Azərbaycanla Aİ-nı bağlayan məsələ Cənub Qaz Dəhlizidir İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

Azərbaycanla Aİ-nı bağlayan məsələ Cənub Qaz Dəhlizidir İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

Cari ilin dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının 6-cı Zirvə Görüşündə Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqına üzv ölkələrinin bir bəyannaməsində müəyyən iqtisadi məqamlar da qeyd olunmuşdur. Bu sözləri SİA-ya verdiyi açılamasında iqtisadçı-ekspert Aslan Əzimzadə deyib.

O qeyd edib ki, Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi o cümlədən nəqliyyat əlaqələrinin gücləndirilməsi məsələləri buna misaldır.

“Bu gün nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ölkələr arasında ticarətin də inkişafını şərtləndirir ki, bu da birbaşa iqtisadiyyata müsbət təsir göstərir. Eynilə biz burada Zəngəzur dəhlizini misal göstərə bilərik. Belə ki, bu dəhliz həm region ölkələri üçün həm də Avropa ölkələri üçün olduqca önəmlidir. Belə ki, Zəngəzur dəhlizi vasitəsilə Avropa ölkələrinin məhsullarının Orta Asiya bazarlarına ixracı daha asanlaşacaqdır. Digər tərəfdən, burada Azərbaycan da tranzit ölkə kimi yüksək iqtisadi dividendlər əldə edəcəkdir. Bütün bu məqamlar da tamamilə Azərbaycanın post-münaqişə gündəliyinə uyğun olmaqdadır.

Digər tərəfdən, bu gün Azərbaycanla Avropa İttifaqını bağlayan başlıca məsələ Cənub Qaz Dəhlizidir. Bu layihə Avropada enerji təhlükəsizliyi problemini həll etmək üçün olduqca önəmlidir. Bu layihənin başa çatmasının alqışlanması məhz Avropa İttifaqının Azərbaycanın böyük dəstəyi ilə ərsəyə gəlmiş qlobal layihəni dəstəkləməsinin ifadəsidir”, deyə Aslan Əzimzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə