Pandemiya bank sektoruna da təsirsiz ötüşməyib ÖZƏL - AÇIQLAMA
"Bank sektorunda artıq müasir çağırışlara uyğun həm idarəetmənin avtomatlaşdırılması, eyni zamanda, mobil bankçılıqdan daha çox istifadə olunması kimi məsələlər gündəmə gəlir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov pandemiyanın bank sektoruna olan təsirlərindən danışarkən deyib.
Onun sözlərinə görə, pandemiyanın təsir etdiyi sektorlardan biri də elə təbii ki, bank sektorudur, nəzərə alsaq ki, 20 iqtisadi sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə pandemiyanın təsirləri var idi: "Bu müddət ərzində dövlət tərəfindən həmin təsirlərin minimumlaşdırılması ilə bağlı paket reallaşdırıldı və 300 min muzdlu çalışan vətəndaşımız, eləcə də 300 minə yaxın mikro və fərdi sahibkar dövlət tərəfindən birbaşa yardımlar ala bildi. Amma nəzərə almaq lazımdır ki, pandemiya ilə əlaqədar yaranmış vəziyyət kreditlər üzrə ödənişlərdə yubanmalara səbəb olur. Pandemiya səbəbindən gəlirləri azalan vətəndaşlarımızın ödəmələrində çətinliklər yaranır. Eyni zamanda, Mərkəzi Bank tərəfindən də pandemiyanın təsir etdiyi sektorlarda fəaliyyət göstərən vətəndaşlarımız üçün sentyabrın 30-dək kreditlə ödənişlərdə cərimə faizi və dəbbə pullarının hesablanmaması və eyni zamanda, həmin şəxslərin adının qara siyahıya salınmaması Mərkəzi Bankın aprel ayında təsdiq etdiyi tədbirlər planında öz əksini tapmışdır. Bəzi kommersiya bankları tərəfindən də belə bir güzəştin edilməsi müşahidə olunur".
Millət vəkili vurğulayıb ki, bütün bu hallarda bank sektoru yalnız Azərbaycanda deyil, ümumilikdə, qlobal olaraq pandemiyanın təsirlərinə məruz qalan sektorlardan hesab olunur: "Bu sektora birbaşa təsirlər olmasa da, lakin, dolayı olaraq digər sektorlardan olan təsirlər bank fəaliyyətinə də təsir göstərir. Bu baxımdan, təbii ki, post-pandemiya dövrü üçün kommersiya banklarının artıq yeni starategiya ilə fəaliyyətlərinin genişlənməsi gözlənilir. Çünki, artıq müasir çağırışlara uyğun həm idarəetmənin avtomatlaşdırılması, eyni zamanda, mobil bankçılıqdan daha çox istifadə olunması kimi məsələlər gündəmə gəlir. Lakin, hələlik bank sektoru ilə bağlı göstəricilərə diqqət yetirsək, Azərbaycan bankları dayanıqlılığını qoruyub saxlayıb. Güman olunur ki, post-pandemiya dövrü daha qısa müddətdən sonra başlayarsa, proqnozlara görə, bu 2020-ci ilin sonu və 2021- ci ilin əvvəllərində baş verə bilər, bu halda banklar yenidən aktivliyini bərpa edə bilər. Həmçinin, yenidən aktivliyini artıra bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB