Xarici investisiyalar qeyri-neft sektorunun inkişafına stimul verəcək - ŞƏRH ÖZƏL
“Post-pandemiya zamanı xarici investisiyaların cəlb edilməsi prioritet məsələlərdən biridir. Xüsusən də qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi ilə bağlı ölkə Prezidentinin tapşırığı var və xarici investisiya bir tərəfdən qeyri-neft sektorunda sərmayəyə olan tələbin ödənilməsinə yardım edir, digər tərəfdən xüsusən də Avropa Yenidənqurma və İnkişaf bankı kimi aparıcı maliyyə qurumlarının xətti ilə cəlb edilən xarici investisiya həmdə innovasiya və texnologiyanın qeyri-neft sektoruna cəlb edilməsi baxımından çox vacibdir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu imkan verir ki, biz daha çox innovativ və texnoloji yenilikləri qeyri-neft sektoruna cəlb edə bilək: “Post-pandemiya dövründə qeyri-neft sektorunda rəqabət qabiliyyətli və eyni zamanda emaledici məhsul istehsalının artırılması hədəflənir. Yəni daha çox xammala əsaslanan qeyri-neft ixracatından innovativ və emaledici məhsul istehsalına söykənən ixracatın formalaşdırılması hədəfdir. 2015-ci ildən sonra aparılan islahatlar məhz mərhələli şəkildə Azərbaycanın qeyri-neft ixracatında emaledici məhsulların payının artırılmasına imkan verir və təbii ki, emaledici məhsulların payının artırılması da birbaşa bu cür investisiyaların cəlb edilməsindən asılıdır. O baxımdan pandemiyadan sonrakı dövrdə hər bir ölkə çalışacaq ki, daha çox xarici investisiya cəlb etsin. Bu da özlüyündə xarici sərmayələr vasitəsilə iqtisadiyyatın inkişafına dəstəyin gücləndirilməsinə səbəb olsun”.
V.Bayramov qeyd edib ki, bu baxımdan Avropa Yenidənqurma və İnkişaf bankından belə bir vəsaitin ölkə iqtisadiyyatına yönəldilməsi qeyri-neft sektorunun inkişafına stimul verən faktorlardan biridir: “Bütövlükdə qeyri-neft sektorunun inkişafı məhz belə investisiyaların cəlb edilməsindən də asılıdır. Çünki islahatlar qeyri-neft sektorunda sahibkarlar üçün yeni imkanlar yaradıb. Bu imkanlar fonunda həm yerli, həm xarici investisiyalara ehtiyac var. Fərqli mənbələrdən sərmayələrin cəlb edilməsi praktik olaraq əvvəlki illərdə Azərbaycanda formalaşmış strukturu istifadə etməklə dəyər zəncirinə uyğun olaraq yerli məhsul istehsalının genişləndirilməsinə gətirib çıxaracaq. Bu baxımdan bu cür investisiyaların cəlb edilməsi qeyri-neft sektorunun inkişafı baxımından pozitiv hesab olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB