Zəngilanın Ağalı kənd sakinləri üçün biznes təlimlər başa çatıb

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma kəndlərinə qayıtdıqdan sonra məşğulluğunu təmin etmək və sahibkarlıq fəaliyyətinə başlamalarına dəstək məqsədilə kənd sakinləri üçün təşkil olunmuş biznes təlimləri başa çatıb.

Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Məlumata görə, KOBİA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində bir ay davam edən biznes təlimlərində 30 nəfər Ağalı kənd sakini iştirak edib. KOBİA-nın təlimçiləri iştirakçıları sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verib, onlar biznes fəaliyyəti üçün zəruri biliklərə yiyələniblər.

Növbəti mərhələdə Ağalı kənd sakinlərini avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. sahələr üzrə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi müvafiq avadanlıqlarla təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...