"Hazırda neft bazarını sakitləşdirməyə yönəlmiş addımlar nəzərə çarpır. Ancaq bu nə dərəcədə uğurlu olacaq və hansı dərəcədə effekt verəcək məlum deyil. Lakin neft qiymətlərinin stabilləşməsi üçün bir neçə ay vaxt sərf edilməli olacaq". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft üzrə ekspert İlham Şaban OPEK+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı qərarın qəbul edilməmə səbəblərini şərh edərəkn deyib.
Ekspert OPEK+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı qərarın qəbul edilmədiyini və bunun özünü neft qiymətlərində ani olaraq biruzə verdiyini vurğulayıb: "OPEK+ təklif etmişdi ki, ilin sonuna qədər, yəni aprelin 1-dən 2020-ci ilin sonuna qədər hasilat gündəlik olaraq 1,5 milyon barel azaldılsın. Lakin bu qəbul edilmədi. Nətticədə, neftin qiyməti 1-ci gün 10 faiz, sonrakı gün isə daha 30 faiz dəyərsizləşdi.
Rusiya mətbuatı yazır ki, Qazaxıstan da Rusiya ilə bu qərarda eyni mövqedə olub. Azərbaycan tərəfi isə qeyri-müəyyəndir, hələ ki, heç bir açıqlama vermir. Lakin biz OPEK+ çərçivəsində hasilatın azaldılmasına yönəlik qərarları həmişə icra etmişik. Hazırda isə birjalarda qeyri-müəyyənlik hökm sürür. Hələ ki, bilinmir, bundan sonra vəziyyət necə olacaq və hansı istiqamətdə inkişaf edəcək".
İlham Şaban əlavə edib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi və kəskin ucuzlaşması bir səbəb də Səudiyyə Ərəbistanından qaynaqlanır: "Səudiyyə Ərəbistanı bəyan etdi ki, aprelin 1-dən neft hasilatını 10 milyon bareldən də yüksək səviyyəyə qaldıracaq. Bu da neft hasilatının azaldılması ilə bağlı qərara təsir etdi. Lakin, Rusiyanın Energetika naziri bir-neçə saat bundan öncə televiziyada çıxış edərək Rusiyanın OPEK-lə əməkdaşlığını dəyərləndirdi və bəyan etdi ki, Rusiya OPEK-ə qapını bağlayıb birdəfəlik sağollaşmayıb, o, enerji xartiyası çərçivəsində əməkdaşlığı davam etdirə bilər. Həmçinin, bazarda ümumi qiymətlərin stabilləşdirilməsi yönümündə addımlar ata bilər. Yəni, hiss olunur ki, bazarı sakitləşdirməyə cəhdlər edilir. Bununla bağlı Aleksandr Novak da deyib ki, bazarda neft qiymətlərinin stabilləşməsi üçün bir neçə ay vaxt sərf etməli olacağıq".
Ekspert qeyd edib ki, növbəti OPEK+ çərçivəsində Texniki Komitənin iclası mart ayının 18-nə təyin olunub və bu monitorinq karakterli bir iclasdır, orada yalnız tövsiyələr veriləcək, yəni hasilatın azaldılması ilə bağlı heç bir təklifə baxılmayacaq".
İlham Şaban neft qiymətinin ucuzlaşması ilə bağlı Azərbaycanda da müəyyən tədbirlərin görüləcəyini bildirib: "Azərbaycanda neft hasilatının cari il üçün azaldılması planlaşdırılır. Necə ki, ötən il neft hasilatımız 1,3 milyon ton azalmışdı, cari ildə də daha çox azalma müşahidə ediləcək. Çünki bizim neft yataqlarımız qocalıq dövrünü yaşayır və bu halda azaldılma labüddür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB