Moskva dünyanın reytinqlı şəhərləri sırasında

Bu günlərdə İngiltərənin "Knight Frank" şirkəti "Dünya şəhərlərinin reytinqi"ni yayımlayıb. Belə ki, Moskva ilk dəfə olaraq, Vyana və Hyuston ilə birlikdə 19-21 yerləri tutaraq super zənginlər reytinqində dünyanın ən yaxşı iyirmi şəhərlərindən biri kimi təqdim edilib.

SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, reytinq "The Wealth Report"-un 15-ci araşdırmasının bir hissəsidir. Burada planetimizin super zəngin insanlarının yaşamaq, investisiya qoymaq və iş görmək üçün ən yaxşı yerin hara olduğu sual kimi önə çəkilir.

Beləliklə, tədqiqat dünyanın 100 şəhəri arasında aparılıb. Belə ki, bu şəhərlər investisiya, yaşayış və vaxt keçirmə yerləri kimi qlobal cəlbediciliyinin müxtəlif meyarlarına görə qiymətləndirilib. İlk beşliyə New- York, London, Paris, Honq- Konq və Los-Angeles daxildir. Dediyimiz kimi, Moskva da ilk dəfə olaraq Vyana və Hyuston ilə birlikdə 19-21 yerləri tutaraq super zənginlər üçün dünyanın ən yaxşı iyirmi şəhərinə daxil edilib.

Tədqiqat müəlliflərinin fikrincə, şəhərdə yaşayan milyoner və multimilyoner sayına görə (xatırladaq ki, dünyada birinci yerdə - Nyu-York, ardından Paris və Los-Anceles gəlir) Moskva "sərvət" baxımından ilk iyirmilikdə 11-ci yeri tutur. "İnvestisiya" baxımından isə Moskva 20-ci yerdədir; bu göstərici şəhərdəki daşınmaz əmlaka özəl investisiyaların səviyyəsindən və müxtəlifliyindən asılıdır. Tədqiqat müəllifləri bu göstəricidə birinci yeri Nyu-Yorka, ikinci-üçüncü yerləri isə London və Parisə veriblər.

Yeri gəlmişkən, zənginlərin (lüks otel və restoranlar, ən yaxşı universitetlərin keyfiyyəti və miqdarı, hava nəqliyyatı şəbəkəsinin inkişafı) yaşamaq və şəhəri ziyarət etmək şərtlərini əks etdirən "həyat tərzi" göstəricisinə görə Moskva dünyada 16-cı yerdə qərar tutub". Burada da ilk üçlükdə London, Paris və New Yorkdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə