"Şərq-Qərb nəqliyyat dəhlizi üzrə işlər davam etdirilir" EKSKLÜZİV - AÇIQLAMA

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşınacaq yükün həcminin artırılması məqsədilə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə işlər davam etdirilir". Bu sözləri SİA-ya özəl açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov, Litvanın Nəqliyyat və Rabitə Nazirliyinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyəti ilə bağlı bəyan edilən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünya logistika bazarında ölkəmizin mövqeyinin gücləndirilməsi və xüsusilə də tranzit yükdaşımalarında yük həcminin artırılması üçün "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən aidiyyəti üzrə müvafiq tədbirlər həyata keçirilir: "Azərbaycanda innovativ texnologiyalara əsaslanan dayanıqlı dəmir yolu sisteminin formalaşdırılması, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə rəqabət qabiliyyətinin artırılması və buna uyğun tarif siyasətinin aparılması istiqamətində zəruri islahatlar aparılaraq, idarəetmə təkmilləşdirilib.

Dəmir yolu nəqliyyatında yeni texnologiyalardan geniş istifadə, sağlam rəqabət mühitinin formalaşması, beynəlxalq yük daşıyıcıları üçün münbit şəraitin yaradılması və digər tədbirlər siyasətimizin təməlini təşkil edir.
Azərbaycanın unikal coğrafi mövqeyi, beynəlxalq nəqliyyat marşrutlardan səmərəli istifadə edilməsinə imkan yaradır. Regionda mövcud olan beynəlxalq nəqliyyat marşrutlarının əksəriyyəti məhz Azərbaycandan keçir".

Departament rəisi vurğulayib ki, hazırda Azərbaycanın tranzit potensialının gücləndirilməsi, onun regionda əsas nəqliyyat qovşağına çevrilməsi üçün müvafiq tədbirlər görülür: "Bu tədbirlər ümumilikdə dəmir yolunda daşıma sürətinin artırılmasına, yüklərin vaxtında və təhlükəsiz çatdırılmasına, eləcə də daha effektiv dəmir yolu bağlantılarının yaradılmasını təmin edəcək, beynəlxalq nəqliyyat dəhlizləri üzrə daşımaların asanlaşdırılmasına və bura əlavə yük axınlarının cəlb olunmasına şərait yaradacaq. Azərbaycan artıq dünya logistika bazarında etibarlı və təhlükəsiz şəkildə yükdaşımalarını həyata keçirən bir tərəfdaş kimi tanınır".

Emil Əhmədov əlavə edib ki, ölkəmizin tranzit potensialından maksimum istifadə olunması, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşınacaq yükün həcminin artırılması məqsədilə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə işlər davam etdirilir: "Bakı-Tbilisi-Qars dəmir yolu xətti yüklərin Mərkəzi Asiya dövlətlərindən Türkiyə vasitəsilə Avropaya birbaşa daşınmasını təmin edir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttində daşıma müddətinin az olması, dəmir yolunun sürətli, təhlükəsiz olması və rəqabət qabiliyyətli tarif siyasətinin aparılması, Avropa ilə birbaşa dəmir yolu bağlantılarının yaranmasına və intermodal daşımaların geniş tətbiqinə xidmət göstərəcək".

Qeyd edək ki, Litvanın Nəqliyyat və Rabitə Nazirliyindən bildirib ki, Cənub marşrutunun vacib hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryol xətti, ölkə üçün Çindən və əks istiqamətə yük daşınması üzrə potensial alternativdir. Litvanı Azərbaycanın bu daşımalar üzrə planları maraqlandırır.

Eyni zamanda, Litva Azərbaycanı Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında nəqliyyat əlaqəsinin təkmilləşdirilməsinə yönəlmiş mövcud proqramlar çərçivəsində Aİ ilə sıx əməkdaşlığa dəvət edib. Litvanın Azərbaycanla əməkdaşlığı gələcəkdə də inkişaf etdirəcəyi bildirilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə