Dollar ucuzlaşa bilər – Konqresin sorğusu ABŞ-da narahatlıq doğurdu
ABŞ-da, başqa ölkələrə qarşı tətbiq edilən sanksiyaların dolları necə vuracağı analiz edilib
ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələr dollardan asılılığını azaltmağa çalışırlar və ortaqlarla hesablaşmaq üçün başqa valyutalara keçirlər. ABŞ Konqresinin Tədqiqat Xidmətinin sorğusuna görə, bu, dolların qlobal iqtisadiyyatda roluna mənfi təsir edə bilər.
Beləliklə, ABŞ-ın məhdudlaşdırıcı tədbirlərin obyektinə çevrilmiş xarici hökumətlər, eləcə də tərəfdaşları dollardan asılılığı azaltmaq üçün fəal şəkildə öyrənir və şərait yaradırlar. Ölkələr digər valyutalara keçərlərsə, bu, ABŞ üçün borc xərclərinin artması da daxil olmaqla bir sıra mənfi iqtisadi nəticələrə səbəb ola bilər.
Sənəddə deyildiyi kimi, İran, Venesuela və Rusiya üçün Amerika maliyyə bazarlarına çıxışı məhdudlaşdırmaq da daxil olmaqla xarici siyasət hədəflərinə çatmaq üçün Vaşinqton tərəfindən dollardan daha çox istifadə olunur.
Analitiklər ABŞ-ın cavab tədbirləri ilə qarşılaşa biləcəyi barədə də xəbərdarlıq ediblər.
Sənəddə Rusiyanın kənd təsərrüfatı məhsullarının idxalına qoyulmuş qadağanın Alyaskada dəniz məhsulları istehsalına və Vaşinqton əyalətindəki armud və alma istehsalçılarına mənfi təsir göstərdiyi bildirilir.
Bundan əvvəl, Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev, Avrasiya İqtisadi İttifaqı ölkələrinin milli valyutada qarşılıqlı hesablaşmalara keçmələri lazım olduğu fikrini dilə gətirib, çünki dollarla əməliyyatlar bu ölkələrin iqtisadiyyatı üçün zərərlidir.
Yanvar ayında "Financial Times", Avropa İttifaqındakı mənbələrə istinadən, İttifaqın dünya bazarlarındakı "dollar üstünlüyü" ilə mübarizə aparmaq niyyətində olduğunu bildirib. Sənədlərdən biri, qəzetin yazdığı kimi, dünya maliyyə bazarlarının dollardan çox asılı olduğunu göstərir. Məqalədə dünya miqyasında avronun rolunu artırmaq üçün bir yol tapmağa ehtiyac olduğu da göstərilir.
Bütün bunlar dolların qlobal hegemonluğunu ciddi şəkildə zəiflədə və dünya ticarətində dövriyyəsini azalda bilər. Bu isə öz növbəsində dolların məzənnəsinin aşağı düşməsinə səbəb ola bilər.
Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB