Sahibkarlar dövlət dəstəyindən daha çox faydalanacaq ÖZƏL - AÇIQLAMA

Sahibkarlar dövlət dəstəyindən daha çox faydalanacaq ÖZƏL - AÇIQLAMA

"Bütün hallarda təbii ki, burada hansı faizə təsir göstərib-göstərməməsindən asılı olmayaraq pandemiya və post-pandemiya dövründə dövlət dəstəyi daha da gücləndirilib və gücləndiriləcək. Bu da sahibkarların dövlət dəstəyindən daha çox faydalanmasına imkan verəcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, pandemiya qlobal və milli iqtisadiyyata təsir göstərdi, Azərbaycanda da İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyanın iqtisadiyyata, eləcə də sahibkarlara təsirləri qiymətləndirdi: "İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, pandemiya dövründə 20 fəaliyyət sahəsində çalışan sahibkarlara mənfi təsirlər müşahidə olundu. Həmin sektorların 11-də fəaliyyətlərin, xüsusilə də aprel ayında tamamən dayanması müşahidə olundu, 9 fəaliyyət sahəsində isə fəaliyyətlərin məhdudlaşdırılması qeydə alındı ki, bu da ondan xəbər verir ki, məhz həmin sektorlarda çalışan sahibkarlıq subyektlərinə neqativ təsir göstərdi. Təbii ki, Azərbaycan hökuməti pandemiyanın təsirlərini minimumlaşdırmaq üçün 3,5 milyard manatlıq paket təsdiq etdi və bu paket icra olundu. Birbaşa yardımlarla yanaşı artıq vergi güzəştləri də təsdiq olunub və tətbiq edilir. Eyni zamanda, 1 milyard manata yaxın kredit portfelinə subsidiya, yarım milyard manatlıq güzəştli kredit portfelinin təklif olunması ondan xəbər verir ki, sahibkarların birbaşa və eyni zamanda təşviqedici metodların dəstəklənməsi pandemiya, eləcə də post-pandemiya dövründə əsas hədəflərdən biri olaraq qalacaq".

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq sahibkarlıq subyektlərinə dövlət dəstəyinin gücləndirilməsi prioritetdir: "Növbəti dövrlərdə də dəstəyi olacaq. Eyni zamanda islahatların dərinləşməsi və xüsusilə də sahibkarlar üçün investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı da tədbirlər və islahatlar həyata keçirilir. Bu da sahibkarların post-pandemiya dövründə bu imkanlardan faydalanmasına imkan verəcək. Xüsusilə də turizm, ictimai iaşə, xidmət, nəqliyyat sektorunda çalışan sahibkarların aprel ayında əksəriyyətinin fəaliyyətinin məhdudlaşdırmaq məcburiyyətində qaldı. Sosial təcrid tədbirləri sahibkarların fəaliyyətinə də təsir göstərdi. Baxmayaraq ki, burada əsas məqsəd vətəndaşlarımızın sağlamlığının qorunmasından ibarət idi. Post-pandemiya dövründə güman olunur ki, yenidən biz aktivliyi müşahidə edə biləcəyik. Bu mərhələli şəkildə həyata keçiriləcək. Amma bütün hallarda təbii ki, burada hansı faizə təsir göstərib-göstərməməsindən asılı olmayaraq pandemiya və post-pandemiya dövründə dövlət dəstəyi daha da gücləndirilib və gücləndiriləcək. Bu da sahibkarların dövlət dəstəyindən daha çox faydalanmasına imkan verəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə