"Sosial bağlar" layihəsi özünüməşğulluq proqramına dəstəkdir
Ölkəmizdə dövlət tərəfindən dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, təhlükəsizliyin, sabitliyin gücləndirilməsi ilə bağlı görülən tədbirlər dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin edib. Dövlət başçısının rəhbərliyi ilə regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin sosial-iqtisadi inkişafına müsbət təsirini göstərib. Bu uğurların əldə olunmasında, mühüm layihələrin reallaşdırılmasında Heydər Əliyev Fondunun da rolu müstəsnadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva ölkəmizin sosial-iqtisadi, xalqın maddi rifahının yaxşılaşdırılmasına dəstək verən, eləcə də, tariximizin, Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində müxtəlif proqram və layihələr reallaşdırır. Digər sahələrlə yanaşı, sosial məsələlərin həllinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə də dəstək verilməsi üçün fond tərəfindən ardıcıl və əhatəli layihələr və proqramlar həyata keçirilir. Fondun xüsusi qayğıya ehtiyacı olan və əlilliyi olan şəxslərlə bağlı bu günədək reallaşdırdığı layihələr arasında Bakıda və regionlarda reabilitasiya mərkəzlərinin və müəssisələrinin yaradılması mühüm yer tutur. Valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək, onların asudə vaxtının səmərəli təşkili üçün, mütəmadi olaraq, həyata keçirilən tədbirlər də Heydər Əliyev Fondunun diqqət mərkəzində saxladığı məsələlərdəndir. Fondun prezidenti Mehriban Əliyevanın xeyirxah missiyasının davamı olaraq, Bakıda yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkədə uşaqlar üçün yüksək standartlara uyğun reabilitasiya infrastrukturunun genişlənməsinə imkan verir. Fondun mühüm sosial layihələrindən biri də "Məzun evi" Sosial Müəssisəsidir. Müəssisədəki iki yaşayış binasında valideyn himayəsindən məhrum olmuş 243 gənc mənzillə təmin edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təsis edilən "Regional İnkişaf" İctimai Birliyi də vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırıb. Bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən məsələlərin aradan qaldırılması kimi məsələləri əsas məqsəd kimi qarşıya qoyaraq elm, təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, ekologiya, İKT və infrastruktur layihələri həyata keçirir. "Regional İnkişaf" İctimai Birliyi və Böyük Britaniyanın Azərbaycana Birgə Yardım təşkilatı arasında əməkdaşlıq haqqında imzalanan memorandum çərçivəsində UAFA nümayəndələri Biləsuvar və Cəlilabad rayonlarında 300-dən çox aztəminatlı və sosial dəstəyə ehtiyacı olan ailədə görüşlər keçirib, onlara müxtəlif dövlət qurumlarının xidmətlərindən istifadəsinin genişləndirilməsi, ailə sahibkarlığının, davamlı kənd təsərrüfatı imkanlarının inkişaf etdirilməsi, müasir metodologiyalardan istifadə etməklə uşaqlara yönəldilmiş səhiyyə, təhsil, habelə, sosial xidmətlər şəbəkəsinin gücləndirilməsi istiqamətində təşkilati və hüquqi yardım göstərib. Mehriban xanım Əliyevanın vurğuladığı kimi, bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa və köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib.
Bildiyimiz kimi, görülən işlərin davamı olaraq, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan memorandum da Prezident İlham Əliyevin sosial inkişaf kursunun yüksək səviyyədə həyata keçirilməsində Heydər Əliyev Fondunun fəal iştirakının növbəti göstəricisidir. İmzalanan Memoranduma əsasən, fondun "Regional İnkişaf" İB özünüməşğulluq proqramının icrasında ƏƏSMN ilə əməkdaşlıq etməklə intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına, artıq öz dəstəyini verir. Özünüməşğulluq proqramı aztəminatlı ailələr üçün kiçik ailə biznesinə çıxışın təminatı ilə yanaşı, ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib. 2018-ci ildə "Sosial bağlar" layihəsi üzrə 41 rayonda həssas qruplarıəhatə edən (şəhid ailələri, əlilliyi olanlar, aztəminatlı ailələrin üzvləri və s) 125 ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb. Həmin ailələrə sahələrin suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstərilib. Müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqlarının artırılması üçün təlim kursları təşkil edilib.
Layihənin artıq ikinci mərhələsinə başlanılıb. Yeni mərhələdə bu il daha 250 aztəminatlı ailə üçün bağ və bostançılıq təsərrüfatları yaradılacaq. Bununla onların kiçik sahibkarlığa çıxışı dəstəklənəcək, həmçinin qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına əlavə dəstək göstəriləcək. Özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 34 rayonu əhatə edir. Bu məqsədlə daxil olan müraciətlər əsasında həssas qruplardan (şəhid ailələri, əlilliyi olanların ailələri, aztəminatlı ailələr) olan ailələr seçilib. Onlara məxsus torpaq sahələrində monitorinqlər aparılaraq, ehtiyaclar müəyyən edilib.
Həqiqətən də, "Regional İnkişaf" İctimai Birliyi qısa bir vaxt ərzində regionların həyatında mühüm rol oynayıb. RİİB-in regionlarda ictimai nəzarətin həyata keçirilməsində, region sakinləri ilə dövlət və bələdiyyə orqanları arasında dialoqun inkişaf etdirilməsində göstərdiyi təşəbbüslər də diqqətəlayiqdir. Təbii ki, bütün görülən işlər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən qaynaqlanır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB