İpoteka krediti olan vətəndaşlar artıq güzəştlər üçün müraciət edə bilərlər ÖZƏL - AÇIQLAMA

İpoteka krediti olan vətəndaşlar artıq güzəştlər üçün müraciət edə bilərlər ÖZƏL - AÇIQLAMA

"Banka müraciət etməklə öz kreditinin restrukturizasiyasını həyata keçirə bilər. Artıq bu gündən etibarən bunun edilməsi mümkündür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vüqar Bayramov İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinə restrukturizasiyası imkanlarının yaradılması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın təsdiq etdiyi paketdə ipoteka kreditləri üzrə güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub: "Mərkəzi Bank həm biznes kreditləri, həm də ipoteka kreditləri üzrə güzəştləri, eləcə də kreditlərin restrukturizasiyasını təstiq edib. Eyni zamanda istehlak kreditləri üzrə kommersiya banklarına sentyabrın 30-dək vətəndaşların ödəmələrində yubanma halları olduqda cərimə və faizlərin yazılmaması tövsiyyə olunub. İpoteka kreditləri isə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən götürülən kreditlərin restrukturizasiyası nəzərdə tutulub. Kredit götürənlər müraciət etdikdən sonra həmin kreditlərin restrukturizasiyası həyata keçiriləcək".

Millət vəkili vurğulayıb ki, bu zaman pandemiya dövründə sentyabrın 30-na qədər ödəmələrdə müddətli güzəştlərin verilməsi, faiz və cərimələrin yazılmaması, eyni zamanda şikayətlərə yenidən baxılması da mümkündür: "İpoteka krediti olan vətəndaşlarımız restrukturizasiyadan, yəni, yenidən qiymətləndirilmədən və ya güzəştdən istifadə etmək istəyirsə o zaman birbaşa banka müraciət etməlidir. Banka müraciət etməklə öz kreditinin restrukturizasiyasını həyata keçirə bilər. Artıq bu gündən etibarən bunun edilməsi mümkündür və Fond vasitəsilə banklardan kredit götürən vətəndaşlarımız bu imkandan faydalana bilərlər".

Vüqar Bayramov qeyd edib ki, güzəştlərin verilməsi Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında reallaşdırılıb: "Bu tapşırıq əsasında 4 İşçi Qrupu yaradılmış və həmin İşçi Qruplarından birinin fəaliyyəti də məhz, makroiqtisadi stabilliklə bağlı idi. Artıq, həmin İşçi Qrupu da öz təkliflərini və görəcəyi tədbirləri elan etdi və sentyabrın 30-na qədər bankdan krediti olan və pandemiyanın təsir etdiyi sektorlarda çalışan vətəndaşlarımıza həm ipoteka kreditlərində restrukturizasiyası güzəşti, həm də istehlak kreditlərində müddətli faiz və cərimələrin hesablanmaması Mərkəzi Bank tərəfindən tövsiyyə olunur".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə