"Təxminən 30 cilddən ibarət məcmuə nəşri ilə bu prosesə son veriləcək"

"Bütün dünyada siyahıyaalma BMT-nin elan etdiyi raund əsasında həyata keçirilir. Siyahıyaalmadan əhalinin müəyyən faizinin kənarda qalması ola bilər. Amma son vaxtlar tətbiq olunan texnologiyalar əsasında ənənəvi üsulları ilə yanaşı, inzibati məlumat mənbələrindən istifadə yolu ilə də siyahıyaalma həyata keçirilir". SİA xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda bu siyahıyaalma zamanı ilk dəfə olaraq təsərrüfat başına uçot kitablarından da istifadə həyata keçirilib. "İlin sonuna qədər siyahıyaalmadan kənarda qalan şəxslərin müraciətləri əsasında siyahıyaalınmasını təmin etdik. 51 nəfər operator müvəqqəti müddətli müqavilə əsasında işə cəlb olunub. Hazırda da həmin operatorlar tərəfindən siyahıyaalma materiallarının məlumat bazasına daxil edilməsi prosesi həyata keçirilir. Bu ilin sonunadək bu proses başa çatdırılacaq", deyə komitə sədri bildirib.

T.Budaqov qeyd edib ki, ondan sonra isə proqram əsasında müxtəlif parametrlər üzrə çıxış cədvəllərinin alınmasına başlanılacaq və bu proses də bir il davam edəcək. "Yekun olaraq siyahıyaalmanın nəticələrini əks etdirən təxminən 30 cilddən ibarət məcmuə nəşri ilə bu prosesə son veriləcək", deyə Tahir Budaqov diqqətə çatdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə