Kənd təssərrüfatını dirçəltmək müqəddəs işimiz olmalıdır

Azərbaycan iqtisadiyyatının bir hissəsini təşkil edən sahələrindən biri kənd təsərrüfatdır. Ölkə əhalisinin 39 faizi kənd təsrrüfatının müxtəlif sahələrində çalışır. Hələ qədim zamanlardan əhali əkinçilik və heyvandarlıqla məşğul olub və sonralar elm-texnikanın inkişafı nətisədində aqrar sahənin digər sektorları formalaşmışdır. Belə ki, Azərbaycanın kənd təsərrüfatı -maldarlıq, taxılçılıq, üzümçülük, bağçılıq ölkəsi kimi formalaşmışdır. Tarixlər boyu təsdiq olunub ki, Azərbaycanın əsas gəliri kənd təsərrüfatından, maldarlıqdan, taxılçılıqdan, üzümçülükdən və bağçılıqdandır. Çünki ölkəmizdə olan münbit şərait, yaxşı hava, münbit torpaq da bunu deməyə əsas verir. Biz heç vaxt neft ölkəsi olmamışıq. Həm də Azərbaycan nefti həmişə ölkəmizə bəlalar gətirib... Bu neftin xeyirini hətta XIX əsrdən başlayaraq, biz yox, başqa ölkələr və millətlər daha çox görüblər...

Elə bunu biz, Sovetlərin vaxtında və indi də görürük... Bizim ən böyük səhfimiz onda oldu ki, neftdən gələn gəlirlə kənd təsərrüfatını dirçətmədik. İndi də bunun böyük ziyanını və bəlasını görürük. Çünki kəndlərimizdə kənd təsərrüfatı tənəzzülə uğrayandan sonra kənd adamları rayonlarda iş tapa bilmədiklərindən, torpağı əkib-becərməyə imkanları olmadığından, ailələrini dolandırmaq üçün məcbur olub müxtəlif şəhərlərə- Bakıya, Sumqayıta, Gəncəyə, Mingəçevirə və Rusiayaya getməli oldular. Bir təfərfən də Qarabağ kimi cənnətməkan yerlərimizin ermənilər tərəfindən işğal olunması, kənd təsərrüfatımızı demək olar ki, çökdürdü. Amma mən, kənddə böyüyən və kənd təsərrüfatından azdan-çoxdan xəbəri olan adam kimi deyim ki, bu gün də Azərbaycanın elə işğalda olmayan torpaqlarından çox böyük miqdarda gəlir götürmək olar. Sadəcə bu sahəyə rəhbərlik eləyən adamlar, rayon rəhbərləri öz işlərinin mütəxəssisi olmalı, millətini sevməli, onların güzəranını düşünməli və dövlət tərəfindən kənd təsərrüfatına böyük maliyyə yatırımı olmalıdır.

Gəlin yadımıza salaq dahi rəhbər Heydər Əliyevin 1970-80-ci illərdə Azərbaycana rəhbəlik elədiyi dövləri. Həmin vaxtlarda Azərbaycan kəndlisi çox yaxşı yaşayırdı. Kəndlər şəhərlərə lazım olan kimi köməklik eləyirdi. İnsanlarımız kənddə yaşamağı, şəhərdə yaşamaqdan üstün tuturdular. Çünki kəndlinin hər şeyi vardı. Yadıma gəlir ki, həmin vaxtı, böyük təsəsrrüfat rəhbəri, yüksək təşkilatçı insan, ömrünün 31 ilini birinci katib işləmiş, çox böyük ziyalı, alim, filosof, yazıçı və millətini öz canından çox sevən Sadıq Murtuzayevin Şəki və Ağdam rayonlarında yaratdığı maldarlıq komplekslərini. Kənd təsərrüfatında, taxılçılıqda, quşçuluqda, balıqçılıqda əldə etdiyi böyük nailiyyətləri. Yadınızdadırsa keçmiş Sovetlər Birliyində bu, hər iki rayon haqqında hamının böyük həvəslə danışdığını eşidirdiniz. Elə mən özüm də bu söhbətlərin iştirakçısı olmuşam. Bütün bunları görmüşəm, eşitmişəm və bu haqda dəfələrlə mətbuatda yazmışam. Çünki mən özüm həmin vaxtı bu rayonlarda olan teatrlarda işləmişəm. Hətta Ağdam Dövlət Dram Teatrına rəhbərlik eləmişəm. Orada olan təsərrüfat rəhbərləri ilə həmişə təmasda olmuşam. Onların təsərrüfatlardan götürdüyü yüksək keyfiyyətli məhsulları görmüşəm. Həmişə də dövlət tapşırıqlarını yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirən görmüşəm. Qətiyyətlə deyə bilərəm ki, Sadıq Murtuzayevin rəhbərlik elədiyi bu iki rayonda heç vaxt “perepiska” olmayıb. Həmin vaxtı Ağdam rayonunun camaatı çox yaxşı yaşayırdılar. Hamının iki mərtəbəli evləri, evlərində xarici mebellər və hamının həyətində ən azından bir şəxsi maşın vardı... Bax bu gün bizim rayonlara Sadıq Murtuzayev kimi rəhbərlər lazımdır. Bu kişi nə qədər ki, sağdır, onun təcrübəsindən, biliyindən, bacarığından Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi maksimum istifadə etməlidir...

Təsəvvür eləyin ki, dünyada adambaşına ən az torpağı olan Çin Xalq Respublikası dünya ölkələrinə çox böyük miqdarda kənd təsəsrrüfatı məhsulları göndərir və bundan da çox böyük gəlir əldə edir. Bəs onlar bu inkişafa necə nail olublar? Çox sadə yolla. Çində çoxlu kooperasiyalar yaradılıb və dövlət tərəfindən də bu kooperasiyalara bir vaxtlar böyük miqdarda maliyyə yardımları olub və indi də bu sahələrdən böyük gəlirlər götürürlər. Bir vaxtlar ölkə başçımız cənab İlham Əliyev də Çin Xalq Respublikasnda olanda, orada olan kənd təsərrüfatındakı inqilablardan böyük həvəslə danışırdı. Mən fikirləşdim ki, tezliklə bizim məmləkətdə də bu sahəyə çox fikir veriləcək. Amma, əfsus ki, belə şey olmadı... Yenə də kənd camaatımız pis vəziyyətdədir və insanlarımız pis güzəranda yaşayır. Bu gün Kənd Təsərrüfatı Nazirliyində öz peşəsinin yüksək bilicisi olan insanlar işləməsə, kəndlərdə böyük kooperasiyalar yaradılmasa və ayrı-ayrı adamlara verilən və istifadəsiz qalan torpaqlar həmin kooperasiyalarda birləşməsə, Azərbaycanda kənd təsərrüfatını dirçəltmək mümkün olmayacaq. Bununla da insanlarımızın güzəranını dirçəltmək çox çətin olacaq. Nə qədər ki, biz insanlarımıza müqəddəs kitabda olan bu kəlam kimi “balıq tutmağı öyrədə bilməyəcəyiksə” onlara balıq verməklə qarınlarını doyura bilməyəcəyik.

Doğrudan da Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində nə isə etməyə çalışırlar, amma bütün bunlar çox azdır. Elə bununla bağlı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovassiya Mərkəzinin direktor müavini, texnika elmləri doktoru, uzun illərdir ki, tanıdığım və ağlına, təfəkkürünə, savadına, ziyalıliğına, ən əsası yüksək təşkilatçılığına çox yaxından bələd olduğum Tariyel Pənahovun mənə göndərdiyi”Aqrar sahədə emal sənayesinin inkişaf perspektivləri” adlı bu maraqlı yazı inanıram ki, oxucularda böyük maraq yaradacaq. Ona görə də ilk öncə oxucularla Tariyel müəllimi daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Tariyel Məhəmməd oğlu Pənahov 1953-cü ildə Tovuz rayonun Qaraxanlı kəndində ziyalı ailəsində anadan olub. Atası Məhəmməd kişi uzun illər kənddəki Kirov adına sovxoza rəhbərlik edib. Ölümündən 46 il keçməsinə baxmayaraq bu gün də Məhəmməd kişi el-oba arasında böyük nüfuza sahib olan, sayılıb seçilən, xatirəsi daim yad edilən hörmətli ağsaqqallardan biri kimi həmişə yad edilir.

Orta məktəbi əla qiymətlərlə bitirən Tariyel, Gəncə şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Dövlət Aqrar Universiteti) qəbul olub. Sonra oranın üzümçülük-şərabçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildən Tovuz rayonunun Qaraxanlı kəndində Kirov adına sovxozda əmək fəaliyyətinə şərabçı vəzifəsində işə başlayıb. Elə həmin vaxtdan da taleyini üzümçülük-şərabçılıq işinə həsr edib. İşləyə-işləyə keçmiş SSRİ -nin Krım vilayətinin Yalta şəhərində yerləşən Maqaraç Üzümçülük-Şərabçılıq Elmi- Tədqiqat İnstitutunda təhsilini davam etdirib. Sonra orada aspiranturanı bitirib və müdafiə edərək elmi dərəcə alıb. Həmin ali təhsil ocağı bu gün də dünyada üzümçülük və şərabçılıqla bağlı ən böyük elm ocaqlarından biridir.

Üç il Tovuz rayonundakı Kirov adına sovxozda işləyən Tariyel müəllim Tovuz Şərabçılıq Trestində baş şərabçı vəzifəsinə təyin olunub. Burada da özünü yüksək ixtisaslı mütəxəssis kimi təsdiq edən Tariyel Pənahovu həmin vaxtlar, yəni 1979-cu ildə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinə rəhbərlik edən Yunis Qəhrəman oğlu Rzayev tərəfindən Azərbaycan Respublikası Baş Şərabçılıq İdarəsi rəsinin birinci müavini vəzifəsinə təyin edib. Elə həmin gündən etibarən Tariyel Pənahov üzümçülük-şərabçılıq sahəsində daha böyük işlər görüb və bu sahəni dünyada lazımi səviyyədə tanıtmağa başlayıb. Texnika üzrə elmlər doktoru olub. Onun namizədlik, doktorluq elmi işləri böyük maraq doğurub. Onun elmi işləri və məqalələri dünya səviyyəli jurnallarda çap olunub. Az bir vaxtdan sonra isə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsininin Baş Şərabçılıq İdarəsinin rəisi təyin olunan Tariyel Pənahov, 2007-ci ildə Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə irəli çəkilib. Həmin vaxtdan da bu İnstitutda işlər daha sürətlə getməyə başlayıb. Elə həmin vaxtdan bu İnstitut çox böyük şöhrət qazanıb. Adı dünya səviyyəsində tez-tez ən böyük tədbirlərdə yüksək səviyyədə hallanıb. Beləliklə, bu İnstitut, Tariyel müəllimin rəhbərliyi altında dünya simpoziumlarında, beynəlxalq tədbirlərdə yaxından iştirak etməyə başlayıb. Həmin dünya səviyyəli tədbirlərdən Azərbaycana çoxlu medallar, diplomlar gətirib. Tariyel Pənahovun bu institutla başlı bir-birindən maraqlı çoxlu planları vardı. Hətta həmin planlarla bağlı biz, mətbuatda maraqlı yazılar da çap etdirmişdik. Həmin planları reallaşdırmaq istədiyi bir vaxtda bir il bundan qabaq Tariyel müəllimi həmin intsitutdan Kənd Təsərrüfatı Nazirliyinə işə gətiriblər...

Bu gün üzümçülük-şərabçlıqla bağlı dünya səviyyəli ən böyük tədbirlər Tariyel Pənahovsuz keçmir. O, həmin tədbirlərdə ən sevimli nümayəndə kimi iştirak edib, özünün maraqlı çıxışları ilə hamının hörmətini qazanır. Xalqımızın belə tanınmış övladları ilə fəxr edə bilərik. Çünki Taryel Məhəmməd oğlu Pənahov Azərbaycan xalqının üzümçülük və şərabçlıqla bağlı dünya səviyyəsində tanınan yeganə mütəxəssisidir. Belə mütəxəssisləri yetişdirmək elə də asan deyil... Ona görə də belə mütəxəssisləri qorumaq lazımdır. Azərbaycanın üzümçülük-şərabçılıq sahəsini, ümumiyyətlə kənd təsərrüfatını dirçəltmək üçün onların savadından, təşkilatçılığından, təcrübəsindən maksimum istifadə etmək lazımdır.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Aqrar sahədə emal sənayesinin inkişaf perspektivləri

Azərbaycanda aqrar sahədə tarixən əsas inkişaf etmiş və ixtisaslaşmış sahələrdən biri də üzümcülük, meyvəçilik, tərəvəzçilik, çayçılıq, tütünçülük, baramaçılıq, heyvandarlıq və digər sahələr olub. Buna müvafiq olaraq həmin sahələr üzrə müsbət təcrübə və qabaqçıl texnoloqiyalar toplanıb və istehlakçıların tələbatına uyğun olaraq emal müəssisələri formalaşmışdır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, dünyada adambaşına orta gündəlik qida istehsakı 1800 kilokalori təşkil edir və bu göstərici inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Çin, Hindistan və Rusiya kimi ölkələrdə adambaşına gündəlik qida istehlakı ABŞ-ın eyni göstəricisinin 20-40%-ni təşkil edir.Statistik məlumatlara görə dünyada 800milyona yaxın insan aclıqdan əziyyət çəkir. Eyni zamanda əfsus ki, son illər dünyada halal qida bazarının artması müşahidə olunmur.

Kənd təsərrüfatı məhsullarının artırılması və iqtisadi səmərəliliyinin yüksəldilməsi emal sənayesi sahələrinin inkişafından, onların yerləşdirilməsindən, maddi-texniki bazasının yüksəldilməsindən, texnoloji proseslərin düzgün qurulmasından və bu sahənin dövlət tərəfindən dəstəklənməsindən çox asılıdır.

Kənd təsərrüfatı məhsulları istehsalçısı ilə emal sahəsi arasında düzgün iqtisadi əlaqə və münasibətlərinqurulması məhsul vahidinə çəkilən xərclərin azalmasına və iqtisadi səmərəliliyin yüksəldilməsinə imkan verir.

Kənd təsərrüfatı məhsulları ərzaq və qeyri-ərzaq məhsullarına ayrılır. Məlumdur ki, ölkənin ərzaq siyasətinin əsas meyarı müvafiq məhsullar üzrə ehtiyatların optimal səviyyəsinə nail olmaqdır.

Hazırda xarici ölkələrdən külli miqdarda kənd təsərrüfatı və ərzaq məhsulları idxal edilir. Həmin məhsulların bir çoxunun saxlanma müddəti az olduğuna ğörə onların istehlak üçün ekoloji təhlükəsizliyinə təminat yoxdur. Ona görə ölkəmizdə həmin məhsullarin daxili istehsal hesabına təminatı əsas vəzifə kimi qarşıda durur.

Kənd təsərrüfatı məhsulları istehsalı və emal həcminin artırılmasında investisiya vəsaitlərinin rolu böyükdür.Aqrar sahədə regionlarda emal sənayesinin davamlı inkişafı məqsədilə Sahibkarlığın İnkişafı Dövlət Fondu tərəfindən dünyanın qabaqcıl ölkələrindən müasir texnologiyalara əsaslanan soyuducu anbarlar, taxıl anbarları, ət və süd emalı, həmçinin üzüm, şərab, meyvə, çay, tütün, taxıl emalı müəssisələri yaradılmışdır.

2018-ci ildə fəaliyyət növləri üzrə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş 17.238,2 milyon manat vəsaitin 5675,4 milyon manatı və ya 32,9 %-i neft sektoruna, 11289,3 milyon manatı və ya 65,5 %-i qeyri neft sektoruna yönəldilmişdir.17238,2 milyon məbləğində vəsaitin cəmi 771,0 milyon manatı və ya 4,5 %-i kənd təsərrüfatına, 1472-milyon manatı, 8,5 %-i emal sənayesinə ayrilmışdır.

2017 – ci ildə 125,5milyon manatı investisiya yönəldilmişdir ki, onun da 32 milyon manatı və ya 25,5%-i xarici investisiya, 93,5 milyon manatı və ya 74,5% daxili investisiya olmaqla qida məhsullarının istehsalına yönəldilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi" təsdiq edilmişdir. Strateji yol xəritəsi kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ərzaq təhlükəsizliyinin gücləndirilməsini təmin edən, iqtisadiyyatın şaxələndirilməsinə və kənd yerlərində sosial rifahın yüksalməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalı və emalı sektorunun formalaşdırılması üçün əlverişli mühit yaratmağı nəzərdə tutur.

2025-ci ilədək ölkədə elektron kənd təsərrüfatı sistemi fəaliyyət göstərəcək və bu sistem daha güclü qərarın verilməsinə və siyasətin hazırlanmasına şərait yaradacaqdır.

Daxili bazarda idxalı əvəzləyən zəruri ərzaq məhsularının xüsusi çəkisinin artırılması,ərzaq ehtiyatlarının yaradılması və qida təhlükəsizliyinin gücləndirilməsi təmin olunacaq.

Hesablamalar göstəriri ki, üzümçülük və şərabçılığın əvvəlki şöhrəti özünə qaytarılarsa 5-6 ildən sonra hər il ölkəyə təxminən 2,5-3 milyard ABŞ dolları məbləğində valyuta gətirə bilər.Bu sahə iqtisadi effektliyinə görə neft sektoru ilə müqayisə oluna bilər və hətta büdcə gəlirlərinin təminatında neft sektoruna layiqli alternativ ola bilər.

Azərbaycan Respublikasında sənayenin inkişafına dair qəbul edilmiş Dövlət Proqramı sənaye sahələrinin inkişafına, emal sənayesinin müasir tələblərə uyğunlaşmasına zəmin yaradacaqdır.

Son illər aqrar sahədə makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi, aqroservis xidmətləri və aqroparkların yaradılması emal müəssisələrinin inkişaf etdirilməsində mühüm rol oynamışdır.

Regional xarakter daşıyan taxıl istehsalı ilə əlaqədar respublikada 170- dən çox un dəyirmanı fəaliyyət göstərir. Bu, yaxşı göstəricidir. Bakıda “Avrora” firması, “Taxıl” ASAC, “Karmen”, Abşeronda “Milla” “Azfir Co. LTD”, Tovuzda “Naiqin Co”, Ağcabədidə “Atena” “Biləsuvar Aqro süd”, Gəncə, Şabran, Sumqayıt, Agsu, Goy-Cay, Lənkəran, Kürdəmir və sairə şəhər və rayonlarda müasir tələblərə cavab verən emal müəssisələri fəaliyyət göstərir. Xırdalan süd emalı sexi “Zəhmət Ruzi” SC-də istehsal olunan kolbasalar, Bakı süd emalı sexində istehsal olunan yogurt, Qəbələ rayonunda istehsal olunan meyvə, giləmeyvə şirələri xaricdən idxalı azaltmaqla yanaşı, ixracın artmasına səbəb olmuşdur.

“Azərsun Holding” şirkətinin müxtəlif növ ərzaq məhsullarının istehsalı və satışı ilə yanaşı “Azərsu Kənd Təsərrüfatı” MMC-i də fəaliyyət göstərir. Bu cəmiyyətin rayonlarda şəkər çuğunduru, günəbaxan, arpa, buğda, noxud, qarğıdalı, pomidor, xiyar konserv məhsulları və sair istehsalı ilə məşğul olan müəssisələrindən biri “Miri-Park” ticarət və sənaye şirkətidir. Şirkət təbii şirələr, mürəbbə, cem və müxtəlif konserv məhsullarını MDB ölkələrinə, Pribaltika ölkələrinə, uzaq və yaxın Şərq ölkələrinə, ABŞ-a, Çinə və digər Avropa ölkələrinə ixrac edir. Respublikamızda meyvə-tərəvəz konservlərinin istehsal dinamikası qrafik – 1 də ətraflı verilib.

“Azərsun Holding”-ə daxil olan şirkətlər

· “Baki Qida Yağ Fabriki” MMC, “AzərsunTicarət və Dağıtım” MMC, “SunFoodService” MMC, “Qarabağ Futbol Klubu” MMC, “Qafqaz Konserv Zavodu” MMC, “Qazax Konserv Zavodu” ASC, “Kürdəmir Süd Emalı Zavodu” MMC, “SunTeaÇayFabriki” MMC, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC, “GreenTech” MMC, “Qafqaz Ticarət” MMC, “Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC, “Bazarstore” MMC, “Lənkəran Konserv Zavodu” ASC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC

Qrafik 1. Respublikamızda meyvə-tərəvəz konservlərinin istehsal dinamikası

Mənbə: Dövlət Statistika Komitəsi

Statistik məlumatların təhlili göstərir ki, meyvə-tərəvəz konservlərinin istehsalı 2017 – ci ildə 2012 – ci ilə nisbətən 7,9% artmasına baxmayaraq əmtəəlik məhsul müqayisə olunan dövrdə 19,5% azalmışdır. Eyni zamanda, istehsal olunan məhsulun əmtəəlik səviyyəsi 2017 –ci ildə 28,9% təşkil etmişdir.

Azərbaycanda ət və ət məhsulları da istehsal olunur. Ət məhsulları istehsalının artmasına baxmayaraq, kolbasa məmulatları istehsalında azalma baş vermişdir.Ət və kolbasa məmulatları istehsalının dinamikası qrafik 2-də verilmişdir. Müstəqilik dövründən etibarən həm yerli, həm xarici bazarlarda Azərbaycanı kolbasa məhsulları istehsalı sahəsində “M&T” LTD, "Hakan Foods Azerbaican Trading Co Ltd" MMC, "Orxan-SS" müəssəsi ("C.F.-Kristal" kolbasa istehsalı), “Ovçular ət və ət məhsulları” MMC, “Halal Dad” MMC, “Səhliyalı” kiçik müəssisəsi və digərləri layiqincə təmsil edir.

Qrafik 2. Ət və kolbasa məmulatları istehsalının dinamikası

Mənbə: Dövlət Statistika Komitəsi

Kolbasa məmulatları istehsalının azalmasında əsas səbəb istehsal olunan məhsulların rəqabətqabiliyyətli olmamasıdır. Belə ki, 2014 –cü ildə 1,4 min, 2015 –ci ildə 1,1 min ton, 2016 –cı ildə 1,9 min ton, 2017 – ci ildə 2,3 min ton və 2018 –ci ildə isə 2,8 min ton kolbasa məmulatları istehsal olunmuşdur. Göründüyü kimi kolbasa məmulatlarının idxalında 2015 –ci ilə nisbətən 2,6 dəfə artım baş vermişdir.

Alkoqollu içkilər istehsalı sahəsində Gəncə, Göygöl, Shəmkir (Şərq ulduzu), Tovuz (Tovuz–Baltika), Agsu (Az Qranat), Absheron (Kristal plyus), Xaçmaz, Cəlilabad, Abşeron, Dəvəçi rayonlarında fəaliyyət göstərən Şərab zavodlarında istehsal olunan yüksək keyfiyyətli süfrə şərabları, Konyak, Brendi və sairə məhsullar xaricdən idxalın qarşısını almaqla yanaşı, xarici bazarlarda özünə müştəri tapmışdır.

Lakin, 2015–ci ildə baş verən devalivasiya nəticəsində qablaşdırma materiallarının qiymətlərinin artması üzümçülük və şərabçılığın istehsalında da ciddi problemlər yaratmışdır. Yaranmış problemlərin əsas səbəblərindən biri qablaşdırma materiallarının idxal olunması, ikincisi isə üzüm və şərab istehsalının texnologiyasının müasir tələblərə tam cavab verməməsidir. Respublikamızda üzüm və üzüm şərabları istehsalının dinamikası qrafik 3-də verilmişdir.

Qrafik 3. Respublikamızda üzüm və üzüm şərabınınistehsal dinamikası

Mənbə: Dövlət Statistika Komitəsi

Respublikamızda şərab məhsullarının idxal – ixrac dinamikası qrafik 4 –də verilmişdir.

Qrafik 4. Respublikamızda şərab məhsullarının idxal – ixrac dinamikası

Mənbə: Dövlət Statistika Komitəsi

2012 -2018 ci illərin ststistik məlumatlarının müqayisəsi göstərir ki, ölkəmizə şərab məhsullarının idxalı 9 dəfəyə qədər azalmış, ixracı isə 2 dəfəyə qədər artmışdır.

Quş əti istehsalı sahəsində “Səba” ASC, “Qaraqaşlı Broyler”, “Giləzi Quşçuluq”, “Hicaz Quşçuluq”, “Göyçay Broyler”, “Mərcan” MMC, “Siyəzən broyler“ ASC, süd və süd məhsulları sahəsində isə "Gilan Diary Farms”, “Milla”, "Yalama Aqropark”, "SANİ”, "Bozdağ”, "MPRO”, "Biləsuvar aqro”, "Amal”, "Real İnkişaf”, "Nüsr Ət aqro” MMC, "”Bərdə RVR LTD” "Çiçək” süd fermer təsərrüfatı müasir emal tüexnologiyalarından istifadə edərək qida məhsulları üzrə İSO sertifikatları almışlar.

İmişli şəkər zavodu və sairə emal müəssisələri yeni innovativ texnologiyalar əsasında daxili bazarın tələbini ödəyir və xarici ölkələrə müxtəlif çeşiddə məhsul ixrac edir.

Tədqiqatlar göstərir ki, bir çox hallarda kənd təsərrüfatı məhsulların istehsal həcmi ilə emal sənayesindəki istehsal gücü arasında nisbət gözlənilmir, xammalın kompleks emalı və tullantısız emal texnologiyasına tam nail olunmur.Bəzi hallarda rayonlarda qurulmuş emal müəssisələrində tullantılar daha çox yığılıb qalır, xammal itkisinə yol verilir və keyfiyyət təmin olunmur.

Hazırda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından emal müəssisələrinin qarşısında çox böyük vəzifələr durur.İxrac olunan məhsulların sırasında emal olunmuş hazır məhsulun xüsusi çəkisinin artırılması tələb olunur.Bu məqsədlə emal məhsullarının çeşidinin və keyfiyyətinin artırılması, xarici görünüşünün və qablaşdırılmasının müasir tələblərə cavab verməsi vacibdir.

Emal sənayesinin inkişaf etdirilməsi və istehsal texnologiyasının innovativ texnologiyalar hesabına daha da müasirləşdirilməsi tələb olunur. Bu respublikamızda rəqabətqabiliyyətli məhsul istehsalının inkişafına imkan verir.

Aqrar sənaye kompleksi (ASK) iqtisadiyyatın bir neçə iri sahəsini özündə birləşdirir.Aqrar sənaye kompleksinin əsas məqsədi kənd təsərrrüfatı məhsullarının istehsalı, emalı və istehlakçılara çatdırılmasıdır.

Aqrar sənaye kompleksinə kənd təsərrüfatı, kənd təsərrüfatını maddi-texniki baza ilə təmin edən istehsal sahələri, kənd təsərrüfatı üzrə xammalın emalı sahəsi, kənd təsərrüfatı məhsullarının daşınması, tədarükü, ticarəti, bu sahənin təminatı, infrastrukturu və tikinti məsələləri aiddir.

Azərbaycanda son illər kənd təsərrüfatı məhsullarının emalı sənayesi üzrə əsaslı yüksəlişə nail olunmuşdur. Bu da çox sevindirici haldır.

Belə ki, müasir texnologiyalara əsaslanan emal müəssisələri şəbəkəsinin formalaşması nəticəsində, ölkədə emal məhsullarının istehsalı üzrə dinamik artım təmin edilmişdir. Aqrar sahə müstəqil Azərbaycanin inkişaf etmiş ölkə kimi təşəkkül tapmasinda çox böyük əhəmiyyət kəsb edir.

Respublikamizda son illərdə aqrar sənaye kompleksinin (ASK) bütün sahələri üzrə müasir standartlara cavab verən emal müəssisələrinin qurulması istiqamətində ciddi işlər görülməyə başlanılıb, emal sənayesinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə çoxsaylı layihələr icra edilmiş, sahibkarlar tərəfindən yeni iş yerləri qoymuşdur. Aqrar sənaye kompleksiinin inkişaf etdirilməsi üçün "Yeyinti məhsulları haqqında","Taxıl haqqında","Tütün və tütün məmulatları haqqında", "Üzümçülük və Şərabçılıq haqqında","Çaycılıq haqqında", və sair Azərbaycan respublikasının qanunları və Dövlət proqramları qəbul edilmişdir.

Bütün bunlar da ondan xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatına diqqət dövlət tərəfindən çox artıb. Deməli, tezliklə Azərbaynda kənd təsərrüfatı 1970-80-ci illərdəki kimi çox böyük uğurlara imza atacaq. İnsanlarımızın rufah halı, güzəranı yaxşılaşacaq. Kəndlərimizin yeni intibah dövrü başlayacaq.

Tariyel PƏNAHOV

Texnika üzrə elmlər doktoru,

Kənd Təsərrufati Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor muavini

Bütün xəbərlər Facebook səhifəmizdə