Şəhərsalma və tikinti ilə bağlı qanuna dəyişiklik edildi

Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda, eyni zamanda layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda və tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda yol verilir.

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair müddəa Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi gündən 7 il sonra tətbiq edilməli idi.

Son illər tikinti layihələrinin həyata keçirilməsi üçün əsas olan şəhərsalma sənədlərinin (müfəssəl planların, ərazinin planlaşdırılması sənədlərinin, baş planların) hazırlanması istiqamətində ciddi işlər həyata keçirilsə də, müəyyən olunmuş müddət ərzində həmin sənədlərin və planların təsdiqi bir sıra şəhər və ərazilər üzrə başa çatıb. Bu səbəbdən də müxtəlif vaxtlarda Məcəllənin həmin maddəsinin tətbiqi müddəti uzadılıb. Hazırda həmin müddəanın (Məcəllənin 1 yanvar 2013-cü ildən qüvvədə olduğunu nəzərə alaraq) tətbiqinin daha bir 1 müddətinə uzadılmasına ehtiyac yarandığından qanuna müvafiq dəyişiklik təklif olunur. Beləliklə, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair müddəa Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi gündən 8 il sonra tətbiq ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsə çıxarılaraq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə