Prezident İlham Əliyev: "Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur"
Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış - Milli Məclisin ilk iclasındakı çıxışında da son 16 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri olmadığını vurğulayıb.
Dünya birliyinin mütləq əksəriyyətinin yardıma ehtiyac duyduğu bir vaxtda əlimizdə olan resurslar bu çətin vəziyyəti idarə etməyə imkan verir
Bu gün dünyanı ağuşuna alan koronavirus epidemiyanın dünya iqtisadiyyatının iflic vəziyyətinə salmasına baxmayaraq, iflic etməsinə baxmayaraq, xəstəliyin ölkəmizdə yarada biləcəyi fəsadlar cənab Prezidentin mütərəqqi göstərişləri nəticəsində minimuma endirilmişdir. Bu, məhz ölkə Prezidentinin düşünülmüş siyasəti nəticəsində həyata keçirilir. Belə ki, sevindirici haldır ki, bu gün dünyanın 150-dən çox ölkəsi yardım üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət etsə də, ölkəmizin adı həmin siyahıda yoxdur. Yəni bu gün ölkəmiz ən azı dünyanın 150 ölkəsindən daha yaxşı vəziyyətdədir, dünya birliyinin mütləq əksəriyyətinin yardıma ehtiyac duyduğu bir vaxtda əlimizdə olan resurslar bu çətin vəziyyəti idarə etməyə imkan verir.
Hazırda ölkəmizdəki müsbət dinamika göz qabağındadır. Bunun nəticəsidir ki, keçən il dövlət büdcəsinə proqnozda nəzərdə tutulduğundan əlavə 1 milyard manat, bu ilin üç ayında isə 310 milyon manat gəlir daxil olmuşdur.
Cənab Prezident cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunun müşavirədə bildirdi ki, son üç ayda ümumi daxili məhsulda 1,1 faiz artım, qeyri-neft sektorunda isə 3 faizdən bir qədər çox artım olub. Bütün dünyanın koronavirus pandemiyasına görə böhrana düçar olduğu vaxtda ölkəmizdə həm ÜDM-də, həm də qeyri-neft sektorunda inkişafın qeydə alınması bir daha deməyə əsas verir ki, uğurla aparılan siyasət hər vəziyyətdə və hər cür şəraitdə öz bəhrəsini verəcəkdir.
Təqdirəlayiq məsələlərdən biri də budur ki, Azərbaycan Prezidenti yaranmış vəziyyətlə əlaqədar büdcədə zəruri olmayan layihələrin dayandırılması və ixtisara salınması barədə göstəriş versə də, sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini bildirmişdir. Bu bir daha onu deməyə əsas verir ki, ölkəmizdə aparılan siyasətin ana xəttini Azərbaycan Respublikasının vətəndaşı tutur, vətəndaşa yüksək qiymət verilir, görülən hər bir iş vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Məhz bu gün ölkəmizdə sosial sahəyə göstərilən qayğının nəticəsidir ki, orta aylıq əməkhaqqı 28 faiz, orta pensiyanın məbləği 27 faiz artıb. Nəticədə hazırda orta aylıq əməkhaqqı 712, orta pensiya 295, yaşa görə pensiya isə 330 manata yaxındır. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur. Onu da qeyd edək ki, bu gün bütün dünyanın gözəgörünməz düşmənə qarşı (COVID-19) mübarizə apardığı bir şəraitdə cənab Prezident məcburi köçkün və şəhid ailələrini də unutmadı, minimum 7 min köçkün ailəsinin və minimum 1500 şəhid ailəsinin yeni mənzillərlə təmin ediləcəyini bildirdi. Bu qayğı Azərbaycan dövlətində bütün sahələrə göstərilən diqqətin nəticəsidir.
Göründüyü kimi, dövlət başçısını vurğuladığı rəqəmlər sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfsən də Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.
Bir sözlə, bütün bunlar Azərbaycan Prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini priotitet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub saxlanacağını bir daha təsdiq edir.
Qısqanclıqla qarşılanan həqiqətlər…
Göründüyü kimi, bütün çətinliklərə baxmayaraq, məhz ölkə Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilir. Belə ki, iqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Amma buna baxmayaraq bəzi daxili siyasi qruplar və xarici dairələr, onlara qulluq edən mətbuat əsassız, qərəzli şəkildə həyata keçirilən siyasəti ləkələməyə, onun əhəmiyyətini azaltmağa çalışır. Bu mənada bir sıra müxalifət funksionerləri koronavirusla bağlı aparılan uğurlu addımları öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün müəyyən cəhdlər göstərsələr də xalq öz Prezidentinə inanır. Çünki ölkə Prezidentinin apardığı uğurlu islahatlar ölkəmizin inkişafına, vətəndaşların rifah halının yaxşılaşdırılmasına hesablanmışdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB