Sənayeləşmə Prezidentin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir

Yanvarın 18-də Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlini qoyub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışında iştirak etmişdir. Yeni müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının həm ölkə, həm də Sumqayıt şəhərinin inkişafı üçün çox böyük əhəmiyyəti var.Yerli istehsal canlanır, yeni iş yerləri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir.

Yeni “sulfat turşusu istehsalı” zavodunun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq, məhsullar Gürcüstana və Rusiyaya ixrac ediləcək. Sumqayıtda şüşə tara məhsullarının və vərəqə şüşənin istehsalı qeyri-neft sektorunun bu məhsullara tələbatını təmin edəcək, məhsulların ixrac potensialı da olacaq.

Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Eyni zamanda, son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var.

Əvvəllər Sumqayı tekoloji fəlakət zonası olsa da hazırda, müasir sənaye mərkəzinə çevrilmişdir. Bildiyimiz kimi, sovet vaxtında burada tikilmiş çoxsaylı müəssisələr istismar müddətini başa vurmuşdu, sıradan çıxmışdı və ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi. O müəssisələr söküldü və 10 il bundan əvvəl onların ərazisində 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Son illər ərzində bu sənaye parkı o qədər böyüdü və genişləndi ki, əlavə torpaq sahələri tapılmasına və bu istiqamətdə işlərin aparılmasına göstəriş verildi. Bu müəssisənin təməlini 2017-ci ildə Prezident şəxsən qoymuşdu və 100 milyon avro dəyərində bu böyük layihə həyata keçdi.

Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var.

Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Sənaye, kənd təsərrüfatı və qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının artması, idxaldan asılılığın azaldılması yeni iqtisadi reallıq yaradıb.

Bu məqsədlə hələ regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioretitet istiqamətlərindən biri kimi seçilmişdi. Bu siyasət sonrakı illər də davam etdirilmiş, 2014-cü il Azərbaycanda “sənaye ili” elan edilmişdi. Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.

Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib.

Namiq Əhmədov,

YAP Xəzər rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə