"Regionda qaz diplomatiyası üçün yol xəritəsi..."

Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəqli strateji addımdır - İranlı rəsmi
"Regionda qaz diplomatiyası üçün yol xəritəsi..."

Türkmənistan qazının İran vasitəsilə Azərbaycana mübadiləsinə dair müqavilə mühüm və strateji addımdır.

SİA xəbər verir ki, bunu Avstriyadakı Vyana Enerji Tədqiqat Qrupunun rəhbəri, İran Enerji İqtisadçıları Assosiasiyasının prezidenti Fereydun Berkeşli Shana Xəbər Agentliyinə deyib.

Onun sözlərinə görə, müqavilə həyata keçirib davam etdirilərsə, bu, regionda qaz diplomatiyası üçün yol xəritəsi yarada bilər.

Berkeşli onu da əlavə edib ki, Azərbaycan, Türkmənistan və İran arasında qaz dəhlizi uzun illər fəaliyyət göstərə bilər. Bu, İranın üçtərəfli enerji layihəsində ilk iştirakıdır.

"Hazırda Türkmənistan və Azərbaycan qazının Türkiyəyə, oradan da Avropaya nəqli layihəsi hazırlanır. Bundan əlavə, “Enerji İpək Yolu” adlandırılan TANAP qaz layihəsi çərçivəsində 1850 kilometrlik boru kəməri ilə ildə 12 milyard kubmetr qaz nəql olunacaq", - deyə Berkeşli vurğulayıb.

O əlavə edib ki, İran öz qazını nəql etmək üçün layihəyə diqqət yetirməlidir. Qaz sektorunda uzunmüddətli gəlirlər strateji məqsədlərə xidmət edə bilər.

Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacağı və gündəlik 5-6 milyon kubmetr qazın nəqli gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə