Neftin qiyməti 50 dollara qədər yüksələ bilər ÖZƏL - AÇIQLAMA

"Artıq, neftin bir barelinin qiyməti 40 dollardan baha satılıb. Növbəti dövrdə neftin qiyməti pandemiyanın qlobal olaraq lokallaşdırılma səviyyəsindən asılı olacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov neftin dünya bazarındakı qiymətinin asılı olduğu proseslərdən danışarkən deyib.

Onun sözlərinə görə, neftin dünya bazarındakı qiymətində son artımlar "OPEK+"un növbəti toplantı ilə bağlı razılığa gəlməsi, eyni zamanda, inkişaf etmiş ölkələrin öz iqtisadiyyatını yenidən açması ilə bağlıdır:

"May ayının 2-ci yarısından etibarən inkişaf etmiş ölkələrin iqtisadiyyatının yenidən açılımı həyata keçirilib. Bu neftə olan tələbin yüksəlməsinə gətirib çıxarıb, bu baxımdan neftə olan tələbin artması qiymət artımlarında özünü göstərib. Artıq, neftin bir barelinin qiyməti 40 dollardan baha satılıb. Növbəti dövrdə neftin qiyməti pandemiyanın qlobal olaraq lokallaşdırılma səviyyəsindən asılı olacaq. Əgər inkişaf etmiş ölkələr vəd etdiyi kimi aviareysləri bərpa edərlərsə, sərhədlərin yenidən açılmasını müşahidə olunarsa, bu neftə olan tələbin artmasına səbəb olacaq. Çünki, nəticə etibarilə neftə tələb yaradan sektorlardan biri də, məhz, nəqliyyat sektorudur. Bu da sözsüz ki, neftin dünya bazarındakı qiymətinə təsir göstərəcək".

Vüqar Bayramov qeyd edib ki, dünyada iqtisadiyyatın yenidən açılması tempi davam edərsə, bu da neftə olan tələbin daha da artmasına gətirib çıxaracaq:

"Bu baxımdan, əgər aviareyslər bərpa olunarsa və inkişaf etmiş ölkələr iqtisadiyyatını yenidən tam olaraq açarlarsa, bu halda neftin bir barelinin qiyməti 50 dollara qədər yüksələ bilər. Əgər, pandemiyanın yayılma sürəti yüksələrsə, xüsusilə də, inkişaf etmiş ölkələr sosial təcrid tədbirlərini sərtləşdirərsə, bu halda neftin qiymətinin yenidən azalmasını da müşahidə edə bilərik. Növbəti dövrdə qiymət pandemiya səviyyəsindən asılı olacaq. Pandemiyanın lokallaşdırılması qlobal olaraq nəzarətə götürülməsi və sərhədlərin açılması iqtisadiyyatın yenidən açılımı, neftin dünya bazarındakı qiymətlərində yeni artımlara gətirib çıxara bilər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə