Auditorlar Palatasının sədri: “Auditdən keçməyən təsərrüfat subyektləri qanunvericilikdə nəzərdə tutulmuş miqdarda cərimə ödəyəcəklər”

Auditorlar Palatasının sədri: “Auditdən keçməyən təsərrüfat subyektləri qanunvericilikdə nəzərdə tutulmuş miqdarda cərimə ödəyəcəklər”

Bu gün Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, o, Azərbaycanda audit sisteminin inkişafının ölkədə gedən iqtisadi inkişafın, iqtisadi inkişaf modelinin nəticəsi olduğunu bildirib.

Həm əhatəliyi, həm də dayanıqlığına görə beynəlxalq maliyyə qurumları tərəfindən ölkə iqtisadiyyatının rəqabətli iqtisadiyyat kimi qiymətləndirildiyini deyən V.Novruzov bildirib ki, dünya maliyyə böhranına baxmayaraq Azərbaycanın sürətli inkişafı davam edib. O, bildirib ki, özəl sektorun xüsusi çəkisinin 95 faizə qədər yüksəlməsi, ölkəyə daxil olan xarici investisiyaların artması dünyada qəbul olunan nəzarət modelinin tətbiqini zəruri edir: "Ulu öndər Heydər Əliyev 1996-99-cu illər ərzində bir sıra sərəncam və fərmanlar verdi. Bu fərman və sərəncamlar əsassız yoxlamaların ləğvini, audit sisteminin inkişafı məqsədi güdürdü. Audit deyəndə auditin bütün qollarını nəzərdə tuturuq. Auditin dünyada üç əsas qolu mövcuddur. Azərbaycan dünyada azsaylı dövlətlərdən biridir ki, auditin hər üç qolu mövcuddur. Daxili audit Şərqi Avropa və MDB məkanında ilk dəfə Azərbaycanda qəbul edilib".

Auditorlar Palatasının 1994-cü ildə qəbul olunan "Auditor xidməti haqqında" Qanunu ilə fəaliyyətini qurduğunu deyən V.Novruzov bildirib ki, Palata çoxşaxəli fəaliyyəti ilə ölkəmizin bazar infrastrukturları və dövlət idarəetməsi sistemində özünə möhkəm yer tutaraq dövlətin, təsərrüfat subyektlərinin və auditorlarının maraqlarının müdafiəsi sahəsində mühüm nəticələr əldə edib. O. qeyd edib ki, Palata "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nda və "Şəffalığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"da quruma həvalə olunan tədbirlərin icrası istiqamətində xeyli iş görüb. V.Novruzov səlahiyyətli dövlət orqanlarının müraciət və sifarişləri əsasında çoxsaylı audit yoxlamalarının həyata keçirildiyini ifadə edib. Palata sədri rəhbərlik etdiyi qurumun Beynəlxalq Mühasiblər Federasiyası və Avropanın Mühasiblər və Auditorlar Federasiyası kimi təşkilatlara bərabərhüquqlu üzv qəbul olunduğunu deyib.

Audit xidmətlərinin miqyasında Azərbaycanda gedən iqtisadi inkişaf fonunda irəliləmələrin olduğunu deyən Palata sədri bildirib ki, uğurların əsasında beynəlxalq təcrübədən bəhrələnmək məsələsi dayanır: "Qanunvericiliyə görə Auditorlar Palatasının mühüm vəzifələrindən biri də beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi məsələsidir. Əsas vəzifələrdən biri də beynəlxalq standartların Azərbaycanda tətbiq olunmasıdır. Bu məqsədlə beynəlxalq standartların Azərbaycan dilinə tərcümə olunmasına və 2010-cu il yanvar ayının 1-dən tətbiqinə nail olmuşuq. Azərbaycan 12-ci dildir ki, ingilis dilində orijinalı olan beynəlxalq audit standartları tərcümə olunub".

Bütün dünyada korrupsiyanın mövcud olduğunu dilə gətirən V.Novruzov bildirib ki, ən inkişaf etmiş ölkələrin təsərrüfat subyektlərində korrupsiya halları mövcuddur: "Korrupsiya bəşəri bir bəla olmasına baxmayaraq hər bir ölkə onun aradan qaldırılmasına müxtəlif yanaşma nümayiş etdirir. Azərbaycan yeganə ölkələrdən biridir ki, şəffaflığın artırılması üçün tam hüquqi bazaya malikdir. Auditorlar Palatası da bu istiqamətdə iş aparır. Təkcə 2010-cu ildə 9 təşkilatla əməkdaşlıq sazişi başlamışıq".

V.Novruzov bildirib ki, orta hesabla hər il təsərrüfat subyektlərinin özlərinin müraciəti əsasında audit yoxlaması həyata keçirilir. Bununla belə o, mövcud rəqəmin qanunvericilikdə tələb olunandan xeyli az olduğunu deyib: "Bu halın aradan qaldırılması məqsədilə "Auditor xidməti haqqında" Qanuna dəyişiklik edilib. Bundan sonra auditdən keçməyən təsərrüfat subyektinə qanunvericilikdə nəzərdə tutulmuş miqdarda cərimə qoyulacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə