"Qeyri-neft sektorunun ixrac imkanları iki dəfəyə yaxın artırılıb" ÖZƏL - AÇIQLAMA

"Qeyri-neft sektorunun ixrac imkanları iki dəfəyə yaxın artırılıb" ÖZƏL - AÇIQLAMA

"Sahibkarların elmi innovasiyaya sərmayə qoyuluşunun təşviq edilməsi istiqamətində yeni mexanizmin tətbiqi məqsədəuyğun olardı. Nəticə etibarilə bu imkan verəcək ki, sahibkarlar, xüsusilə də, dövlətdən kənar mənbələr hesabına elmi innovasiya üçün sərmayələrin cəlb edilməsi mümkün olsun". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov ölkədə elmi innovasiyalara dövlət və sahibkarlar tərəfindən sərmayə qoyuluşu məsələsindən danışarkən deyib.

Onun sözlərinə görə, elmi innovasiyalara qoyulan vəsaitin həcminin artırılması Azərbaycan üçün prioritetdir, çünki, Azərbaycanda həm iqtisadiyyatın diversifikasiyası, həm də innovativ sektorların inkişafı əsas məsələlərdəndir: "Nəzərə alsaq ki, xüsusilə də, qeyri-neft sektorunun ixracatında innovativ sektorların, innovativ məhsulların payının artırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən fəaliyyətlər genişləndirilib. Qeyd etmək lazımdır ki, 2015-ci ildən etibarən biz qeyri-neft sektorunun həm istehsal, həm ixrac imkanlarının genişləndirilməsini müşahidə edirik. Ötən müddətdə qeyri-neft sektorunun ixrac imkanları 2 dəfəyə yaxın artırılıb. Bu da nəticə etibarilə ondan xəbər verir ki, qeyri-neft sektorunun strukturunun dəyişdirilməsi prioritet olaraq qalmaqdadır. Dövlət tərəfindən fərqli istiqamətlərdə, həm də birbaşa Dövlət Fondu vasitəsilə innovasiyaya vəsaitin ayrılması həyata keçirilir".

Millət vəkili əlavə edib ki, eyni zamanda universitetlərin tərkibində laboratoriyalar var və bu istiqamətdə də vəaitin ayrılması həyata keçirilir: "Təbii ki, əsas məqamlardan biri də sahibkarların da elmi innovasiyaya daha çox vəsait ayırmasına nail olmaqdan ibarətdir. Sahibkarlar tərəfindən bu istiqamətdə ayrılan vəsaitlərin həcmi, etiraf etmək lazımdır ki, hələlik qənaətbəxş səviyyədə deyil. Bunun artırılması istiqamətində, xüsusilə də, sahibkarların elmi innovasiyaya sərmayə qoyuluşunun təşviq edilməsi istiqamətində yeni mexanizmin tətbiqi məqsədəuyğun olardı. Nəticə etibarilə bu imkan verəcək ki, sahibkarlar, xüsusilə də, dövlətdən kənar mənbələr hesabına elmi innovasiya üçün sərmayələrin cəlb edilməsi mümkün olsun. Bu da təbii ki, Azərbaycan iqtisadiyyatının innovativliyini artıra biləcək faktorlardan biridir. Eyni zamanda bu qeyri-neft sektorunda istehsalın, qeyri-neft sektoru ixracatının strukturunun keyfiyyətcə daha da yaxşılaşdırılmasına gətirib çıxara bilər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə