndaşlar daha çox sevinərlər, bu onları daha çox qane edər, amma reallıqlar var və nəzərə almaq lazımdır ki, iqtisadiyyat burada mühüm rol oynayır və iqtisadi siyasət çərçivəsində sosial yönümlü tədbirlərin reallaşdırılması iqtisadi siyasətin ən mühüm və eyni zamanda ən mürəkkəb istiqamətlərindəndir. Əmək haqlarının, pensiyaların və digər ödənişlərin artımına zəmin olmalıdır, əhs halda bu mümkün deyil. Sosial yönümlü xərclərin artımı da özü-özünə baş verə bilməz və sözsüz ki, bunun üçün iqtisadiyyat sahəsində müvafiq zəmin yaranmalıdır və birinci növbədə də iqtisadi inkişaf buna təkan verməlidir.

Bir sıra Qərb ölkələrində, ABŞ-da əhaliyə valyuta emissiya olunduğunun şahidi oluruq və daha çox böhranla mübarizə çərçivəsində bunu müşahidə edirik. Təbii ki, insanlar arasında maraqlı suallar ortaya çıxa bilər. Məsələn, sual oluna bilər ki, niyə Qərb ölkələrində bu baş verir? Niyə həmin ölkələrdə belə emissiyalar olur, amma bizim ölkədə olmur? Bilmək lazımdır ki, elə bu sualların da cavabını iqtisadi proseslərdə axtarmaq, iqtisadi prosesləri təhlil etmək, ən azından nəzərdən keçirmək lazımdır. Nəzərə almaq lazımdır ki, həmin ölkələr dünyanın aparıcı ehtiyat valyutalarının emitentidir və nümunə üçün qeyd etmək lazımdır ki, həmin ölkələr istər Amerika Birləşmiş Ştatları dolları, istərsə də Avro olsun, imkanları daha genişdir.

Bizim ölkəyə gəldikdə isə, bizim özümüzdə də sözsüz ki, yenə də sosial xərclərin artımı ilə bağlı potensial var və bu istiqamətdə işlər də görülür. Əks halda sözügedə artımları müşahidə etməzdik. Son illərin göstəriciləri bəzi məqamlara aydınlıq gətirir və deyilənləri təsdiq edir. Son illərin statistikasına nəzər salsaq, Azərbaycanda son üç il yarım müddət ərzində minimum pensiaların 82 faiz artdığını, orta statistik pensiayanın həcminin 60 faiz artdığını görürük. Xüsusilə, son 10 il, yaxud 15 il ərzindəki dinamikaya nəzər salsaq, bir sıra məqamlara aydınlıq gətirə və kifayət qədər böyük artım olduğu qənaətinə gələ bilərik.

Əlbəttə ki, yenə də müxtəlif suallar yarana bilər. Məsələn, sual yarana bilər ki, əhali tam şəkildə bundan məmnundurmu, razıdırmı? Yaxud sual yarana bilər ki, əmək haqlarında, pensiyalarda, digər ödənişlərdə edilən artımlar bu gün əhalinin gözləntilərinə uyğundurmu? Sözsüz ki, biz sorğu da apara bilərik və bu sorğunun nəticələri birmənalı olmaya da bilər. Yəni, gözləntilərin daha böyük olan əhali qruplarına da rast gələ bilərik, amma qeyd etdiyimiz kimi, reallıqlar da var və sadəcə əskinasları çap edərək onu əhaliyə paylamaqla məsələni həll etmək mümkün deyil və nəzəri olaraq dediyimiz o paylanılan pulun arxasında əmtəə, daha çox istehsal dayanmayacaqsa, bu zaman fəlakət gözlənilə, daha dəqiq desək, inflyasiya prosesləri hədsiz dərəcədə sürətlənə bilər ki, bu da qəti şəkildə arzuolunmazdır. Bir sözlə, artım prosesi iqtisadiyyatdakı proseslə sinxronluq təşkil etməlidir və ilk öncə bunu dərk etmək lazım gəlir.

Maraqlıdır, nə tələb olunur və nə olmalıdır ki, artım prosesi iqtisadiyyatdakı proseslə sinxronluq təşkil etsin? Ümumiyyətlə, iqtisadi artım necə sürətləndirilir? Əlbəttə ki, ilk növbədə sərmayə qoyuluşları artmalıdır. Bəli, investisiyalar, sərmayə qoyuluçkarı artmalıdır ki, istehsal daha da artsın. Təbii ki, bunun, yəni istehsalın artımının da ardınca dövriyyə mütləq şəkildə artmalıdır. Dövriyyənin də artımının, ümumilikdə bütün bu proseslərin də məntiqi nəticəsi əmək haqlarının artmasına gətirib çıxaracaq. Xüsusilə qeyd edək ki, belə bir proses, yəni, sərmayə qoyuluşlarının, nəticədə də istehsalın daha da artması milli gəlirin təkrar bölgüsünə şərait yaradacaq, sosial ödənişlərin verilməsi üçün də imkanlar daha da genişləncək.

Bir məqama da xüsusilə diqqət etmək lazımdır ki, bir çox hallarda bəzi ekspertlər təəssüf ki, qonşu ölkələrtlə müqaisəli təhlillər aparırlar. Bu zaman da yanlışlıqlara yol vermiş olurlar. Pulu çap edərək insanlara paylamaq düzgün deyil, olmaz və dövriyyədə olan pulun arxasında mütləq şəkildə əmtəə dayanmalıdır. Əks halda çox sürətli bir inflyasiyanın da şahidi ola bilərik ki, bu heç də arzuolunan deyil. Digər tərəfdən iqtisadiyyatda müvafiq artım olmadan, əmtəə istehsalı olmadan pulun paylanılması əməyin demativasiyası deməkdir. Deyək ki, insanlar üçün açılan iş yerləri dövriyyənin artmasına gətirib çıxara, nəticədə də əmək haqqı arta bilər və bu təbii prosesdir. Yox əgər belə olmadan, yəni iş yerləri açılmadan, insanların məşğulluq səviyyəsi artmadan, eləcə də dövriyyə böyümədən sadəcə pullar emissiya edilərsə, bu məhz əməyin demativasiyasıdır.

Qeyd etdiyimiz kimi, pensiyaların, müavinətlərin, sosial təyinatlı ödəmələrin artımı, bütün bunlar iqtisadiyyatla bilavasitə bağlı məsələlərdir. Daha dəqiq və qısa şəkildə desək, sosial ödənişlərin artımı birbaşa dövlətin iqtisadi potensialından asılıdır və əgər biz son illər belə artımları mütəmadi olaraq müşahidə ediriksə, deməli, ölkəmizin iqtisadi potensialı daha da artmaqdadır ki, bunun öhdəsindən layiqincə gəlinir. Ən qısa şəkildə ifadə etmiş olsaq, istənilən artım barədə qərarın arxasında maliyyə vəsaiti, büdcə dayanmalıdır, əks halda bu qərar sözdən başqa bir şey olmaz. Real gəlirlər artmasa, sosial ödənişlərin həyata keçirilməsi baxımından dövlətin də imkanları geniş olmaz və əgər artımlar olunursa, deməli, real gəlirlər də artır ki, bu çox sevindirici haldır. Yaranmış milli gəlirin təkrar bölgüsü ilə deyil, onun yaradılması ilə bağlı köklü müsbət dəyişikliklərə nail olmalıyıq. Bunun da əsası investisiyadan, kapital qoyuluşundan keçir və investisiya, kapital qoyuluşu, istehsal olmasa biz daxili bazarı təmin etmək üçün idxaldan asılı olacağıq və bu da arzuolunan nəticələrə gətirib çıxara bilməz.

Sevindirici haldır ki, bütün dünya ölkələrində böhranlı vəziyyətin hökm sürdüyü bir zamanda, pandemiyanın zərərli təsirlərinə məruz qaldığı bir vaxtda ölkəmizin iqtisadiyyatında dinamik irəliləyiş müşahidə olunur və məhz bu imkan verir ki, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün müvafiq addımlar atılsın, artımlar edilsin. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı, sənaye sahələri və digər sahələr üçün geniş imkan mövcuddur və bu imkanlar daha böyük uğurlar, nəticələr vəd edir. Təbii ki, bunun üçün, qeyd etdiyimiz kimi, sərmayə, kapital qoyuluşları, istehsalın genişləndirilməsi tələb olunur və bu istiqamətdə də uğurlu addımlar atılır. Ümumiyyətlə, ölkə iqtisadiyyatının bütün istiqamətlərində dövlətimizin, dövlət başçımızın, cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti daha böyük nəticələrə zəmin yaradır və artıq təsdiq olunan əmək haqqı, pensiya və digər artımların davamlı olacağına şübhə yeri qalmır. Əslində, sözügedən artımlar gələcək üçün nikbin proqnozlar vəd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə