2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır - Vüsal Qasımlı

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayacaq. Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər əsasında hazırlanan “Sosial-iqtisadi inkişaf Strategiyası” 2022-ci ildən başlayaraq növbəti beş ili əhatə edəcək. Eyni zamanda, rəqəmsal transformasiya və Qarabağın inkişafı üzrə sənədlərin də qəbulu gözlənilir. Bir sözlə, Azərbaycan post-konflikt və post-pandemiya dövrünün çağırışlarına uyğun yeni səhifəni açır. Bu barədə SİA-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O deyib ki, Azərbaycanda Böyük Qayıdış dünya post-konflikt quruculuğu tarixində sürətinə və yeniliklərin tətbiqinə görə, həmçinin daxili imkanlar hesabına maliyyələşdirilməklə özünəməxsus yer tutacaq.

“Milli iqtisadiyyat quruculuğunda əsas məqsəd vətəndaşın rifahı və layiqli həyatıdır. 2019-cu ildə inqilabi sosial paket və pandemiya dövründə sosial müdafiə tədbirlərindən sonra 2022-ci ildən iki milyona yaxın vətəndaşımızın əməkhaqqı, pensiya, müavinət və təqaüdləri artırılacaq. Bunun üçün dövlət büdcəsində kifayət qədər imkanlar var”, - deyə V.Qasımlı qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə