“Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” Respublika müşavirəsi

Saatlı rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, Saatlı Mədəniyyət Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər heyəti, rayon icra hakimiyyətinin məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının üzvləri, pambıqçılıqla məşğul olan 250-dən çox fermer, eləcə də pambıq emalı müəssisələrinin nümayəndələri iştirak ediblər.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. İcra hakimiyyətinin başçısı Saatlının kənd təsərrüfatı istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, dövlətimizin başçısı tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: “Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,5 faiz artıb”.

Aqrar sahənin ən mühüm istiqamətlərindən birinin pambıqçılıq sahəsi olduğunu deyən İnam Kərimov əlavə edib ki, bu sahə məşğulluğun təmin edilməsi, ixrac potensialının və fermerlərin gəlirlərinin artırılmasında vacib rol oynayır. Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi Dövlət Proqramının, qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə pambıqçılığın sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib: “Ötən ili pambıqçılıq sahəsində sürətli inkişaf ili hesab etmək olar. Ötən il pambıq əkilən sahələr 32,5 min hektar azalsa da, məhsuldarlıq 2018-ci ilə nisbətən 61 min ton daha çox olub. Ötən il pambıqçılıqda hər hektardan orta məhsuldarlıq 29,5 sentner təşkil edib ki, bu da 2018-ci illə müqayisədə hektardan 11,9 sentner artım deməkdir. Ölkə rəhbərliyi tərəfindən bizim qarşımızda qabaqcıl təcrübə və mütərəqqi texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılmasına nail olmaqla bağlı mühüm vəzifələr qoyulub”.

Nazir çıxışında Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, bu sahədə istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib.

Nazir İnam Kərimov 2019-cu ilin dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə dövlət başçısı tərəfindən qarşıya mühüm vəzifələrin qoyulduğunu vurğulayıb. Kənd Təsərrüfatı naziri pambıqçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Pambıqçılığın inkişafı ilə bağlı 2020-ci təsərrüfat ilində qarşıda duran vəzifələr”, Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyev “2020-ci təsərrüfat ilində suvarmaya hazırlıq işinin vəziyyəti”, “MKT İK” MMC-nin direktoru Rövşən Həsənov, “Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalov, “P-Agro” MMC-nin direktoru Azər Əlizadə, Saatlı rayonundan pambıqçı fermer Nizami Məmmədov, Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının sədri İbrahim Məmmədov məruzə ilə çıxış ediblər.

Müşavirədə pambıqçılığın perspektivləri ilə bağlı müzakirələr aparılıb, qabaqcıl fermerlərin və dövlətlərin təcrübələrinin, eləcə də intensiv texnologiyaların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Fermerlərlə aktiv dialoq formatında keçirilən görüş üç saata yaxın davam edib. Müşavirə iştirakçıları “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər. Görüşdə suvarma suyunun çatışmazlığı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika təminatı, aqrar sahənin kreditləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermerləri maraqlandırılan suallar nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...