Gömrük sistemində islahatlar, perspektivlər və “Yaşıl dəhliz” sisteminin üstünlükləri

Gömrük sistemində islahatlar, perspektivlər və “Yaşıl dəhliz” sisteminin üstünlükləri

Dünyada iqtisadi böhran müşahidə olunduğu bir zamanda Azərbaycanda neft sektoru ilə yanaşı qeyri-neft sektoru da inkişafdadır və bu inkişafı şərtləndirən iqtisadi təhlükəsizliyin təmin olunması, eləcə də sahibkarlıq mühitinin yaxşılaşdırılmasında gömrük xidmətinin rolu, fəaliyyəti danılmazdır. Son illərdə, bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan mütərəqqi islahatlar ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırıb və bu islahatlar bu gün əldə edilən nailiyyətlərlə yanaşı, gələcək uğurlara və perspektivlərə də böyük zəmin yaradır.

Azərbaycan müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi bir coğrafiyaya malikdir ki, tarixən ölkəmiz Şimalla Cənub, Qərblə Şərq arasında körpü rolunu oynayıb. Tarixi İpək Yolunun Azərbaycan ərazisindən keçməsi dünya ticarəti ilə intensiv şəkildə əlaqə yaradılmasına hər zaman geniş imkanlar açıb və məhz bu baxımdan, gömrük işinin formalaşmasına tələbləri artırıb. Bunun nəticəsi olaraq ölkəmizdə Avropa standartlarından da üstün standartlara uyğun maddi-texniki bazaya, normativ-hüquqi bazaya, ən müasir infrastruktura və informasiya-kommunikasiya texnologiyalarına malik Azərbaycan gömrüyü formalaşıb ki, bunun sayəsində də, ölkəmizin gömrük xidməti özünün beynəlxalq əlaqələrini daim genişləndirir və beləliklə də, gələcək perspektivlərə ümidəri daha da artırır.

Ulu Öndər Heydər Əliyevin 1995-ci ilin yanvarında Dövlət Gömrük Komitəsinin fəaliyyətini geniş müzakirəyə çıxarması, tövsiyələri, göstərişləri, rəhbərliyi və qayğısı ilə ölkəmizdə gömrük sistemi yenidən quruldu, normativ-hüquqi bazanın formalaşmasında mühüm addımlar atılmağa başlanıldı və inkişafının əsas istiqamətləri müəyyən edildi. Davamlı şəkildə həyata keçirilən islahatlar isə, öz növbəsində təsdiq edir ki, Ümummilli Liderin müəyyənləşdirdiyi Azərbaycan Gömrük Xidmətinin fəaliyyəti və strategiyası bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şəffaflığın tam təmin olunması, korrupsiyanın tamamilə aradan qaldırılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, beynəlxalq ticarətin sadə və asan şəkildə reallaşdırılması dövlət siyasətinin əsasını təşkil edir və Cənab Prezident İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu tapşırıqlar da, məhz bu siyasətin həyata keçirilməsini şərtləndirir. Ölkə başçısının tapşırığı ilə gömrük qanunvericiliyi günü-gündən təkmilləşdirilir və məhz bu təkmilləşdirmənin məntiqi nəticəsi olaraq, prosedurlarının asanlaşdırılması, vaxt itkisinin aradan qaldırılması istiqamətində uğurlu nəticələr əldə edilir, fasiləsiz iş rejiminin tətbiqi kimi bir sıra addımlar atılır. İranla sərhəddə yerləşən Astara, Biləsuvar və Culfa gömrük sərhəd-buraxılış məntəqələrinin 24 saatlıq iş rejimində fəaliyyətə başlaması bu tədbirlərin bariz nümunəsi və məntiqi nəticəsidir ki, bu da ticarətin daha surətli dövriyyəsi, inkişafı, Şimal-Cənub tranzit dəhlizinin sutka ərzində fasiləsiz fəaliyyəti, sıxlığın aradan qaldırılması və vətəndaş məmnunluğu deməkdir.
Gömrük xidmətində islahatlar heç də yekunlaşmayıb və bu islahatların davamı fiskal siyasətin təkmilləşdirilməsində, nəzarət sisteminin və sərhədkeçmə prosedurlarının sadələşdirilməsində, sürətləndirilməsində, elektron xidmətlərin sayının artırılmasında, tələb olunan sənədlərin minimuma endirilməsində və ən vacibi, şəffaflığın təmin olunması istiqamətində özünü büruzə verir. 2016-cı və 2017-ci illər ərzində cəmi 35 min manat rüsum yığıldığı halda, artıq gömrük sistemində ödənişlərin 100 faiz elektron qaydada aparılması sayəsində təkcə 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu toplanılması ilə nəticələnib ki, bu da elektron texnologiyanın uğurlu olduğunu isbatlayır və müsbət dinamika gələcək perspektivlərdən xəbər verir.

Sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətini daha da artırmaq məqsədilə gerçəkləşdirilən yeni layihələr, xüsusilə, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi gömrük işinin gələcək perspektivləri barədə nikbin proqnozlar müjdələyir. Qeyd edək ki, "Yaşıl dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğunlaşdırmaq və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir. Bu, həm də o deməkdir ki, idxalın və ixracatın önündə "Yaşıl dəhliz" açılır.

Dövlət başçısının təsdiq etdiyi "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası" ticarət sahəsində yeni innovativ vasitələrin tətbiqini nəzərdə tutur. Yeni qaydalara əsasən, sahibkarlar 2019-cu il fevralın 1-dən "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə gömrük orqanına getmədən, gömrük əməkdaşı ilə təmasda olmadan, qısa idxal bəyannaməsini əvvəlcədən elektron qaydada göndərməklə, malların yükləmə və gömrük rəsmiləşdirməsi proseslərini keçir, nəqliyyat vasitələrini gömrük təminatının tanınma nişanları, plomblarla təmin edərək istənilən gömrük-sərhəd buraxılış məntəqəsindən ixrac əməliyyatını aparırlar. Bu, idxal-ixrac əməliyyatlarında ticarətin asanlaşdırılması, vaxt məhdudiyyətinin aradan qaldırılması, logistik xidmətlərə çəkilən xərclərin ləğvi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması, maliyyə intizamının gücləndirilməsi və sahibkarlarda könüllülüyün formalaşması deməkdir.

“Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə idxal zamanı mallar gömrük sərhədd-keçid məntəqəsinə daxil olmadan bir saat öncə, verilən qısa idxal bəyannaməsi hesabına ilk nəqliyyat vasitəsi sərhəddə bir neçə dəqiqəlik qeydiyyat işlərindən sonra birbaşa sahibkarın anbarına yönləndirilir, və gömrük məmurunun iştirakı olmadan boşaldılır. İxracda isə sahibkar bir saat öncə, gömrük orqanına elektron qaydada bəyannamə göndərərək malları birbaşa anbarında, gömrük əməkdaşının iştirakı olmadan nəqliyyat vasitəsinə yükləyərək möhür vurur, və istədiyi gömrük sərhəd-keçid məntəqəsini seçərək göndərə bilir. Üstəlik, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edən xarici ticarət iştirakçıları gömrük orqanına getmədən internetə çıxışı olan istənilən məkandan qısa vaxt sərf edərək bu əməliyyatları yerinə yetirə bilərlər.

Artıq 505 hüquqi şəxs bu sistemdən istifadə hüququ əldə edib. Ümumilikdə, idxal əməliyyatlarının 25, ixrac əməliyyatlarının 27 faizi, ticarət dövriyyəsinin isə 8 milyard dolları “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür. Əvvəllər gömrük sərhəd-buraxılış məntəqəsindən gün ərzində 250 yük nəqliyyat vasitəsi keçirdisə, “Yaşıl dəhliz”in, eləcə də ən müasir texniki vasitələrin tətbiqi ilə qısa vaxt ərzində sürətli keçidin təminatı sayəsində hazırda bu rəqəm 600-ə çatdırılıb ki, bu da beynəlxalq ticarətin və tranzit əməliyyatlarının sürətləndirilməsi üçün mühüm amildir.

Cari ildə Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatının dünyanın ən inkişaf etmiş 53 ölkəsini özündə birləşdirən Avropa regionuna 2 il müddətinə rəhbər seçilməsi də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların uğurla icrasının nəticəsidir.

Müraciətimiz əsasında Gömrük Komitəsi bizə “Yaşıl dəhliz” barədə reportaj hazırlamaq üçün şərait yaratdı və xidmətin Samur keçid məntəqəsində bunun əyani şahidi olduq. Şahidi olduq ki, həqiqətən də, əvvəlcədən mallarını bəyan edən sahibkarlar sürətli keçiddən yararlanır və əlbəttə ki, bu əlverişli şərait də, ilk növbədə sahibkar məmnuniyyəti üçün vacib amildir. Samur keçid məntəqəsində olduğumuz zaman müasir standartlara cavab verən, ən müasir infrastruktura və informasiya-kommunikasiya texnologiyalarına malik gömrük işinin formalaşdığına əminliyimiz daha da artdı. Artıq gömrük sistemində ödənişlərin elektron qaydada aparıldığının, həmçinin bu qaydanın tətbiqi ilə müsbət dinamikanın və əhəmiyyətli artımın statistik göstəricilərdə də öz əksini tapdığının şahidi olduq.

Şimal Ərazi Baş Gömrük İdarəsi Samur Postunun rəisi Eyvaz Əliyev bizimlə söhbətində nəzərə çatdırdı ki, əslində, “Yaşıl dəhliz” sistemi keçid üçün ən əlverişli şərait deməkdir.

“Son dövrlərdə ölkə başçısının apardığı islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı ixrac potensialını gözlə görülən şəkildə artırmışdır. Bu islahatlar gömrük sistemindən də yan keçməmişdir. Bildiyimiz kimi, 2019-cu ilin fevral ayından qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılması məqsədi ilə “Yaşıl dəhliz” buraxılış sistemi tətbiq edilməyə başlamışdır. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş sahibkarlar gömrük xidmətində müəyyən üstünlüklər əldə edirlər. Onlar öz olduqları yerdən, öz ofislərindən gömrük orqanlarına getmədən öz mallarını əvvəlcədən bəyan edərək Gömrük sərhədd-buraxılış məntəqələrindən minimum yoxlamalar həyata keçirilməklə daha sürətli keçid əldə edirlər. İdxal mallarına münasibətdə, sahibkarlar birbaşa gətirilən malları öz anbarlarında boşalda bilir, ixracda isə öz anbarlarından malların ixracını təmin edə bilirlər. Bu, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə sahibkarlar üçün əlverişli biznes mühiti yaradılmış və bunun nəticəsi olaraq sahibkar məmnuniyyəti artırılmışdır”, deyə Eyvaz Əliyev bildirdi.

"Yaşıl dəhliz" buraxılış sistemi kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan sahibkarlar üçün daha mühüm əhəmiyyət kəsb edir. Belə ki, sistem aqrar malların ixracının artmasına stimul yaradır. Bu isə, öz növbəsində xarici bazarlarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətini artırır. Ölkəmizin hazırda Şimal-Cənub, Şərq-Qərb tranzitinin mühüm hissəsinə çevrilməkdə olduğu məqamda "Yaşıl dəhliz"in mühüm geosiyasi, geoiqtisadi əhəmiyyəti danılmazdır və "Yaşıl dəhliz" sisteminin tətbiqi ilə Azərbaycan Avropa və Asiya arasında regional tranzit qovşağını tamamlamış olur.

QEYD: Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə