Çörək istehsalı və istehlakı ilə bağlı yeni standart qəbul olunacaq

Çörək istehsalı və istehlakı ilə bağlı yeni standart qəbul olunacaq

May ayı ərizində Azərbaycanda çörək istehsalı və istehlakı ilə bağlı yeni standart qəbul olunacaq. SİA-nın məlumatına görə, bu barədə SalamNews-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) İctimayətlə Əlaqələr Sektorunun rəhbəri Fazil Talıblı bildirib.

 

Onun sözlərinə görə, Dövlət Komitəsinin mütəxəssisləri ekspertlər, dövlət qurumları və qeyri-hökumət təşkilatları bu sahədə qabaqcıl texnologiyalar tətbiq edən istehsalçılarla birgə müzakirələr aparıb: "Müəyyən olunub ki, bu gün çörəklə bağlı tətbiq olunan standart köhnəlib və əhəmiyyətini itirib. Bu standart 1988-ci ildə qəbul edilib. O zamandan bu günə həm texnologiyalar inkişaf edib, həm də istehsalçı və istehlakçıların tələbləri dəyişib. Bu səbəbdən qərara alınıb ki, çörək standartına dəyişikliklər edilsin. Qüvvədə olan standartda çörəyin çəkisi ilə bağlı maddə də var. Bu maddəyə görə çörək minimum 500 qram, maksimum 1 kq 100 qram olmalıdır. Artıq bu standartı da dəyişməyin zamanı çatıb".

 

Fazil Talıblı deyib ki, hazırda Avropa və dünya bazarında çörəyin çəkisi sabitdir. Onun sözlərinə görə, çörəyin çəkisi istehsalçılarla, sifarişçilərin arasında qarışılıqlı anlaşma şəraitində müəyyənləşir: "Bu gün elə istehlakçı var ki, çox kiçik həcimli çörək almaq istəyir. Buna görə yeni qəbul olunacaq standartda çörəyin çəkisində sərbəslik olacaq".

 

Komitə rəsmisi deyib ki, çörəklə bağlı başqa bir tələb çörək məhsullarının qablaşdırılması ilə bağlıdır. Yeni qəbul ediləcək standartda hər bir çörəyin qablaşdırılması tələb kimi qoyulacaq. Eyni zamanda çörəyin üzərində markalanma olacaq. F.Talıblı onu da vurğulayıb ki, çörək istehsalına fiziki, kimyəvi, təhlükəsizlik, mikrobioloji baxımından bir sıra tələblər qoyulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə