İcbari sığorta və cərimə tətbiqi TƏHLİL

Heç bir ölkə, heç bir cəmiyyət və eyni zamanda heç bir şəxs təbii fəlakətlərin olmayacağına və yaxud bu fəlakətlərin acı nəticələrinin yan keçəcəyinə əmin ola bilməz. Ölkə daxilində belə son illərdə biz bunun müxtəlif bölgələrdə də, paytaxt Bakıda da şahidi olduq. İstər rayonlarda olan zəlzələlər, istərsə də paytaxtda baş verən yanğın hadisələri təsdiq etdi ki, fövqəladə hadisələr hər an baş verə bilər və heç kimin sığortalanmadığı bu hadisələrdən sözün əsl mənasında sığortalanmaq vacib məsələdir. Bu sığortalanmanın vacibliyini hər kəs dərk etməli və məhz bu mənada da sığortalanma könüllü şəkildə reallaşdırılmalıdır. Bir sözlə, istər müəssisə və təşkilatlar, yəni hüquqi şəxslər, istərsə də vətəndaşlar, yəni fiziki şəxslər özlərinə məxsus olan mülkiyyəti öz istəkləri ilə, könüllü şəkildə sığortalamağa maraqlı olmalıdırlar.

Doğrudur, sığortalanmanın nəyə görə vacib olması barədə maarifləndirmə bu gün öz aktuallığını qoruyur və öz əmlaklarını sığorta etdirməyin ən vacib məsələ olması barədə vətəndaşlar məlumatlandırılmalıdırlar. Bu barədə ölkə başçısı keçirdiyi müşaavirədə də vurğulayıb və qeyd edib ki, vətəndaşlar evlərinin, əmlaklarının sığortalanmalı olduğunu bilməlidirlər. Cənab Prezidentin dediyi kimi, həqiqətən də vətəndaşlar bilməlidirlər ki, öz əmlaklarını sığortalamaqla hər kəs hərhansı bir təbii fəlakətdən, fövqəladə hadisədən malını və mülkünü qorumuş olur. Çünki, sığorta şirkətləri belə arzuolunmaz hadisələr samanı mülkiyyətini sığorta edən zərərçəkənlərin maddi ziyanını qarşılayırlar.
Dünya təcrübəsinə müraciət etsək belə görərik ki, insanlar öz mülklərini sığortalamaqla dəymiş maddi ziyanı sığorta şirkətlərindən tələb edə bilirlər və məhz bu səbəbdən heç bir risklə qarşılaşa bilməyəcəklərinə əmindirlər. İnkişaf etmiş ölkələrdə hərhansı ticarət obyektində, hansısa müəssisədə məsələn, yanğın baş verdikdə, maliyyə məsuliyyətini sığorta şirkətləri daşıyır, çünki mülkiyyət qabaqcadan sığortalandığı üçün kompensasiya ödənişinə cabahdehlik məhz həmin şirkətlərin üzərinə düşür. Təbii fəlakətlər nəticəsində şəxsi evlərə, malikanələrə, daşınan və ya daşınmaz əmlaka ziyan dəydiyi təqdirdə, yalnız sığortaçılar köməyə gəlir və onlara maliyyə yardımı edilir. Elə bu səbəbdən də həmin ölkələrdə dövlət bizdə olduğu kimi əlavə qayğı ilə qayğılanmır və əlavə vəsaitlərin izafi olaraq xərclənməsi kimi yükdən də azaddır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda olduğu kimi heç bir ölkədə vətəndaşa dəymiş maddi ziyan dövlət tərəfindən qarşılanmır. Yəni, təbii fəlakətlər və fövqəladə hadisələr zamanı zərər çəkən vətəndaşlara yardım edən Azərbaycan kimi ikinci bir ölkə yoxdur. Hər bir ölkədə dövlət vətəndaşa xidmət edirsə də, heç bir ölkədə dövlət Azərbaycandakı qədər yüklənməyib. Səbəb isə vətəndaşlarımızın öz əmlaklarını sığortalamamasıdır və məhz bu səbəbdən vətəndaşlar da bilməlidirlər ki, dövlət özü də bu məsələdə maraqlıdır. Əks halda, bu ildən etibarən daşınmaz əmlakın icbarı sığortası üzrə cərimənin tətbiqi nəzərdə tutulmazdı. Xatırladaq ki, İnzibati Xətlar Məcəlləsinin 469.1-ci bəndində daşınmaz əmlakını icbarı sığortalamaqdan yayındırdığına görə fiziki şəxslərin 30 manat, vəzifəli şəxslərin 80 manat, hüquqi şəxslərin isə 200 manat cərimə ödəməli olduqları qeyd olunur. Bir sözlə, mülkiyyətin sığortalanması icbari xarakter daşıyır və vətəndaşlar bu məsələdə qanun qarşısında cavabdehdirlər.
Məsələ burasındadır ki, əmlakın sığorta olunması, sığortalanmadan yayınanların cərimələnməsi vacib məsələ olsa da bu sahədə boşluqların olduğu da günümüzün reallığıdır. Əbəs yerə deyil ki, daşınmaz əmlakın icbari sığortaya görə inzibati qaydada məsuliyyət məsələsi 2011-ci ildə qəbul olunduğu halda bu vaxta qədər, yəni ötən 9 il ərzində bircə dənə də cərimə tətbiq olunmayıb. Çünki, qeyd olunan boşluqlar bu cəza mexanizminin tətbiqinə maneələr yaradır. Bu sahədə uyğun və müvafiq mexanizm olmayıb və etiraf etmək lazımdır ki, heç hazırda da yoxdur. Bunun isə bir-birindən fərqli müxtəlif səbəbləri var və bu səbəblər cəza mexanizminin, cərimələrin tətbiqini, nəticədə isə sığortalanmanın icbari qaydada təşkilini əngəlləyir.
Əvvəla, qeyd etmək lazımdır ki, heç də bütün daşınmaz əmlakların kupça deyilən çıxarışları yoxdur. Deməli, cəza mexanizmi tətbiq ediləcəyi təqdirdə heç də hər bir mülk sahibinə əmlakını sığortalamadığına görə cərimə tətbiqi şəklində cəza veriləcəyini söyləmək olmaz. Bir sözlə, cəza mexanizmi işləsə də belə, vətəndaşlara bərabər tətbiq edilməyəcək.
Digər tərəfdən, vətəndaşların paytaxt Bakıda 50 manat ödəməklə daşınmaz əmlaklarını 25 min manat dəyərində, Sumqayıt, Gəncə və Naxçıvanda 40 manat ödəyərək əmlakını 20 min manat dəyərində, digər yerlərdə isə 30 manat ödəyərək, əmlakını 15 min manat dəyərində sığortalaması özü də düzgün yanaşma deyil. İstər paytaxtda, istərsə də bölgələrdə olan mənzillərin heç də hamısı eyni mənzillər deyil və bir-birindən yaşayış sahəsinə, mərtəbəsinə, yerləşməsinə və ən vacib olan qiymətinə görə fərqlənirlər. Bəzilərində bu fərq hətta kəskin şəkildədir. Axı belə olan halda paytaxtdakı bütün mənzillərə görə 50 manat, bölgələrdə isə 40 və yaxud 30 manat olmaqla eyni məbləğdə sığorta ödənişi hansı məntiqə əsaslanır? Nəzərə alsaq ki, daşınan əmlak kimi avtomobillərin belə sığortası zamanı mühərrikin həcmi nəzərə alınır və bu da sığortalanma zamanı qiymətə əhəmiyyətli dərəcədə təsir edir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, avtomobillərin mühərriklərinin həcmi fərqli olduğu kimi, mənzillərin də yaşayış sahəsi bir-birindən fərlənə bilir və bu baxımdan qiymət tətbiqi də fərqli olmalıdır. Hətta onu da nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın mənzillərin avtomobillərdən daha çox fərqli tərəfləri var. Deməli, yanaşma daha həssas olmalı və fərqli şəkildə tətbiq edilməlidir.
Etiraf etmək lazımdır ki, vətəndaşların sığortalanmaya marağının, hətta məlumatının belə aşağı olması ilə yanaşı sığorta fəaliyyəti, sığorta işi də ölkəmizdə çox zəif qurulub. Oncə misal çəkdiyimiz inkişaf etmiş ölkələrdə sığorta işi bir biznes, özü də gəlirli bir biznes fəaliyyəti kimi öndə olduğu halda, ölkəmizdə isə onlarla müqaisədə yox dərəcəsindədir. Ən azından bu fəaliyyət sahəsində axsamaları etiraf etmək lazımdır. Əks halda, bu gün icbari sığortanın tətbiqi ilə, eyni zamanda bu icbari sığortadan yayınanlara cərimələrin tətbiqi ilə əlaqədar müəyyən olunmuş cəza mexanizmini işə salmaqda çətinliklər və maneələr ortaya çıxmazdı.
Belə məlum olur ki, birinci növbədə ölkədə sığorta fəlaiyyətini inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaq görüləcək işlər sırasında ən vacibidir. Bunun üçün həm maarifləndirmə, həm təbliğat və təşviqat işləri aparılmalı, həm də sığorta biznesi fəaliyyətinin hüququ-normativ bazası yaradılmalıdır. Hüquqi-normativ baza yaradılmalıdır ki, bu fəaliyyət inkişaf etsin, həmçinin tələblərə də cavab versin və vətəndaşların da, dövlətin də sığorta şirkətlərinə inamı, etibarı artsın. Məhz sığorta fəliyyətinin mükəmməl qurulması nəticəsində əvvəla sığortalanma məsələsi məntiqi şəkildə təşkil edilə bilər, daşınmaz əmlak sığortası müəyyən edilmiş hüquqi-normativ qaydalara əsasən diferensiallaşdırılar . Nəticədə isə həm vətəndaş məmnunluğu artar, həm də dövlət bu vaxta qədərki əlavə qayğı ilə qayğılanmaz, əlavə vəsaitlərin izafi olaraq xərclənməsi kimi yüklənməz. Bu isə öz növbəsində dövlət büdcəsinin daha da artmasına, sosial rifahın daha da yaxşılaşmasına öz töhfələrini çox gözlətməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...