“İqtisadi inkişaf əsası Ümummilli Lider tərəfindən qoyulan siyasətin nəticəsidir” - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

Ölkəmizdə bu gün müşahidə edilən iqtisadi inkişaf, eyni zamanda pandemiyanın davam etməsinə baxmayaraq daha qısa zamanda iqtisadi artımın əldə edilməsi, birbaşa əsası Ümummilli Lider tərəfindən qoyulan iqtisadi və enerji siyasətinin nəticəsi kimi qiymətləndirilir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib.

İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycan 2021-ci ildə 5 faizdən artıq iqtisadi artıma nail olacaq.

“Ötən illərin də statistikası göstərir ki, xüsusən də 2003-cü ildən etibarən biz həm ümumi daxili məhsulda, həm büdcə gəlirlərində artımlar müşahidə etmişik və büdcə gəlirlərinin ötən müddətdə 20 dəfəyə yaxın artması qeydə alınıb. Bu da birbaşa ondan xəbər verir ki, məhz həmin dövrdə formalaşan iqtisadi siyasət nəticə etibarı ilə sonrakı illərdə də, dekadalarda da öz pazitiv təsirlərini göstərdi. Xüsusən nəzərə alsaq ki, Ümummilli Liderimizin məhz uzaqgörənliyi və qətiyyəti nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanda iqtisadi siyasət üçün baza rolunu oynadı və iqtisadi artımın təşviq edilməsi və növbəti mərhələdə qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlərin genişləndirilməsinə imkan yaratdı. Ona görə də bu gün həyata keçirilən siyasət məhz Ümummilli Lider tərəfindən əsası qoyulmuş enerji və uzunmüddətli perspektivə malik olan iqtisadi siyasətin nəticəsi olaraq qiymətləndirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə