KOB-ların uçot və hesabatlığının sadələşdirilməsinə ehtiyac var - KOBİA

Hesabatlarında uyğunsuzluq aşkar edilən vergi ödəyicilərinin mütləq əksəriyyəti mikro və kiçik sahibkarlardır. KOBİA və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində aparılan təhlillər göstərir ki, vergi ödəyiciləri, xüsusilə də xidmət və ticarət sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarların gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğun aparılmaması, bəyannamələrin düzgün tərtib edilməməsi və s. nəticəsində kameral qaydada vergilər hesablanır və bu vergi ödəyicilərinin narazılığına səbəb olur. Bu, həmin kateqoriyadan olan sahibkarların müvafiq sahədə bilik və bacarıqlarının istənilən səviyyədə olmadığını göstərir.

SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransdakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Qeyd olunub ki, bu hal KOB subyektlərinin hesabat prosesinə professional mühasiblərin və auditorların cəlb etmək imkanlarının olmaması və hesabatları özləri tərəfindən təqdim etmək istəyindən qaynaqlanır. Belə halda sahibkarlara dəstək göstərilməli, eyni zamanda uçot və hesabat formaları daha da sadələşdirilməlidir. Ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən və KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən vergi inzibatçılığı, həmçinin maliyyə və qeyri-maliyyə, vergi hesabatlarının hazırlanması, uçot qaydaları istiqamətində mütəmadi olaraq təlim və məsləhət xidmətləri göstərilir. 2021-ci ilin ötən dövründə KOB inkişaf mərkəzləri tərəfindən qeyd olunan mövzularda 800-ə yaxın biznesə başlamaq istəyən şəxsin və sahibkarın faydalandığı 40-a yaxın təlim təşkil olunub.

Orxan Məmmədov onu da bildirib ki, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən vergi inzibatçılığı, vergi hesabatların hazırlanması və digər aidiyyəti sahələrdə yol verilən nöqsanların aradan qaldırılması üçün KOBİA və Dövlət Vergi Xidməti birgə layihəyə start verib. Layihə çərçivəsində nöqsanların müşahidə olunduğu fəaliyyət istiqamətləri üzrə sahibkarlar təsnifatlaşdırılaraq KOB inkişaf mərkəzlərinin təlimlərinə cəlb olunacaq. Həmçinin, Agentlik KOB subyektləri üçün uçot və hesabatlığın daha da sadələşdirilməsinə dair təkliflərin hazırlanması istiqamətində aidiyyəti qurumlarla birgə əməkdaşlığa və koordinasiyalı işlərin həyata keçirilməsinə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə