Rusiyanı iqtisadi tələbli nümayişlər gözləyir?

Bu gün Rusiyada qida məhsullarının ixracına qoyulan məhdudiyyətlər daha da genişləndirilə bilər. Əslində, bu, “qiymət amortizatoru” halına gəlməlidir, yəni daxili bazarda artmaqda olan bahalaşma istehlakçıları qiymət artımından qorumalıdır.

Məsələ bundadır ki, son dövrlərdə ölkədəki inflyasiya Vladimir Putinin vəd etdiyi iqtisadi bərpa üçün zərbə halına gəlməkdədir.

Hazırda ölkədə ərzaq məhsulları qiymətlərinin artması Moskvanı ixrac kvotaları tətbiq etməyə məcbur edib. Qeyd edilməlidir ki, məsələ artıq kəskin xarakter almaqdadır. Təsadüfi deyil ki, məsələ Rusiya səlahiyyətliləri arasında da fikir ayrılığına səbəb olmaqdadır.

Məsələ bundadır ki, hazırda Rusiyadakı inflyasiya Vladimir Putinin bir müddət bundan əvvəl vəd etdiyi iqtisadi canlanmaya zərbə vurmaqdadır. Belə görünür ki, bütün bunları anlayan rus dövlət başçısı ötən gün Sankt-Peterburqda keçirilən beynəlxalq forumdakı çıxışı zamanı nəhayət normal həyata qayıtmağın vacibliyinə diqqət yetirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatında, ərzaq qiymətlərinin artması fonunda ölkədəki inflyasiyanın may ayında yenidən qalxaraq illik 6 faizə çatdığı bildirilib. Halbuki bu sahəyə məsul olan səlahiyyətlilər bu rəqəmin 4 faizi keçməyəcəyini iddia edirdilər.

Etiraf edilməlidir ki, 2014-cü ildən bəri rus əhlinin gəlirləri durmadan azalmağa və bunun da yekunu olaraq, ölkədəki yoxsulluq həddinin artdığı müşahidə edilməkdədir.

Məsələ ondadır ki, bunu artıq rus saytları da etiraf etməkdədirlər.

Yeri gəlmişkən bildirək ki, hazırda siyasi narazılığın mənbəyini nəzərə alaran hakimiyyət rus ailələrinin yoxsullaşmasına stimul verən qiymət artımları ilə mübarizə üçün yeni təşəbbüslər göstərir. Amma buna baxmayaraq, ölkədə qiymətlər hələ də artmaqdadır. Məsələn, təkcə may ayında ərzaq məhsullarının illik nisbətində 7,4 faiz, qeyri-ərzaq məhsullarında isə 6,7 faiz bahalaşma müşahidə edilib.

Bu arada dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Rusiya, özünü dünya bazarındakı bahalaşmadan qorumaq üçün qida ixracatını daha da məhdudlaşdıra bilər. Bildirək ki, bu təşəbbüslə ölkənin iqtisadi inkişaf naziri Maksim Reşetnikov çıxış edib.

Belə görünür ki, Rusiyada hazırda ərzaq qiymətləri ilə bağlı problem yaşayır. Məsələ bundadır ki, hələ ötən il maliyyə naziri Anton Siluanov ölkədəki qiymət tənzimləməsinə qarşı çıxmışdı. Elə həmin ərəfədə mərkəzi bankın rəhbəri Elvira Nabiullina da rəqabət mexanizmlərinin işləməsinə imkan verilməsinin vacibliyini xatırlatmışdı…

…Başqa bir önəmli məsələ “Levada” mərkəzinin apardığı sorğu ilə bağlıdır. Belə ki, mərkəzin apardığı son sorğunun nəticələrinə görə, rusların təqribən 40 faizdən çoxu iqtisadi tələblərlə nümayişlərə çıxa bilərlər. Onu da xatırladaq ki, ölkədə bu qədər yüksək nisbət ilk dəfə 1998-ci ildə müşahidə olunmuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...